Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-49/2025 23.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi ilə, protokol tərtib etmiş şəxs Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X3, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Biləsuvar rayonu, Çaylı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Pöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş 27 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə Biləsuvar rayonu, Çaylı kəndində yerləşən mağazada istehsalı və satışı qadağan olunan partlayıcı maddə hesab olunan pirotexniki vasitə “petards” adlanan məhsulun satışı ilə məşğul olaraq inzibati xəta törətmişdir. Buna görə də Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən törədilmiş xətalara əsasən məcəllənin 442-ci maddəsi üzrə işə baxmağa səlahiyyətli orqan məhkəmələr olaraq təsbit edildiyi üçün müvafiq protokol həmin hissədə baxılması üçün 27 dekabr 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 vermiş olduğu protokolun dəlillərinə uyğun izahat verərək inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta törətməsini bildirərək, inzibati tənbeh tədbirinin tətbiq məhkəmədən xahiş etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, o, atasınaməxsus mağazada işləyir. Adı qeyd olunan pirotexniki vasitənin satışının və istifadəsinin qanunla qadağan olunmasını bilməyib. Əməlindən peşmandır, məhkəmədən barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə edilən: “İnzibati xəta haqqında” 27 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, 27 dekabr 2024-cü il tarixdə Babazadə X1 rayonu, Çaylı kəndində yerləşən mağazada istehsalı və satışı qadağan olunan pirotexniki vasitə satmışdır. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 27 dekabr 2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə törətdiyi inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğu üçün toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-49/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-49/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver