Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-530/2024 06.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X1 iştirakları ilə, xx xxx 1973-cü il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 3(022)-1215/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yarızadə X2 Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 3(022)-1215/2023 saylı qərarı ilə onun barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh tədbirini icra etməkdən boyun qaçırdığına görə barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inizbati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 izahatında bildirdi ki, borclu Yarızadə X2 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-1215/2023 nömrəli qərarına əsasən İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 160 saat müddətinə ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin Yarızadə X2 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-1215/2023 nömrəli qərarı ilə ona təyin edilmiş ictimai işlər növündə tənbeh tədbirini çəkməkdən boyun qaçırdığına görə barəsində icra məmuru tərəfindən İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Ona görə də Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, ictimai işlər növündə inzibati tənbehin icrası ilə əlaqədar qeydiyyata düşmək üçün iki dəfə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin dəvəti ilə icra məmuru X5 qəbuluna getmiş, lakin rəhbərliyin tədbirdə olması səbəbi ilə bu mümkün olmamışdır. O, xəstə olduğu üçün, müalicə almaq məqsədi ilə 2024-cü ilin aprel və may aylarında “MedEra” klinikasında və “Mərkəzi Klinik” xəstəxanasında ürəyindən iki dəfə əməliyyat olunmuşdur. Sadalanan səbəblərə görə, ona tətbiq edilmiş inzibati tənbeh tədbirini icra edə bilməmişdir. O, üzrlü səbəbdən məhkəmənin qərarını icra edə bilməmişdir, əməlindən peşmandır. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 Şəxs ilə eyni məzmunda ifadə verərək onun barəsində başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 3(022)-1215/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli “ictimai işlərə cəlb olunmuş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə” bildirişdən görünür ki, icra məmuru tərəfindən Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduğuna görə məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, 04 dekabr 2023-cü il tarixli, 3(022)-1215/2023 saylı qərarın icrası ilə əlaqədar, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Şəxs yaşadığı ünvan 1i ünvanına getmiş və sonuncunun orada olmadığı aşkar edilmişdir. İş materiallarında olan 16 may 2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(022)-530/2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(022)-530/2024 saylı qərarından Biləsuvar rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-300/2024 saylı qərarı ilə qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(022)-530/2024 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Biləsuvar Rayon Məhkməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(106)-300/2024 saylı qərarında göstərilmişdir ki, «birinci instansiya məhkəməsi müvafiq tibbi ekspertiza təyin etməklə Şəxs ictimai işlər növündə inzibati tənbehi icra etmək iqtidarında olub-olmadığını araşdırmalı və əsaslı nəticəyə gəlməli idi. Belə ki, inzibati tənbehin icrasından xəstələiyinə görə yayınması Şəxs yeganə həlledici dəlilidir və bu dəlil araşdırılmadan düzgün nəticəyə gəlmək mümkün görünmür.» Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(022)-530/2024 saylı qərardadına əsasən Şəxs sağlamlıq vəziyyətinin tibbi müayinəsi ilə əlaqədar məhkəmətibbi ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, «1973-cü il təvəllüdlü Şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qarşıya qoyulan suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir ki, Şəxs məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “ÜİX: Gərginlik stenokardiyasi; AF=48%; Angioplastika (x2) xx.xx.2024; Angidplastika (xl) xx.xx.2024; Hiss dəstəsinin sağ ayaqcığınm tam blokadası; Xroniki ürək çatmamazlığı, İİİ f.s.” kimi xəstəliklərin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 154.11-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. 529-cu maddəsinin qeydinə əsasən, 529.4-cu maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür:. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla Şəxs təqsiri sübuta yetirilmir. Belə ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları onun xeyrinə həll etməli olması müəyyən edilib. Yuxarıda qeyd olunan iş üzrə təyin edilmiş məhəkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şəxs xəstəliyi səbəbindən sağlamlıq imkanları mədud olmaqla müəyyən ictimai işlərin yerinə yetirilməsinə onun cəlb edilməsi onun həyatı və sağlamlığı üçün təhlükəli olması qənaətinə gəlməyə əsas verir. Ona görə də məhkəmə belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi, yəni hazırda ona təyn edilmiş 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə cəzanın çəkilməsindən qəsdən boyun qazırması halı müəyyən edilmir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl yoxdur. Belə ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 76, 84 114, 115, 117 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-530/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-530/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver