Məhkəmə qərarları › İş №3(022)-545/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-545/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-545/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 24 iyun 1991-ci ildə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Zeytun pharmeceuticals” məhdud məsuliyyətli cəmiyyətində satıcı vəzifəsində işləyən, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal Abşeron” yaşayış massivi, 8 saylı evin 140 saylı mənzilində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-128/2021 nömrəli icra sənədinə əsasən Şəxs cehiz əmlakları və ya onların dəyərinin əvəzi qismində 3.419 manat, tərəflərin birgə nikah dövründə aldıqları məişət əşyalarının dəyərinin yarı qiyməti qismində 770 manat, qızıl-zinət əşyalarının dəyərinin əvəzi qismində 1591 manat, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlara nənəsi tərəfindən hədiyyə alınmış qızılzinət əşyalarının dəyərinin əvəzi qismində 774 manat, tələbkar Zərərçəkmiş şəxs anası tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarının dəyərinin əvəzi qismində 480 manat, həmçinin tərəflərin birgə nikah dövründə inşa etdirdikləri ünvan 1 ünvanında tikilmiş 2 mərtəbəli yaşayış təyinatlı daşınmaz əmlakın tikintisi üçün görülməli işlərin orta bazar qiymətinə uyğun olaraq müəyyən edilmiş 16.361 manat 85 qəpik məbləğində təqribi dəyərinin yarısının, yəni 8.180 manat 92 qəpik, habelə tərəflər arasında 10 fevral 2020-ci il tarixdə bağlanmış əqd etibarsız hesa edilməklə “Lexsus RX 300” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə Zərərçəkmiş şəxs payının müəyyən edilməsi, bundan başqa, hüquqi yardın göstərilməsi üçün vəkilin bankdakı hesabına ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ünvan 1 ünvanında yerləşən evin smetasının hazırlanmasına görə “Karvan-Lahiyə” məhdud məsuliyyətli cəmiyyətinə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 16 may 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nicat Bəhmənov məhkəmədə bildirdi ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra sənədi üzrə müəyyən edilmiş borclarını ödəmək Şəxs təklif edilmişdir. Şəxs tərəflərin birgə nikah dövründə əldə etdikləri “Lexsus RX 300” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışdan əldə edilmiş 8.000 manat məbləğində pul vəsaitindən tələbkarın payına düşən 4.000 manat hissəsini qaytarmış və habelə həmin avtomobilin satışından əldə edilmiş pul vəsaitinin onun öz payına düşən 4.000 manat məbləğində pul vəsaitini də qızıl-zinət əşyalarına görə müəyyən edilmiş borcuna görə Zərərçəkmiş şəxs ödəmişdir. Bundan başqa, Şəxs icra sənədində qeyd edilmiş cehiz əmlakları Zərərçəkmiş şəxs qaytarmış, həmin cehiz əmlakların qaytarılmamış hissəsinə görə yaranmış 510 manat borcu da nəğd şəkildə ödəmişdir. Hazırda Şəxs Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarına görə təxminən 2.400 manat və ünvan 1 ünvanında tikilmiş 2 mərtəbəli yaşayış təyinatlı daşınmaz əmlakın tikintisinə xərclənmiş vəsaitin yarısı qismində müəyyən edilmiş 8.180 manat 92 qəpik məbləğində ödənilməmiş borcu qalmışdır. Şəxs bir ildən artıq müddət ərzində icra sənədi üzrə heç bir ödəniş aparmayaraq, “Lexsus RX 300” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışını gözləmiş və yalnız həmin avtomaşının bazar qiyməti müəyyən edilib satıldıqdan sonra 8.000 manat məbləğində tam ödənişi Zərərçəkmiş şəxs vermişdir. Şəxs icra sənədində göstərilən digər borcundan cüzi ödənişlər edərək, müxtəlif bəhanələrlə icradan yayınmış və heç bir üzrlü səbəb göstərmədən məhkəmə qətnaməsini tam icra etməkdən yayıınmışdır. Şəxs borcun hissəhissə ödənilməsi barədə məhkəməyə ərizə versə də, həmin ərizəsi təmin edilməmişdir. Yalnız icra məmuru kimi onun təkidli tələblərindən sonra Şəxs dünən poçt vasitəsilə 500 manat, bu gün isə 300 manat ödəniş etmişdir. Şəxs borcunun qalan hissəsini kiçik məbləğlərə hissə-hissə ödəməyi təklif edir. Zərərçəkmiş şəxs isə icra sənədinin hissəhissə icra etdirilməsinə razı deyil və həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsini tələb edir. O, hesab edir ki, Şəxs Abşeron rayonu Xırdalan şəhərində yaşayır və inzibati məsuliyyətə cəlb olunmazsa, cəzasızlıq şəraitində öz əməllərini davam etdirə bilər. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, tələbkara cehiz əmlaknı, habelə qızıl-zinət əşyalarının dəyərinin əvəzi qismində ödəməli olduğu pul vəsaitinin bir hissəsini və Zərərçəkmiş şəxs ilə birgə nikah dövründə əldə etdikləri “Lexsus RX 300” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş bütün 8.000 manat məbləğində pul vəsaitini tələbkara vermişdir. O, dünən poçt vasitəsilə tələbkar Zərərçəkmiş şəxs 500 manat ödəniş etmiş, bu gün isə əlavə olaraq daha 300 manat məbləğində pul vəsaitini nəğd şəkildə Zərərçəkmiş şəxs vermişdir. Hazırda icra sənədi üzrə onun tələbkara olan borcu qızıl-zinət əşyalarına görə təxminən 2.400 manat, tikinti yarımçıq qalmış özbaşına tikili olan evə görə isə 8.180 manat təşkil edir. Həmin özbaşına tikilinin heç bir sənədi olmadığına görə o, həmin tikilini heç kimə sata və tələbkara olan borcunu ödəyə bilmir. O, həmin tikilini borcun əvəzinə qəbul etməyi Ə.M.Ağayayeva təklif etsə də, sonuncu onun təklifi ilə razılaşmamış və icra sənədi üzrə müəyyən edilmiş bütün borcun ondan tam və birdəfəlik şəkildə tutulmasını tələb edir. Onun isə həmin pul vəsaitini tam ödəməyə imkanı yoxdur. O, ikinci dəfə ailə qurmuşdur, hazırda Abşeron rayonu Xırdalan şəhərində kirayələdiyi mənzildə yaşamaqla, aptekdə satıcı işləyir və hər cəmi 350 manat məbləğində əmək haqqı alır. Bundan başqa, o, Zərərçəkmiş şəxs ilə birgə nikahından olan uşaqların saxlanması üçün, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında onun barəsində olan başqa icra sənədi üzrə, hər ay Zərərçəkmiş şəxs aliment ödəyir. Bütün bu ödənişləri o, yalnız valideynlərindən aldığı vəsait hesabına həyata keçirir. O, may ayının sonunadək tələbkara hazırki borcundan daha 200 manat, növbəti aylarda isə hər ay ən azı 500 manat ödəyəcəkdir. Eyni zamanda, o, yaxın 3 ay ərzində Zərərçəkmiş şəxs ilə onun birgə nikah dövründə inşa edilmiş, icra sənədində qeyd edilmiş özbaşına tikilini istənilən qiymətə satmağa çalıcaqdır ki, tələbkara olan borcunu tam ödəsin. Beləliklə o, icra sənədini icra etmək üçün özündən asılı olan və olmayan bütün tədbirləri görür və bundan sonra da görəcəkdir. Onun qeyd edilən icra sənədini icra etməməsi onun icra məmurunun qanuni tələblərinə tabe olmamsına görə deyil, onun maddi vəziyyətinə görədir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs ona qaytarmalı olan cehiz əmlak və qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini ödəsə də icra sənədi üzrə digər borc məbləğlərini ona ödəməmişdir. Buna görə də Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-128/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 17 dekabr 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində 2 uşağın olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında Şəxs barəsində hazırki icra sənədi ilə yanaşı, aliment tələbi barədə başqa bir icra sənədi də var və Şəxs həmin icra sənədi üzrə ödənişləri vaxtında və tam həyata keçirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 75.1 və 75.2-ci maddələrinə əsasən Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ həmin Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilməlidir. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar