Məhkəmə qərarları › İş №3(022)-596/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-596/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-596/2023 16.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar şəhəri, S.Vurğun küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi qardaşına məxsus ** BD *** dövlət qeydiyyat nömrə nişanlı “QAZ 2410” markalı avtomobili ilə hərəkətdə olarkən Biləsuvar RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və onun sərxoş olmasına şübhə yarandığı üçün tibbi müayinədən keçirilmiş və onun orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Biləsuvar Rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən 333.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə axşam saatlarında Biləsuvar rayonunda kafedə çörək yeyərkən spirtli içki qəbul etmiş və həmin gün qardaşına məxsus ** BD *** dövlət qeydiyyat nömrə nişanlı “QAZ 2410” markalı avtomobilində Biləsuvar şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən polis əməkdaşları işarə edərək avtomobilini saxlatmış və ona spirtli içki qəbul etdiyini bildirmişlər. Buna görə də onu tibbi müayinədən keçirmiş və onun orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. Sonda Şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı Biləsuvar Rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən İXM-nin 333.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini spirtli içki qəbul edərək idarə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 453 saylı tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Şəxs orta dərəcəli sərxoş olduğu aşkar edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək, nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmin hərəkəti ilə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli və hüquqa zidd əməl törətmişdir. İş üzrə toplanmış sübutların- protokolun, Şəxs izahatının və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs İXMin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və tibbi müayinə aktı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tuturam. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Şəxs təqsirləndirildiyi İXM-in 333.1-ci maddəsində inzibati xətanın tərkib əlaməti kimi xətanın spirtli içkinin təsiri altında törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İXM-in 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar