Məhkəmə qərarları › İş №3(022)-48/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-48/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-48/2024 12.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra - İXM-in) 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və barəsində həmin maddə ilə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ilə X4 İXM-in 272.3cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 1000 (min) manat məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X4 barəsində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsi barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, 1000 manat cərimə edilmişdir. O, həmin qərarı poçt vasitəsi ilə 06 yanvar 2024-cü il tarixdə almışdır. Hesab edir ki, adı şəkilən qərar qanunsuz və əsassızdır. Belə ki, özünə məxsus ov silahı və ovçuluq bileti var və müvafiq olaraq ov etməsinə rəsmi icazəsi vardır. 20 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixə keçən gecə ovçuluq icazəsi olan Nurəddin və Şahinlə ova getmişlər. Onlar üçü də oturub havanın işıqlanmasını gözləyən zaman ekologiyanın işçiləri həmin yerə gəlmişlər. Onlardan sorğu-sual vaxtı bildirmişlər ki, hava işıqlaşan kimi ov edəcəklər. Onların sənədləri araşdırdıqdan sonra məlum olmuşdur ki, bütün sənədləri qanunidir. Ona görə də barələrində ov etməmələrinə dair potokol tərtib etməmişlər. Həqiqətən də onlar ov etməmişlər. Ov etsəydilər onlar bunu rəsmiləşdirərdilər. Bu günlərdə ona Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı gəlmişdir ki, onun barəsində İXM-nin 272.3-cü maddəsi ilə o, 1000 manat cərimə edilmişdir. Həmin qərarın müəyyən etdi hissəsində göstərilir ki, guya o, ov etmişdir. Halbuki o, ov etməmişdir. Əgər ov etsəydi buna dair sübut olardı. Belə bir sübut isə yoxdur. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş verlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm, pozulması inzibati xətadır. Göründüyü kimi qanunun mənasına gərə o, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) görə cərimə edilə bilər.Belə bir hal isə olmamışdır. Əgər varsa bu sübut olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, ərizəsində səhvən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, əslində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahat verərək X1 şikayətinin təmin edilməməsini xahiş etdi. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X1 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatlarını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməli, 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və X1 barəsində İXM-in 272.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 3 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 20 oktyabr 2023-cü il tarixdə saat 23:10-da Biləsuvar rayonu “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində X4 qanunsuz ov etdiyinə görə onun barəsində İXM-in 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən X2 verilmiş 1-01/16 saylı Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli “ İJ- 58 MA” markalı 90021 nömrəli qoşalülə ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 11 yanvar 2016-cı il tarixdən icazə verilmişdir. İş materiallarında olan 5072 saylı Ovçuluq biletindən gğrünür ki, X4 xx.xx.2019-cu il tarixli 5072/09/09/19 qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. İXM-nin 272.3-cü maddəsinin dispozisiyasına görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati hüquq normasının obyektiv cəhəti ov qaydalarının kobud şəkildə pozulmasında ifadə olunur ki, ov qaydalarının kobud şəkildə pozulmasını qanunverici aşağıdakı hərəkətlərin edilməsində ehtiva edir: lazımi icazə olmadan ov edilməsi, qadağan edilmiş yerlərdə ov edilməsi, qadağan olunmuş müddətlərdə ov edilməsi və qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi. Qadağan edilmiş ərazidə ov edilməsinə görə təqsirin müəyyən edilməsi zamanı əvvəlcə şəxsin həqiqətən də ov edib-etməməsi, daha sonra isə həmin ovun qadağan edilmiş ərazidə olması müəyyənləşdirilməlidir. Buna görə də, adıçəkilən hüquq normalarını hazırkı işin faktiki hallarına tətbiq edərkən məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən X1 əməlində İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmamış, əksinə toplanmış sübutlar sonuncunun əməlində İXM-nin 272.3-cü maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərli deyildir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X1 12 kalibrli “ İJ-58 MA” markalı 90021 nömrəli qoşalülə ov silahının aşkar edildiyini qeyd etsə də, sonuncunun üzərində ov edilməsi üçün əlavə ləvazimatlar, həmçinin patron və ya ovlanmış hər hansı ov obyekti aşkar edilməmişdir. Halbuki, İXM-in 272.3-cü maddəsinin tərkibinin yaranması üçün şəxsin “ov etməsi” halının sübuta yetirilməsi zəruridir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırkı işin materiallarından da göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – 3 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində İXM-in 272.3-cü maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, X1 20 oktyabr 2023-cü il tarixdə Biləsuvar rayonu “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində həqiqətən də ov edib-etməməsi aydınlaşdırılmamışdır. Halbuki, İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 105-105.1-ci maddələrinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli, X1 əməlində İXM-in 272.3-cü maddəsinin tərkibi sübuta yetirilmədiyi üçün onun barəsində İXM-in 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin 20 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar