Məhkəmə qərarları › İş №3(022)-564/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-564/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-564/2025 01.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş Biləsuvar rayon prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Biləsuvar rayonu Amankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayonu Amankənd kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun burun və sağ dirsək oynaq nahiyyəsində sıyrıqlar olmaqla dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Biləsuvar rayon prokurorluğunun nümayəndəsi X3 izahatında göstərmişdir ki, Biləsuvar rayonu Amankənd kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu itələyib yerə yıxmış, burun belində və sağ dirsək oynaq nahiyyəsində sıyrıqlar olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində həyətində olan zaman eşitmişdir ki, keçmiş kürəkəni Zərərçəkmiş şəxs həyətin o biri tərəfindən kimə isə “uşağı gətirin aparım bir az gəzdirim, gətirərəm”deyə çağırır. Həmin vaxtı Ariz qonşu tərəfdən dəmir tor setkanın yanında olmuşdur. Bir qədər sonra qızı Rəyanə uşağı gətirib Arizə vermişdir. Ariz yenidən gəldiyi yolla, yəni qonşuların həyəti ilə getməyə başlamışdır. Bu zaman o, Arizə “nə üçün qonşuların çəpərini yararsız hala salırsan” deyə irad bildirmiş, Ariz isə ona yaxşı hərəkət etdiyini bildirmişdir. O, Arizə yaxınlaşaraq onun ünvanına bir neçə nalayıq ifadə işlətmiş, Ariz də ona söyüşlə cavab vermişdir. Həmən vaxt yeznəsi Rəşad və oğlu Araz ondan uzaqda olmuş, ona yaxınlaşmamışlar. Həmən vaxt Ariz onu söydüyünə görə o, Ariz Sədiyein yaxasından itələmiş və çıxıb getməsini ondan tələb etmişdir. Ariz arxaya getmiş və koİluğa yıxılmışdır. Daha sonra uşağı qucağına götürüb getmişdir. Hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxs Meyxoş oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qayınatası Şəxs məxsus Biləsuvar rayonu, Amankənd kəndində yerləşən evə övladı Hüseyni məhkəmə qərarı əsasında görməyə getmişdir. O, evin qapısını açıb həyətə girmiş, keçmiş arvadı Rəvanə Məmmədova onu qarşılayaraq uşağı ona təhvil vermişdir. Şəxsla qonşusunun evinə bitişik çəpər mövcuddur. Həmin çəpərin yanında o, uşağı ilə birlikdə qapıdan keçib gedərkən qapını örtsə də, qapı tərsinə açılmışdır. Bu zaman Meyxoş onu nalayiq ifadələrlə təhqir edərək «nə üçün qapını örtmədiyini» demişdir. Onlar bir-birini qarşılıqlı təhqir etmişlər. Meyxoş ona yaxınlaşaraq əlindəki kəlbətinlə onu hədələmiş, «onun gözünü çıxaracağını» demişdir. Kəlbətin bu zaman burnunun üstünü yaralamışdır. Daha sonra Meyxoş onu itələmiş və o, da yerə yıxılmışdır. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yeznəsi Rəşad Məmmədovla həyətdə oturan zaman Zərərçəkmiş şəxs həyətin o biri tərəfindən bacısını çağıraraq “uşağı gətirərək ona təhvil verməsini bildirmişdir. Bir qədər sonra bacısı Rəvanə uşağı gətirib Arizə vermişdir.Həmin vaxt atası Meyxoş Arizə “nə üçün qapıdan gəlmədiyini, qonşu tərəfdən çəpərdən keçirdiyini, buna görə qonşuların narazılıq etdiyini”bildirmişdir. X9 söyməyə başlamış, Ariz də qarşılıqlı olaraq onun atası Meyxoşu söymüşdür. O, uzaqdan onları izləmiş, Ariz atasını söyüb təhqir etdiyinə görə atası Arizin yaxasından itələmişdir. O, Zərərçəkmiş şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət edir. Ona görə də ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar