Məhkəmə qərarları › İş №3(022)-664/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-664/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-664/2025 02.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 baş məsləhətçisi Nümayəndə iştirakı ilə, Şəxs, xx xxxxxx 1965-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs “N-1-QD-38” kollektorunun Biləsuvar rayonu, Nəsimi kəndi ərazisindən keçən hissəsinə müdaxilə edərək, arx qazmaqla balıq gölünün suyunu kollektora axıtmış, bununla da Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinə riayət etməməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə göstərdi ki, o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X3 baş məsləhətçisi vəzifəsində çalışır. 4 saylı X4 rəisinin 04 avqust 2025-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən o, iş yoldaşları ilə birlikdə vətəndaş şikayəti əsasında 06 avqust 2025-ci il tarixdə Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində reyd aparmışlar. Həmin baxış nəticəsində Biləsuvar rayonu, Nəsimi kənd sakini Şəxs “N-1-QD-38” kollektorunun Biləsuvar rayonu, Nəsimi kəndi ərazisindən keçən hissəsinə müdaxilə edərək, orada arx qazdığı və həmin arxa özünəməxsus balıq vətəgəsinin suyunu axıtdığı aşkar edilmişdir. Belə ki, Şəxs Biləsuvar rayon Nəsimi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini icrayəyə götürmüş və orada olan balıq vətəgəsini idarə etmişdir. Həmin balıq gölünün su ilə təmin edilməsi ərazidən keçən kanal vasitəsilə qanuni şəkildə icra edilsə də, Şəxs göldə yaranan tullantı sularının axıdılması üçün kollektor təchizatı sisteminə qoşulmamış və ya qoşulmaq məqsədi ilə müvafiq orqana müraciət etməmişdir. Buna görə həmin şəxs müvafiq orqanlardan heç bir razılıq almadan birbaşa “N-1-QD-38” kollektoruna müdaxilə edərək, balıq vətəgəsinin çirkli suyunu kollektora axıtmışdır. Həmin faktla bağlı onlar tərəfindən Şəxs iştirakı ilə 000823 nömrəli akt tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 264.0.3-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də onun tərəfindən sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda, Nümayəndə Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 06 avqust 2025-ci il tarixli, 000823 nömrəli aktdan və həmin akta əlavə edilmiş fotoşəkildən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 4 saylı X2 04 avqust 2025-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən həmin müəssisənin baş məsləhətçisi Nümayəndə, Biləsuvar rayon S.M.İ.İ-nin SEDAM-n mühəndisi Elvin Əsgərzadə və Biləsuvar rayonu, Nəsimi kənd S.İ.B-nin icraçı direktoru Eyvaz Şıxaliyev yerində baxış keçirilməsi məqsədi ilə “Mərkəzi Muğan” istismar idarəsinin balansında olan və Biləsuvar rayonu, Nəsimi kəndinin ərazisindən keçən “N-1-QD-38” kollektoruna baxış keçirmiş və baxış zamanı kənd sakini Şəxs “N-1-QD-38” kollektorunun mühafizə zonasına müdaxilə edərək, balıq gölünün sularının axıdılması üçün arx qazdığı aşkar edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Nəsimi bələdiyyəsinin 04 avqust 2025-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, Nəsimi bələdiyyəsi tərəfindən Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində bələdiyyənin mülkiyyətində olan su fondu torpaqlarından balıqçılıq təsərrüfatının inkişafı məqsədi ilə 4,16 hektar torpaq sahəsi qanuna müvafiq olaraq müsabiqə vasitəsilə Şəxs icarəyə verilmişdir. İşdə olan 09 sentyabr 2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Nəsimi bələdiyyəsi tərəfindən Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən, ümumi sahəsi 4,16 hektar olan torpaq sahəsi 09 sentyabr 2039-cu il tarixədək Şəxs carəyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 74-cü maddəsinə görə su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları xüsusi qorunan su obyektləridir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə həmin Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə ... su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə ... və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Həmin Qaydaların 25-ci bəndinə əsasən su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 24.1-ci maddəsinin “a” və “b” bəndlərinə görə su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını və hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını rəsmi qaydada tələb edə bilər. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə görə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin inzibati xəta haqqında iş materillarında olan “Elektron Məhkəmə” informasiya sistemindən “Şəxsin vergi məlumatları” altsistemindən çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahbkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, məhkəmə hesab edir ki, fərdi sahibkar Şəxs törətdiyi inzibati xəta məhz onun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti növü ilə bilavasitə əlaqəlidir və həmin şəxs fərdi sahibkar kimi ona verilmiş və qanunla mühafizə edilən hüquqlardan və saləhiyyətlərdən ətraf mühitin mühafizəsi qaydaları əleyhinə sui-istifadə etmişdir və buna görə də Şəxs hazırki inzibati xətanın subyekti qismində fiziki şəxs kimi deyil, vəzifəl şəxs kimi çıxış edir. İşin hallarını və Şəxs şəxsiyyətini və sonuncunun vəzifəli şəxs olmasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar