Məhkəmə qərarları › İş №3(022)-644/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-644/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-644/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1986-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, Xammədov küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon notariat ofisinin xüsusi notariusunun 22 fevral 2023-cü il tarixli, 8İ- 1945 nömrəli icra qeydinə əsasən icra qeydi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs alınmış və hal-hazıradək qaytarılmamış pul vəsaitinin əvəzi qismində 2.500 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat, cəmi 2.525 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu icra qeydində göstərilən tələbləri və icra qeydinin sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 08 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmədə bildirdi ki, icra qeydi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra qeydi üzrə müəyyən edilmiş borcunu ödəməsi Şəxs təklif edilmişdir, lakin sonuncu müxtəlif bəhanələrlə həmin icra qeydinin icrasından yayınmışdır. Belə ki, icra qeydinə görə Şəxs tələbkar Zərərçəkmiş şəxs ödənilməmiş borcun əvəzi qismində 2.500 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat, ümumilikdə 2.525 manat məbləğində borcu vardır. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs borcunun heç bir hissəsini tələbkara ödəməmişdir. O, Şəxs maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, sonuncunun icra qeydi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Şəxs iyun ayının 1-dən hansısa özəl şirkətdə işə başadığını iddia etsə də, “Elektron icra” informasiya sistemi üzrə verdiyi sorğu əsasında həmin şəxsin heç yerdə işləmədiyi müəyyən edilmişdir. Digər tərəfdən isə tələbkar Zərərçəkmiş şəxs icra qeydinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir və ondan yuxarı orqanlara şikayətlər edərək, onun icra sənədinin icrasını həyata keçirmədiyini iddia edir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. O, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdikdən sonra sonuncunun qohumları Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gələrək, icra sənədi üzrə borclunun adından 700 manat ödəniş etmişlər. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Notariat Kontorunun 22 fevral 2023-cü il tarixli, 8İ-1945 nömrəli icra qeydinə əsasən o, Zərərçəkmiş şəxs xeyrinə ödənilməmiş borcun əvəzi qismində 2.500 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat, cəmi 2.525 manat məbləğində pul vəsaiti ödəməlidir. O, tələbkar Zərərçəkmiş şəxs 2.500 manat məbləğində pul vəsaitini borc aldığı zaman Sloveniya Respubliaksının “KRKA, Tovarna zdravil, d.d., Novo mesto” şirkətinin Azərbaycanda yerləşən nümayəndiliyində tibbi nümayəndə kimi işləsə də, 26 dekabr 2022-ci il tarixdən öz təşəbbüsü ilə işdən ayrılmışdır. Həmin tarixdən sonra o, işsiz qaldığına, iflas vəziyyətinə düşdüyünə və himayəsində 3 uşağı olduğuna görə tələbkara aldığı borcunu geri ödəyə bilməmişdir. 28 mart 2023-cü il tarixli, 8İ-1945 saylı icra qeydi tərtib oldunduğu vaxt o, hələ də işsiz olmuş və bunu Biləsuvar Rayon İcra və Probasiya şöbəsində verdiyi 30 may 2023-cü il tarixlli izahatında da göstərmişdir. O, əvvəllər yüksək gəlirli işlə məşğul olsa da, uzun müddət işsiz qalmışdır və yaknız iyun ayının 1-dən yeni işə girmişdir. Hal-hazırda aylıq əmək haqqı 450 manat təşkil etsə də, o, hələ maaş almamışdır. Bununla belə, o, bu gün qohumlarının köməyi ilə, icra sənədi üzrə 700 manat ödəniş etmişdir və gələn həftə ərzində də qalan borcunu ödəyəcəyinə söz verir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Notariat Kontorunun 22 fevral 2023-cü il tarixli, 8İ-1945 nömrəli icra qeydinə əsasən icra məmuru tərəfindən 07 aprel 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» 04 sentyabr 2018-ci il tarixli qərarında və Avropa İnsan Hüquqları Məhkəməsinin “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdikləri hüquqi mövqeyi, habelə İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinin və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiyasının və inzibati xətalar qanunvericiliyinin təqsirsizlik prezumpsiyası barədə müddəalarını əsas tutataq hesab edirəm ki, dövlət mülki dövriyyə iştirakçılarının öz aralarında bağladıqları və şərtlərini sərbəst şəkildə müəyyənləşdirdikləri müqavilələrdən irəli gələn münasibətlərə, yalnız tərəflər arasında mübahisə yarandıqda və ya tərəflərdən biri müqavilə öhdəliklərinin icrasından vicdansızcasına boyun qaçırdıqda, ədalət mühakiməsini həyata keçirməklə, həqiqəti müəyyən etmək və pozulmuş hüquqları müdafiə və ya bərpa etmək məqsədilə müdaxilə etsə də, tərəflərin müqavilə öhdəliklərinin icrasına görə məsuliyyət daşımır və həbs təhdidi altında müqavilə öhdəliklərini icra etdirməyə borclu deyildir. Müqavilə münasibətlərindən irəli gələn mübahisə üzrə çıxarılmış məhkəmə aktını icra etməyən tərəf, həmin icra qeydini özünün çətin maliyyə vəziyyətinə görə icra edə bilmədiyini sübut etməyə borclu deyildir. Əksinə, dövlətin adından hərəkət edən icra məmuru, borclunun maliyyə vəziyyətinin icra qeydini icra etməyə imkan verdiyini, lakin borclunun icra məmurunun qanuni tələblərini icrasından boyun qaçırmaqla, habelə gəlirlərini və sair əmlakını gizlətməklə məhkəmə qərarının icrasına vicdansızcasına maneçilik törətdiyini, icra məmurunun qanuni tələblərini icra etməyən borclunun hərəkətlərində qəsdin məhkəmə aktının icrasından boyun qaçırmağa yönəldiyini sübut etməyə borcludur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində 3 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Zərərçəkmiş şəxs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar