Məhkəmə qərarları › İş №3(022)-557/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-557/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-557/2024 08.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, 05 yanvar, 1981-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, heç bir yerdə işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində “VAZ 21061” minik markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu şəhid İqbal Astanlı küçəsində hərəkətdə olan zaman saxlanılmış, avtomaşını sərxoş halda idarə etməsi aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və onun barəsində Biləsuvar Rayon Polis X4 X5 patrul Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 izahatında göstərdi ki, şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Biləsuvar rayonu şəhid İqbal Astanlı küçəsində “VAZ 21061” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məlum olmuşdur ki, şəxs nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etmişdir. Buna görə də vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul edib VAZ 21061” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:30 radələrində “VAZ21061” minik markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı Biləsuvar rayonu şəhid İqbal Astanlı küçəsində hərəkətdə olan zaman saxlanılmış, avtomaşını sərxoş halda idarə etməsi aşkar olunmuşdur. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs həmin protokolun surətini almış və öz imzası ilə təsdiq etmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 3(022)-82/2023 saylı, qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 10 (on) ay müddətində məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin tələbləri pozulduğu üçün qanunvericiliyə uyğun olaraq toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 43.1-ci maddəsinə görə həmin Məcəllənin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri baxırlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 333.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci iltarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilsə də, həmin şəxsə istinad edilən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanın baxılması Biləsuvar Rayon Məhkəməsinə aid olmadığına görə, həmin hissədə inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon X2 yol polis bölməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-ci il tarixli Fərmanının 5.1-ci maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılmasında səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edilir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində əks olunan inzibati xətaya mübasibətdə məsuliyyətə cəlb edilməsi Biləsuvar Rayon Polis Şöbəsinin, 333.2-ci maddəsinə münasibətdə isə Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə münasibətdə onu tərtib etmiş orqana (Biləsuvar Rayon Polis Şöbəsinə) aidiyyəti üzrə baxılması üçün göndərilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, Şəxs barəsində yalnız İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya həddində inzibati tənbeh tətbiq etməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, işin hallarını, sübutları qiymətləndirərək hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 3(022)-82/2023 saylı, 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 10 (on) ay müddətində məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin şəxsə tətbiq edilmiş inzibati tənbehin icrasının davam etməsinə baxmayaraq Şəxs eyni əməli 7 ay sonra təkrar törətmiş, bu əməli ilə də onun islah olunmadığı qənaətinə gəlinir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməli, inzibati həbsin əvvəli 08 iyul 2024-cü il, saat 12:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3,9, 30-31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 08 iyul 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Biləsuvar Rayon X2 yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 tərəfindən tərtib edilmiş 22 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması üçün Biləsuvar rayon X2 yol polisi bölməsinə göndərilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar