Məhkəmə qərarları › İş №3(022)-500/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-500/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-500/2024 30.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1997-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,511 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 27 may 2024-cü il tarixdə, saat 17:40-da idarə etdiyi «Hyundai Elentra» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 27 may 2024-cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs şöbənin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında Şəxs idarə etdiyi idarə etdiyi «Hyundai Elentra» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat müşahidəsinə götürülmüş və bundan bir neçə dəqiqə sonra, həmin gün saat 17:40-da həmin nəqliyyat vasitəsi Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla, Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə materiallar Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə, Yevlax şəhəri, M.Ş.Vazeh küçəsi 4, mənzil 11 ünvanında yaşayır. O, narkotik vasitəni şübhəli şəxs qismində tutulmazdan 3 gün əvvəl Yevlax şəhəri ərazisində yerləşən dəmir yolu xəttinin kənarında yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində gəzdirmişdir. 27 may 2024-cü il tarixdə Yevlax rayonuna getmək qərarına gəlmiş və dostu X4 ilə birlikdə idarə etdiyi «Hyundai Elentra» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. O, əlavə qazanc əldə etmək üçün avtomobilə əlavə iki nəfər sərnişin də əyləşdirmişdir. Həmin sərnişinləri Biləsuvar rayonu ərazisində düşürtmüşdür. Daha sonra isə Yexlax rayonuna getmək məqsədi ilə yola düşmüşdür. Həmin gün saat 17:40-da Ələt- Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşlarının saxla işarəsinə tabe olmayıb oradan uzaqlaşmışdır. Həmin tarixdə saat 19:00 radələrində Şirvan şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş və o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində seçiləcək inzibati təbeh tədbirinin növünü məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” AZA 020104 nömrəli, 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 15 may 2024-cü il tarixdə, saat 18:40-da tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” AZA 008390 nömrəli, 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 28 may 2024-cü il tarixli, 19/453 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi 0,511 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,461 qram qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən .Ə.Fərzəliyevin əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən .Ə.Fərzəliyevin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan – 29 may 2024-cü il, saat 18:40-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,461 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 35 (otuz beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 30 may 2024-cü il tarixdən, saat 14:50-dən hesablansın. Həbs etmənin əvvəli 29 may 2024-cü il tarixdən, saat 19:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,461 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar