Məhkəmə qərarları › İş №3(022)-533/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-533/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-533/2024 10.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar şəhəri, Xaqani küçəsində yerləşən 9 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun 10 iyul 2023-cü il tarixli, 8İ- 4855 nömrəli icra qeydinə əsasən Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borclu Şəxs MPZK4789452A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 702 manat 11 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 727 manat 11 qəpik tutulmalıdır. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e- 2(022)-1112/2023 saylı qətnaməsinə əsasən Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 29 may 2022-ci il tarixli, 03281692 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.309 manat 50 qəpik, cərimə qismində 130 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 40 qəpik, cəmi 1.474 manat 40 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 10 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Feyzizadə X3 rayon notariat ofisinin xüsusi notariusunun 10 iyul 2023-cü il tarixli, 8İ-4855 nömrəli icra qeydinə və Biləsuvar Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(022)-1112/2023 saylı icra sənədinə əsasən yaranmış borcunu ödəməməklə yanaşı, icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 10 iyun 2024cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmədə bildirdi ki, Şəxs Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun 10 iyul 2023-cü il tarixli, 8İ-4855 nömrəli icra qeydinə əsasən Kapital Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə cəmi 727 manat 11 qəpik və Biləsuvar Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(022)-1112/2023 saylı icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə cəmi 1.474 manat 40 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Həmin icra sənədləri icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra qeydi üzrə müəyyən edilmiş borcunu ödəməsi A.Ə.Fərzəliyevə təklif edilmiş, lakin sonuncu həmin borcunu qəti şəkildə ödəməkdən imtia etmişdir. Dəfələrlə təklif olunmasına baxmayaraq, A.Ə.Fərzəliyev borcunun heç bir hissəsini tələbkara ödəməmişdir. O, A.Ə.Fərzəliyevin maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, sonuncunun icra qeydi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Digər tərəfdən isə tələbkarlar icra sənədlərinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir və ondan yuxarı orqanlara şikayətlər edərək, onun icra sənədinin icrasını həyata keçirmədiyini iddia edir. Buna görə də o, A.Ə.Fərzəliyev barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda, Ş.İ.İbrahimova A.Ə.Fərzəliyev barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünün təqsirli bilməyərək göstərdi ki, Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun 10 iyul 2023cü il tarixli, 8İ-4855 nömrəli icra qeydinə əsasən ondan Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 727 manat 11 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, həmin borc onun adına rəsmiləşdirilsə də, həmin borc onun qardaşınındır. Həmçinin, Biləsuvar Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən ondan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə cəmi 1.474 manat 40 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 29 may 2022-ci il tarixdə nisyə qaydada telefon almışdır. Lakin həmin telefon alındıqdan bir neçə gün sonra işləməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona qüsurlu mal satdığına görə o, həmin borcunu tələbkara qaytarmayacaqdır. Həmçinin o, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, ona istinad edilən borcları ödəməyəcəkdir. Sonda, A.Ə.Fərzəliyev barəsində ədalətli qərara qəbul ediməsini məhkəmədən xahiş etdi. Tələbkar və onun səlahiyyətli nümayəndəsinə (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar rayon notariat ofisinin xüsusi notariusunun 10 iyul 2023-cü il tarixli, 8İ- 4855 nömrəli icra qeydinə əsasən Zərərçəkmiş şəxs2 açıq səhmdar cəmiyyətinin xeyrinə borclu Şəxs MPZK4789452A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 702 manat 11 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 727 manat 11 qəpik tutulmalıdır. Biləsuvar Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(022)-1112/2023 saylı qətnaməsinə əsasən Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 29 may 2022-ci il tarixli, 03281692 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.309 manat 50 qəpik, cərimə qismində 130 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat 40 qəpik, cəmi 1.474 manat 40 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Qərarı: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi, tələbkarı dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və icra sənədlərini icra etməkdən boyun qaçırdığını göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, bu müddət ərzində icra sənədi üzrə ödəniş etməmiş və etməyəcəyini bildirmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən icra sənədi üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq və icra məmurunun qanuni tələblərinə tabe olmamaq məqsədini təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranması, icra sənədini icra etməkdən boyun qaçırmasını, icra sənədinin icrasından yayınmasını, icra məmurunun çağırışlarına gəlməməsini, axtarışla gətirilməsini, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda icra sənədi üzrə pul borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 10 iyun 2024-cü il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar