Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-653/2025 08.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-346/2023 saylı icra sənədinə əsasən 08 fevral 2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay əmək haqqının 1/3 hissəsi və hər uşaq üçün 50 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən 08 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 məhkəmədə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-346/2023 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs 08 fevral 2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Şəxs qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi (1/3 hissəsi ) və hər bir uşağa görə hr ay 50 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Borclu Şəxs borcundan ödəniş etməmişdir. Hazırda icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirmişdir ki, o, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)- 346/2023 saylı qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk edir. Aliment kəsilən zaman iş yeri olmuş və aliment borcunu vaxtlı-vaxtında ödəmişdir.Lakin, 2025-ci ilin may ayından işdən çıxdığına görə ödənişlərini vaxtında ödəyə bilməmişdir. O, hazırda dörd aydır ki, rəsmi olaraq "xxxx" MMC-də işləyir və 650 (altı yüz əlli) manat əmək haqqı alır. Lakin borcuna görə onun əmək haqqından tutulmalar olunmur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, borclu Şəxs ona bu gün, yəni 08 avqust 2025-ci il tarixdə olan aliment borcundan 1000 (min) manat ödəniş etmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-346/2023 saylı icra sənədinə əsasən icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlanılmışdır. “Elektron informasiya sistemi”ndən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs "xxxx" MMC-də bölmə rəhbəri işləməklə hər ay 650 (altı yüz əlli) manat əmək haqqı alır. Lakin Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsi tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə iclasında tədqiq edilmiş hallarından, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisinin, tələbkar Zərərçəkmiş şəxs və borclu Şəxs izahatından görünür ki, Məmmədov X1 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-346/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən borclunun əmək haqqından tutulmalar edilə bilərdi, lakin heç bir tutulma aparılmamış və onun hərəkətləri qəsdlə əhatə olunmamış və qərəzli xarakter daşımır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: …53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-653/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-653/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver