Məhkəmə qərarları › İş №3(022)-593/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-593/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-593/2023 02.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1975-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, X3 iştirakçısı, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(022)-668/2022 nömrəli icra sənədinə əsasən Şəxs və X2 iddiaçıdan alınmış və hal-hazıradək qaytarılmamış pul vəsaitinin əvəzi qismində 25.000 manat, məhkəmədə göstərilmiş hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 100 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 570 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 02 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Nəsirov məhkəmədə bildirdi ki, icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəmək Şəxs təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmışdır. Belə ki, icra sənədinə görə 2 borclu və borcun ümumi məbləği 25.670 manat məbləğində müəyyən edilsə də, icra sənədi üzrə tərəflər həmin borcun yarısını borclu Şəxs, digər yarısını isə X5 aid etmiş, tələbkar Zərərçəkmiş şəxs A.S.Qasımovun borcun özünə aid hissəsinin tam ödənildiyi barədə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə ərizə vermişdir. Buna görə də Biləsuvar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(022)-668/2022 nömrəli icra sənədi üzrə icra tədbirləri yalnız Şəxs barəsində aparılır və hazırda Şəxs tələbkar Zərərçəkmiş şəxs 12.835 manat məbləğində borcu vardır. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs borcundan heç bir hissəsini ödəməmişdir. O, Şəxs maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, Şəxs icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Şəxs fərdi əməklə məşğul olduğunu desə də, halhazıradək icra sənədi üzrə heç bir ödəniş etmədiyinə görə o, belə hesab etmişdir ki, həmin borclu qərəzli şəkildə icra sənədinin icrasınında yayınır. Digər tərəfdən isə tələbkar Zərərçəkmiş şəxs icra sənədinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ondan və X2 Zərərçəkmiş şəxs ümumilikdə 25.670 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin borc onların birgə ticarət fəaliyyətindən yaranmışdır və birgə ticərətdə böyük zərərə məruz qaldıqlarına görə o və A.S.Qasımov Zərərçəkmiş şəxs vəd etdikləri qazancı verə bilməmiş, buna görə həmin şəxsə 25.000 manat məbləğində borclu olmaları barədə yazılı sənəd vermişlər. Zərərçəkmiş şəxs da həmin borc sənədinə istinad edərək, ona və A.S.Qasımova qarşı məhkəmədə iddia qaldırmışdır. Mülki işə məhkəmədə baxıldıqdan dərhal sonra, məhkəmə iclasında aparılmış söhbətləri nəzərə alaraq, o və A.S.Qasımov müxtəlif mənbələrdən topladıqları pul vəsaiti hesabına Zərərçəkmiş şəxs olan borcun yarısını ödəmiş və Zərərçəkmiş şəxs A.S.Qasımovun borcunu tam ödəməsi və həmin şəxs barədə icra sənədinə xitam verilməsi barədə ərizə vermişdir. Həmin vaxtdan sonra o, tamamilə iflas vəziyyətinə düşdüyünə, himayəsində isə 6 uşağı olduğuna görə o, icra sənədi üzrə heç bir ödəniş apara bilməmişdir. Onun övladlarının üçü yetkinlik yaşına çatsalar da, həmin uşaqlar da faktiki olaraq onun himayəsindədirlər. O, əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hazırda günəmuzd fəhlə işləyir və qazancı ailəsinin minimal tələbatlarını ödəməyə belə imkan vermir. O, tələbkar Zərərçəkmiş şəxs qarşısında maddi və mənəvi məsuliyyətini anlayır və belə qərara gəlmişdir ki, ailəsinin yeganə yaşayış sahəsi olan evi sataraq, Zərərçəkmiş şəxs olan borcu tam bağlasın. Lakin həmyerliləri onun düşdüyü vəziyyətə görə evini satmaq istədiyini bildiklərinə görə həmin evi almaq istəyən yoxdur. Bununla belə o, icra sənədi üzrə borcun tam ödənilməsi üçün hər cür tədbir görəcəyinə söz verir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(022)-668/2022 nömrəli qətnaməsinə əsasən Şəxs və X2 onun xeyrinə ümümilikdə 25.670 manat məbləğində pul vəsaiti tutulması qət edilsə də və A.S.Qasımov qətnamə çıxarıldıqdan dərhal sonra borcun özünə aid 12.835 manat hissəsini ödəsə də, Şəxs öz borcunu ödəməkdən boyun qaçırır. Şəxs borcun A.S.Qasımova aid hissəsinin ödənilməsində iştirak etdiyini desə də, o bu barədə məlumatsızdır. O, Şəxs maddi vəziyyətinin pisliyi barədə məlumatlı olsa da, özünün də maddi vəziyyəti daha ağır olduğuna görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun Şəxs onun xeyrinə tutulmasında israr edir. Lakin icra sənədi üzrə borclu Şəxs hal-hazırki vaxtadək ona olan borcundan heç bir ödəniş etməmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(022)-668/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 25 oktyabr 2022-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 09 sentyabr 2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Biləsuvar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(022)- 668/2022 saylı qatnaməsi üzrə X4 ona olan borcunu tam şəkildə ödədiyini və həmin şəxsə heç bir iddiasının olmadığını bildirmiş, icra sənədinə A.S.Qasımova aid hissədə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlarının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci hissəsinin pozuntusu hesab edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmasını və himayəsində 5 uşağın olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar