Məhkəmə qərarları › İş №3(022)-538/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-538/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-538/2023 15.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 14 avqust 1992-ci ildə Biləsuvar rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, işsiz, Vətən Müharibəsi iştirakçısı, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şirvan Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(106)-1794/2022 nömrəli icra sənədinə əsasən Şəxs yetirilmiş maddi zərərin əvəzi olaraq 1.715 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 15 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nicat Bəhmənov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmış və heç bir üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda Şəxs borcundan heç bir ödəniş etməmişdir. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs borcunu ödəməmişdir. Şəxs borcunu kiçik məbləğlərə hissə-hissə ödəməyi təklif edir. Bu isə icra sənədinin vaxtında icra edilməsinə maneəçilik törədir. Belə ki, Şəxs növbəti dəfə inzibati məsuliyyətdən yayındıqdan sonra cəzasızlıq şəraitində öz əməllərini davam etdirə bilər. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Şirvan Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(106)-1794/2022 nömrəli icra sənədinə əsasən ondan yetirilmiş maddi zərərin əvəzi olaraq 1.715 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs verilməlidir. O, Vətən Müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi şücaətlərə görə medalla təltif olunmuşdur. Lakin o, heç bir yerdə işləmədəyinə görə Zərərçəkmiş şəxs olan borcunu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Çünki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında onun barəsində hazırki icra sənədi ilə yanaşı başqa bir icra sənədi də var. Belə ki, məhz tələbkar Zərərçəkmiş şəxs onun keçmiş arvadı ilə qeyri-qanuni münasibətlərinə görə onun ailəsi dağılmışdır və o, keçmiş arvadına birgə nikahından olan 2 uşağına görə hər ay 240 manat aliment ödəyir. O, Vətən Müharibəsində iştirak etdiyinə görə ona dövlət tərəfindən 80 manat məbləğində pul vəsaiti verilir. O, isə həmin vəsaiti və fəhləlik yolu ilə topladığı pul hesabına yalnız aliment borcunu ödəyə bilir. Artıq may ayıdır və kənd təsərrüfatı işləri mövsümuu başlayır. O, ot və taxıl biçinində işləyərək, tələbkara olan borcunu da hissə-hissə ödəyəcəkdir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şirvan Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(106)-1794/2022 nömrəli icra sənədinə əsasən Şəxs yetirilmiş maddi zərərin əvəzi olaraq 1.715 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaiti tutularaq ona verilməlidir. Lakin Şəxs hal-hazıradək ona olan borcunu ödəməmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(106)-1794/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 23 yanvar 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmasını və himayəsində 2 uşağın olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında Şəxs barəsində hazırki icra sənədi ilə yanaşı, aliment tələbi barədə başqa bir icra sənədi də var və Şəxs həmin icra sənədi üzrə ödənişləri vaxtında və tam həyata keçirir. Məhz həmin icra sənədi üzrə tutma Şəxs müharibə veteranı qismində ödənilən pul vəsaitinə yönəldilmişdir. Çünki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.1 və 75.2-ci maddələrinə əsasən Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ həmin Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilməlidir. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar