Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-539/2024 14.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, hakim köməkçisi Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhlül oğlunun iştirakları ilə, xx xxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, fərdi əməklə məşğul olan,bir il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Bəhlül oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı icra sənədinə əsasən Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 14 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı icra sənədinə əsasən Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Borclu aliment borcundan bu vaxta kimi heç bir ödəniş etməmişdir.Borclu Şəxs tələbkara hazırda 1723 manat məbləğdə aliment borcu vardır. Hazırda icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhlül oğlu göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk edir. Lakin buna baxmayaraq onun qarşı tərəfi Zərərçəkmiş şəxs ona qarşı nikah qeydinin pozulması və aliment tələbi ilə iddia qaldırmasından xəbəri olmamış və ya Biləsuvar rayon icra və probasiya şöbəsi tərəfindən ona aliment ödənilməsi barədə heç bir məlumat verilməmişdir. Bu barədə ona hər hansı məlumat verilsəydi o, qarşı tərəfə olan aliment borcunu vaxtı vaxtında ödəyərdi. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Bəhlül oğlunun İXM-in 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə iclasında tədqiq edilib öyrənilmiş hallarından, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və borclu Şəxs Bəhlül oğlunun izahatından görünür ki, Şəxs Bəhlül oğlu Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmasından məlumatı olmamış və bu səbəbdən də icra sənədini tam icra etməmiş, lakin onun hərəkətləri qəsdlə əhatə olunmamış və qərəzli xarakter daşımır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. İş materialları və borclu Şəxs Bəhlül oğlunun izahatı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı icra sənədinin onun tərəfindən üzrlü səbəbdən tam icra edilmədiyini nümayiş etdirir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-755/2024 saylı icra sənədinin icrasının təmini məqsədi ilə Şəxs Bəhlül oğluna icra məmuru tərəfindən lazımi şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs Bəhlül oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İXM-in 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilən yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Bəhlül oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs Bəhlül oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(022)-539/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-539/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver