Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-455/2024 16.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasına sədrlik edən: Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızı, Məhkəmə iclas katibi: X7 oğlu, İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Biləsuvar rayonunun, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Beyləqan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(020)-1080/2022 saylı qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 04 iyul 2022-ci il tarixdən başlayaraq, Şəxs 14 oktyabr 2007-ci il tarixdə anadan olmuş X5 və 14 sentyabr 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti uşağın anası Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 borclu Şəxs Beyləqan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(020)-1080/2022 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində 16 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, icra sənədi icraata 11 oktyabr 2022-ci il tarixdə daxil olduqdan sonra borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilsə də, həmin şəxs icra sənədini icra etməmişdir. Sonradan Şəxs Azərbaycan Respublikası ərazisində olmadığı və Rusiya Federasiyasına getdiyi icra məmuruna məlum olmuş və o, borclunun axtarışı barədə qərar qəbul etmişdir. Borclu 2024-cü ilin aprel ayında Azərbaycan Respublikasına qayıtdığına görə E.Nəsirov həmin şəxsi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək, izahatını almışdır. İzahatında Şəxs mütəmadi olaraq hər ay tələbkarın anasına poçt vasitəsilə təxminən 300- 500 manat pul göndərdiyini bildirmişdir. Şəxs 940 manat məbləğində alimentin ödənilməsinə dair qəbzlər olduğuna görə E.Nəsirov hesab edir ki, onun tələbkara 5.660 manat məbləğində aliment borcu yaranmışdır. E.Nəsirov borclunun izahatını aldıqdan sonra Beyləqan rayonunda yaşayan Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış və o Şəxs müxtəlif məbləğlərdə pul göndərdiyini təsdiq etmişdir. Lakin Zərərçəkmiş şəxs həmin pul vəsaitlərini aliment borcunun ödəməsi kimi qəbul etməmişdir. Bundan sonra icra məmuru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol tərtib etdikdən sonra tələbkar icra məmuru ilə əlaqə saxlayaraq, borclu ilə aralarında razılıq əldə etdiyini və aliment borcunun ödəməsi üçün 3 ay vaxt verdiyini bildirərək, həmin razılıq ərizəsinin surətini E.Nəsirova göndərmişdir. İcra məmuru artıq borclu barədə inzibati xəta haqqında protokol tərtib etdiyinə və həmin protokolu geri qaytarmaq səlahiyyəti olmadığına görə məhkəməyə göndərmişdir. E.F.Nəsirov borclu barəsində tətbiq ediləcək inzibati xətanın növünü məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, Rusiya Federasiyasında olduğu üçün tələbin könüllü icrası barədə məlumatı olmamışdır. Lakin bu gün, yəni 16 may 2024-cü il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə icra məmurunun dəvəti əsasında gəldikdən sonra E.F.Nəsirov ona 11 oktyabr 2022-ci il tarixli həmin bildirişi təqdim etmiş və imzalatdırmışdır. Borclu icra məmurunun məhkəməyə bildirdiklərini təsdiq etdi və həmçinin əlavə etdi ki, bundan sonra da uşaqlarının saxlanması üçün aliment ödəyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(020)-1080/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 11 oktyabr 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclunun ünvanına göndərilməsi üçün bildiriş tərtib olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə edilmiş sorğu üzrə sərhədkeçmə barədə portaldan çıxarışdan görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasının Sant-Peterburq şəhəri istiqamətində çıxış etmiş və 16 aprel 2024-cü il tarixdə həmin istiqamətdən Azərbaycan Respublikasına giriş etmişdir. Həmçinin inzibati xəta haqqında iş materiallarında olan 16 may 2024-cü il tarixli ərizənin surətindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ilə borclu Şəxs arasında sonuncunun yaranmış aliment borcunu 3 ay ərzində tam ödəməsi şərti ilə razılıq əldə edilmişdir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin bildirişdə Şəxs tərəfindən “Qəbul etdim.” sözləri yazılmaqla, imza edilərək 16 may 2024-cü il tarixi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(020)-1080/2022 saylı icra sənədini tam icra etməmiş borclu Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(020)- 1080/2022 saylı icra sənədi üzrə borclu Şəxs həmin icra sənədinin icra məmurunun icraatına qəbul edildiyi vaxt Azərbaycan Respublikasının ərazisində olmamış və yalnız 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan sonra isə E.F.Nəsirov tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirlərin həyata keçirməsi işdə olan sübutlarla təsdiq olunmur. Həmçinin, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəmə iclasında da borclu Şəxs 11 oktyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi, bu gün, yəni 16 may 2024-cü il tarixdə təqdim etdiyini və borluya həmin sənədi imza etdirdiyini etiraf etmişdir. Bundan başqa, tələbkar və borclu tələbin könüllü şəkildə icra edilməsi məqsədi ilə öz aralarında razılığa gəlmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin hakimi M.C.Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-455/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-455/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver