Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-544/2024 24.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, məhkəmə, xx xxxxx 1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan, və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi ziyana görə 9.000 manat və iş üzrə dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 9.030 manat məbləğində pul vəsaiti alınıb, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 24 iyun 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 10.030 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədi 2021-ci ildə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və borclu Şəxs həmin vaxt cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə həmin qətnamənin icrasına dair bildiriş Şəxs cəza çəkdiyi müəssisəyə göndərilsə də, həmin bildirişin borcluya təqdim edilib-edilməməsi barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə heç bir məlumat daxil olmamışdır. 2023-cü ilin oktyabr ayında Şəxs cəzaçəkmə müəssisəsindən azad edildiyi ona məlum olduqdan sonra o, 03 noyabr 2023-cü il tarixdə, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Lakin həmin xəbərdarlığın Şəxs təqdim edilib-edilməməsi barədə poçt orqanı ona heç bir məlumat verməmişdir. Buna görə də o, Şəxs Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək, ona icra sənədinin icrası ilə bağlı xəbərdarlıq məktubunu şəxsən təqdim etmiş və icra sənədinin icrasını tələb etmişdir. Həmin vaxt Şəxs cəzaçəkmə müəssisəsində icra sənədi üzrə heç bir ödəniş etmədiyini ona bildirmişdir. Daha sonra isə tələbkarın müvafiq icra hakimiyyəti orqanın rəhbərinin şəxsi qəbulunda olması və Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli icra sənədinin onun tərəfindən icra edilmədiyi barədə ondan şikayət etməsi ona məlum olmuşdur. Buna görə də o, Şəxs təkrarən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək, həmin şəxsin icra sənədini icra etmək niyyətində olmadığını müəyyən etdikdən sonra məcbur qalıb borclu barədə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Belə ki, Şəxs 08 dekabr 2023-cü il tarixli izahatında tələbkara heç bir borcu olmadığını, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı qətnaməsi ilə razılaşmadığını və buna görə də tələbkara heç bir ödəniş etməyəcəyini bildirmişdir. Borclu 9.030 manat məbləğində olan borcundan, qətnamə icraya yönəldilməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, cəmi 200 manat ödəniş həyata keçimişdir. Hazırda həmin şəxsin tələbkara borcu 8.830 manat təşkil edir. Tələbkar isə borclunun borcunu tam şəkildə ödəməsini tələb edir. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə ondan Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 9.030 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edildiyi vaxt o, cəzaçəkmə müəssisəsində olmuşdur. O, Cəlilabad rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, hazırda baxılan material onun məhkum edildiyi cinayət işi üzrə mülki iddianın təmin edilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi üçün məhkəmə tərəfindən müəyyən edilmiş məbləğidir. O, 2023-cü ilin avqust ayında cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Həmçinin o, tələbkara olan borcundan 2 dəfə, 2024-cü ilin may və iyun aylarında cəmi 200 manat ödəniş etmişdir. Sonda, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı qətnaməsinə əsasən Şəxs onun xeyrinə ümumilikdə 9.030 manat məbləğində pulun tutulması qət edilmişdir. Lakin borclu ona qarşı olan öhdəliyini icra etməmişdir. Buna görə də həmin şəxs barəsində icra məmuru tərəfindən 08 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin həmin tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Borclu hazırda qanunla müəyyən edilmiş öhdəliyini icra etməkdən yayınır. Hazırda Şəxs ona olan borcu 8.830 manat təşkil edir. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 26 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. İnzibati xəta haqqında iş materiallarından olan Biləsuvar rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 3(022)-1241/2023 saylı qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan 27 may 2024-cü il tarixli ödəniş çekinin surətindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 100 manat məbləğində pul vəsaiti göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından olan 24 iyun 2024-cü il tarixli ödəniş çekinin surətindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 100 manat məbləğində pul vəsaiti göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Qərarları: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Ş.C.Nəhmətovun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Qeyd olunanlar Ş.C.Nəhmətovun qəsdən icra sənədinin icrasından yayınmaq və icra məmurunun qanuni tələblərinə tabe olmamaq məqsədini təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də sonuncunun icra sənədinin icrasını təmin etməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 24 iyun 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-544/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-544/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver