Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-565/2025 29.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi ilə, Şəxs sabiq icraçı direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib olunmuş 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs sabiq icraçı direktoru X4 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin 09 dekabr 2024-cü il tarixli, 3-17-5/2-90262/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə Şəxs sabiq icraçı direktoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sabiq icraçı direktoru X4 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin 09 dekabr 2024-cü il tarixli, 3-17-5/2-90262/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 09 dekabr 2024-cü il tarixli, 3-17-5/2-90262/2024 nömrəli məktubdan görünür ki, 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün Şəxsnə göndərilmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar.haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir; 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilat və ya pensiya təyin edən orqana göndərilir; 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri, o cümlədən 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 09 dekabr 2024-cü il tarixli, 3-17-5/2-90262/2024 nömrəli məktubunu hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs sabiq icraçı direktoru X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin fundamental tələbinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün zəruri əlamətlərinin mövcudluğu müəyyən edilməlidir. Məcəllənin 12.1-ci maddəsi inzibati xətanı hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edir. Bu o deməkdir ki, inzibati xəta tərkibinin hər hansı bir elementinin – obyekt, obyektiv cəhət, subyekt və ya subyektiv cəhət – olmaması inzibati məsuliyyəti istisna edir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə müvafiq olaraq, işə baxarkən inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və onun təqsirinin olub-olmamasını, habelə icraatı rədd edən halların mövcudluğunu yoxlamağı özünə borc bilir. Hazırkı iş üzrə Şəxs sabiq icraçı direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin normanın dispozisiyasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsi, öz növbəsində, vəzifəli şəxsin işlədiyi, oxuduğu və ya əmək haqqı aldığı müəssisə, idarə və ya təşkilatın inzibati cərimə tətbiq etmə haqqında qərarın surətini aldıqdan sonra həmin cəriməni vəzifəli şəxsin əmək haqqından və ya digər gəlirlərindən tutmaq öhdəliyini müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni hüquqazidd əməl, qərarın icrası ilə bağlı tədbirlərin görülməməsində ifadə olunan hərəkətsizlikdir. Bu hərəkətsizliyin hüquqazidd xarakter daşıması üçün isə müvafiq hüquqi faktın, yəni Xidmətin inzibati cərimə tətbiq etmə haqqında qərarın icrasını təmin etmək məqsədilə Şəxs sabiq icraçı direktoru X2 ünvanlanmış məktubunun sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verilməsi sübuta yetirilməlidir. Məhz bu təqdimetmə faktı hüquqi şəxs üçün qanunla müəyyən edilmiş vəzifəni yaradır və bu vəzifənin icra edilməməsi inzibati xəta tərkibinin yaranmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsi imperativ qaydada müəyyən edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlər, o cümlədən icra ilə bağlı məktublar, ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən təqdim edilir. Həmin Məcəllənin 57.2-ci və 57.5-ci maddələri isə sənədin məhz ünvan sahibinə və ya müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab olunmasını təsbit edir. Məhkəmə, təqdim edilmiş iş materiallarını tədqiq edərkən müəyyən etdi ki, Xidmət tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsas sübut kimi əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli, 3-17-5/2-90262/2024 nömrəli məktubun Şəxs sabiq icraçı direktoru X2 rəsmi qaydada verilməsini təsdiq edən heç bir sübut – sifarişli poçt göndərişinin qəbzi, çatdırılma haqqında bildiriş və ya sənədin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qəbzi və ya kötüyü – iş materiallarında mövcud deyildir. Protokolu tərtib etmiş orqan belə bir sübutun mövcudluğu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını və şəxsin təqsirini təsdiq edən hər cür faktiki məlumatlar sübutlar hesab olunur. Lakin iş materiallarında Şəxs sabiq icraçı direktoru X1 üzərinə qanunla müəyyən edilmiş vəzifəni qoyan hüquqi faktın baş verməsini, yəni Xidmətin müvafiq məktubunun rəsmi qaydada təqdim edilməsini təsdiqləyən hər hansı bir sübut yoxdur. Bu isə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə istənilən şübhənin onun xeyrinə həll edilməsini tələb edir. Hüquqi vəzifənin yaranmasını təsdiq edən sübutun olmaması, öz növbəsində, bu vəzifənin icra edilməməsindən irəli gələn məsuliyyəti də istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs sabiq icraçı direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni qanunla müəyyən edilmiş vəzifənin icra edilməməsi (hərəkətsizlik) sübuta yetirilməmişdir. Çünki, hüquqi şəxsə müvafiq sənəd Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada rəsmi təqdim edilməyənədək, onun üçün həmin sənəddən irəli gələn hər hansı vəzifə və müvafiq olaraq bu vəzifənin pozulmasına görə məsuliyyət yarana bilməz. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bütün bunlar onu deməyə əsas verir ki, Şəxs sabiq icraçı direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanunçuluq prinsipi inzibati icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir (məsələn, 28 mart 2023-cü il tarixli Qərar). Səlahiyyətli orqanların prosessual normalara, o cümlədən sənədlərin rəsmi qaydada verilməsi qaydalarına ciddi riayət etməsi, sonradan qəbul ediləcək qərarların qanuniliyinin və əsaslılığının fundamental şərtidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs sabiq icraçı direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 53.1.2, 105.1, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs sabiq icraçı direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-565/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-565/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver