Məhkəmə qərarları › İş №3(022)-459/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-459/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-459/2024 30.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin dövlət avtomobil müfəttişi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxx 1960-cı il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bəydili kəndi, M.Fizuli küçəsində yerləşən 11 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 18:15-də Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsində özünəməxsus 80 (səksən) baş xırda buynuzlu heyvanlarını qadağan olunmuş saatda, magistral yola çıxarması və nəzarətsiz qoyması nəticəsində həmin heyvanlar otlaq sahəsindən qayıdarkən həmin yolla hərəkətdə olan “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə nəqliyyat vasitəsinin ön sol fara və ön barmaqlıq hissələri əzildiyinə görə Şəxs tərəfindən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Buna görə də Biləsuvar Rayon Polis X6 Polis Bölməsinin Baş Dövlət avtomobil müfəttişi X3 tərəfindən 20 noyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İntibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin dövlət avtomobil müfəttişi X3 bildirdi ki, Biləsuvar rayon Polis Şöbəsinin dövlət yol polis bölməsinə 19 noyabr 2023-cü il tarixdə, saat 18:15-də Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsində “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mal-qara ilə toqquşması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında hadisə yerinə baxış keçirilmiş və qəza nəticəsində Şəxs məxsus bir neçə baş xırdabuynuzlu heyvanın tələf olduğu məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, o özünə məxsus olan mal-qaranı magistral yola çıxarmış və heyvanların nəzarətsiz qalması nəticəsində həmin heyvanlar Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışlar. Həmin qəza nəticəsində isə “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol fara və ön barmaqlıq hissələri əzilmiş və bununla da Zərərçəkmiş şəxs maddi cəhətdən ziyan dəymişdir. Buna görə də onun tərəfindən 08 dekabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etsə də, inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun müddətdir ki, özünəməxsus mal-qaranı Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsinin kənarında yerləşən sahədə otarır. Həmin yol magistral deyil, yaşayış zonasından keçməklə, Biləsuvar rayonundan Bakı və Lənkəran şəhərləri arasında inşa edilmiş magistral yoluna birləşir. O, 19 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində də həmişə etdiyi kimi həmin ərazidə öz heyvanlarını otarmışdır. Lakin heyvanları yolun digər hissəsinə keçirtmək istədiyi vaxt “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşın digər nəqliyyat vasitələrinə qarşı ötmə əməliyyatı edərək, sürətlə onun üzərinə gəlmişdir. Şəxs həmin vaxt qarşısındakı qoyunu tez geri qaytarmış və canını qurtarmaq üçün özünü yolun qoyunlar olan hissəsinə atmışdır. Həmin avtomobilin sürcüsü isə nəqliyyat vasitəsini saxlamayaraq, ona məxsus bir baş qoyunu vuraraq, tələf etmişdir. Lakin Biləsuvar Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə, Biləsuvar Rayon Polis X2 Məcəlləsinin 338.7-ci maddəsi ilə onun haqqında tərtib etdiyi protokol əsasında 100 manat cərimə nəzərdə tutan inzibati tənbeh tətbiq edilib. O, həmin qərarı əsassız hesab edir. Belə ki, həmin qərarda onun səksən baş xırda buynuzlu heyvanlarını qadağan olunmuş saatda magistral yola çıxardığı və nəzarətsiz qoyduğu qeyd edilmişdir. Lakin həmin ərazidəki kameralar hadisə baş verdiyi vaxt onun orada nə etdiyini açıq şəkildə qeydə almışdır və həmin ərazidə təxminən 4-5 ədəd kamera var. Qəza baş verən yol magistral deyil, bir tərəfi yaşayış zonası, digər tərəfi isə əkin sahəsidir. Bu da o deməkdir ki, ya yolun kənarındakı evlərdən, restorandan insanlar, ya da əkin sahəsindən heyvanlar həmin yolu keçə bilər. Həmçinin həmin yolda “ötmə qadağandır” nişanı vurulub və onun qoyunu keçirdiyi nöqtədən təxminən 15 metr aralıda sürət həddi saatda 50 kilometr kimi müəyyən edilmişdir. Lakin həmin yoldan C.Cabbarlı küçəsinə yol döndüyü və yaşayış zonası olduğu üçün “Yol hərəkəti haqqında” qanunun 45-ci maddəsinin ll yarımbəndinə müvafiq olaraq sürət həddi saatda 20 kilometr olmalıdır. Şəxs həmin qəzanın baş verməsində özünü təqsirli bilməyərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə Şəxs sözlərinə uyğun izahat verərək bildirdi ki, Şəxs onun atasıdır və sonuncu uzun müddətdir ki, özünəməxsus mal-qaranı Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsinin kənarında yerləşən sahədə otarır. Nümayəndə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, 19 noyabr 2023-cü il tarixdə, saat 18:15-də özünəməxsus “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsində hərəkətdə olarkən idarə etdiyi avtomobilin qarşısına bir neçə baş qoyun çıxmış və nəqliyyat vasitəsinin qabaq hissəsinə dəyməklə avtomaşına xeyli zərər vurmuşdur. Ona vurulmuş maddi zərər hal-hazıradək ödənilməmişdir. O, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 noyabr 2023-cü il tarixli, 679 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs hadisə baş verdiyi vaxt sərxoş vəziyyətdə olmamışdır. 19 noyabr 2023-cü il tarixli, 680 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verdiyi vaxt sərxoş vəziyyətdə olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 3(022)-1212/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs Biləsuvar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 30 dekabr 2023cü il tarixli, 3(022)-1212/2023 saylı qərarından verilmiş apellyasiya şikayətindən görünür ki, həmin şikayət baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 mart 20224-cü il tarixli, 3(106)-90/2024 saylı qərardadından görünür ki, Şəxs Biləsuvar Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 3(022)-1212/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi apellyasiya şikayəti apellyasiya şikayəti vermə müddəti ötürüldüyü üçün həmin şikayətin icraata götürülməsindən imtina edilmiş və iş materialları Biləsuvar Rayon Məhkəməsinə geri qaytarılmışdır. Şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə 11 mart 2024-cü il tarixli vəsatətindən görünür ki, Şəxs Biləsuvar Rayon Məhkəməsinə həmin məhkəmənin 30 dekabr 2023-cü il tarixli, 3(022)-1212/2023 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarından görünür ki, Şəxs vəsatəti təmin edilmiş və Biləsuvar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 30 dekabr 2023-cü il tarixli, 3(022)-1212/2023 saylı qərarından apellyasiya şikayəti vermə müddəti bərpa edilərək, həmin apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 15 aprel 20224-cü il tarixli, 3(106)-139/2024 saylı qərarından görünür ki, Şəxs apellyasiya şikayəti qismən edilmiş və Biləsuvar Rayon Məhkəməsinin hakiminin 30 dekabr 2023-cü il tarixli, 3(022)-1212/2023 saylı qərarı ləğv edilərək, həmin iş yenidən baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. «AKAY AUTO» şirkəti tərəfindən verilmiş baxış keçirilməsi haqqında sənəddən görünür ki, “Opel” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1.540 manat dəyərində xərc çəkilməsi (hissələrin dəyişdirilməsi və işlərin görülməsi ilə bağlı) zəruri hesab olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 338.7-ci maddəsinə əsasən mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 2-ci maddəsinə əsasən bu Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. 39-cu maddəsinə əsasən mal-qara ötürənlər: - mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; - sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; - mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. 45-ci maddəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin bu həddə müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Məhkəmənin mövqeyi: İntibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polis bölməsinin dövlət avtomobil müfəttişi X3 izahatına, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” Qərarına əsasən hadisə baş verən yol beton-asfalt örtüklü yerli əhəmiyyətli sahədir. Məhkəmə hesab edir ki, hadisənin baş verdiyi yerdə dövlət tərəfindən quraşdırılmış kamera sistemi olmadığı üçün, protokol tərtib etmiş şəxs tərəfindən, onun səlahiyyətlərinə müvafiq olaraq yol hadisəsinin sxemi tərtib edilmişdir. Müvafiq sxem hadisənin təsvirinin “xəyali sxem”i olduğu üçün formal xətalar, onun düzgün tərtib edilməməsi kimi qiymətləndirilmir. Çünki texniki vasitə olan kamera qurğusunun ölçmə və təsvir dəqiqliyini, insan faktoru tərəfindən tərtib edilən sxemlə müqayisə etmək düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun sahibliyində olan heyvanları yolun digər tərəfinə keçirərkən kifayət qədər ehtiyatlı (heyvanların qarşısını onların hərəkətini məhdudlaşdıracaq həcmdə vasitə tətbiq etməmişdir) davranmamış, nəticədə yol-nəqliyyat hadisəsinin qarşısının alınması və onun ağırlıq dərəcəsinin aşağı salınması üçün zəruri tədbirlər görməmişdir. Həmçinin hadisənin baş verdiyi yerdə ötmə əməliyyatını qadağan edən işarənin olmaması, eləcə də surət həddinin saatda 50 kilometr saat müəyyən edilməsi, heç də o demək deyil ki, sürücü bütün gözlənilməz maneələrə (havanın qaranlıq olması, məhdudiyyətli görünmə şəraiti ) hazırlıqsız olmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə müvafiq olaraq yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi 19 noyabr 2023-cü il tarixdə baş vermiş və həmin qəzadan 6 aydan artıq müddət keçdiyi üçün inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 12, 38, 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar