Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-676/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1972-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 nömrəli qətnaməsinə əsasən Şəxs Zərərçəkmiş şəxs məxsus 200 hektar torpaq sahəsindən çıxarılmaqla iddiaçının istifadə hüququnun bərpa edilməsi, Şəxs vurulmuş maddi ziyana görə 2.000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 nömrəli qətnaməsinə dair icra vərəqəsi tam həcmdə icra edilməsi üçün 18 oktyabr 2007-ci il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi Şəxs torpaq sahəsindən çıxarılması hissəsində icra edilmiş, pul vəsaitinin tutulması hissəsində isə icrasız məhkəməyə geri qaytarılmışdır. Zərərçəkmiş şəxs ərizəsi əsasında Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007ci il tarixli, 2(022)-33/2007 nömrəli qətnaməsinin, Şəxs vurulmuş maddi ziyana görə 2.000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması hissəsinə dair icra vərəqəsi tərtib edilərək, 02 mart 2023-cü il tarixdə icra olunması üçün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 13 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmədə bildirdi ki, 10 yanvar 2007-ci il tarixli, 2(022)- 33/2007 nömrəli icra vərəqəsi həmin ildə Biləsuvar rayon icra qrupunun icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə borclunun əmlak vəziyyəti yoxlanıldıqdan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinin tələbinə əsasən icra vərəqəsi icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Sonradan tələbkar Zərərçəkmiş şəxs Biləsuvar Rayon Məhkəməsinə ünvanlladığı ərizəsinə əsasən həmin icra sənədi 2023-cü ildə icra olunması üçün təkrarən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəmək Şəxs təklif edilmiş, lakin sonuncu müxtəlif bəhanələrlə icradan yayınmışdır. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs borcundan heç bir hissəsini ödəməmişdir. O, Şəxs maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, sonuncunun icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Borclu Şəxs dəfələrlə xəbardar edilməsinə baxmayaraq, tələbkar Zərərçəkmiş şəxs olan 2.000 manat məbləğində borcunu ödəməyəcəyini bildirərək, qərəzli şəkildə icra sənədinin icrasınında yayınır. Digər tərəfdən isə tələbkar Zərərçəkmiş şəxs icra sənədinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 saylı qətnaməsinə əsasən onun Zərərçəkmiş şəxs məxsus 200 hektar torpaq sahəsindən çıxarılması və ondan Zərərçəkmiş şəxs xeyrinə vurulmuş maddi zərərin əvəzi qismində 2.000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti versə də, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Həmin qətnaməyə dair icra vərəqəsi icraya göndərildikdən sonra o, Biləsuvar rayon İcra şöbəsinə çağrılmış və ondan torpaq sahəsindən çıxmaqla yanaşı, Zərərçəkmiş şəxs də 2.000 manat məbləğində pul vəsaiti ödənilməsi tələb olunmuşdur. O, həmin vaxt, üzərində X4 şəkli olan, indi dövriyyədən çıxarılmış min manatlıq əskinaslarla 2.000 manat məbləğində pul vəsaitini icra məmurlarının, o cümlədən icra qrupunun rəhbəri Mehman Mütəllimovun yanında borcunun əvəzi qismində Zərərçəkmiş şəxs təqdim etsə də, həmin şəxs üzərində X4 şəkli olan, indi dövriyyədən çıxarılmış 2 ədəd min manatlıq əskinası qəbul etməkdən imtina etmiş, ondan ziyana görə 20 ədəd yeni 100 manatlıq pul əskinasları ödəməsini tələb etmişdir. Halbuki, həmin vaxt Biləsuvar rayon İcra şöbəsinin xidməti otaqlarında asılmış plakatlarda da yazılmışdı ki, indi dövriyyədən çıxarılmış pul əskinasları 31 dekabr 2007-ci il tarixədək ödəniş vasitəsi kimi qəbul olunmalı idi. Sonradan isə o Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 saylı qətnaməsini qanunsuz və ədalətsiz hesab etdiyinə görə, həmin 2.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödəməmişdir. Bundan təxminən 2 ay bundan əvvəl Zərərçəkmiş şəxs tələbi ilə o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə çağrılmış və yenə də ondan 2.000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsi tələb olunmuşdur. O isə Biləsuvar rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli qətnaməsini həmin ilin dekabr ayında üzərində X4 şəkli olan, indi dövriyyədən çıxarılmış 2 ədəd min manatlıq əskinasları icra məmurlarının yanında təqdim etdiyinə görə, icra etmiş olduğunu bildirmiş və qətnaməni icra etməkdən boyun qaçırmışdır. Onun 2007-ci ildə 2.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs təqdim etməsi barədə heç bir yazılı sübutu olmasa da, o, bu barədə sübutları qısa müddətdə əldə etməyə çalışacaqdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, məsuliyyətini və məhkəmə qətnaməsinin icrasının məcburiliyini dərk etmişdir. Lakin hal-hazırda 2.000 manat məbləğində pul vəsaitini dərhal və tam şəkildə Zərərçəkmiş şəxs ödəmək imkanı yoxdur və 2 ay müddətində həmin pul vəsaitini tam şəkildə Zərərçəkmiş şəxs ödəyəcəkdir. Eyni zamanda o, Biləsuvar rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli qətnaməsinin qanunsuz və ədalətsiz olduğunu qanuni yollarla sübut edərək, icra dönüş aparılmaqla, ödədiyi 2.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs geri alacağı üçün tədbirlər görəcəkdir. Sonda, Şəxs qeyd edilənləri və hüquqi savadsızlığına görə məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 saylı qətnaməsinə əsasən Şəxs onun xeyrinə 2.000 manat məbləğində pul vəsaiti tutulması qət edilsə də, Şəxs illərdir ki, öz borcunu ödəməkdən boyun qaçırır. O, Şəxs maddi vəziyyətinin pisliyi barədə icra məmurlarının mövqeyi ilə razı deyil. Çünki, o, Şəxs yaxşı tanıyır və həmin şəxsin öz təsərrüfatında hazırda ən azı 50 dana saxladığını dəqiq bilir. Özünün isə maddi vəziyyəti daha ağır olduğuna görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun Şəxs onun xeyrinə tutulmasında israr edir. Lakin icra sənədi üzrə borclu Şəxs hal-hazırki vaxtadək ona olan borcundan heç bir ödəniş etməmişdir. Sonda, Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X2 bildirdi ki, o, 1990-cı illərin ortalarından 2008-ci ilin yanvar ayınadək Biləsuvar rayon icra şöbəsinin rəisi vəzifəsində işləsə də, 2007-ci ilin iyul ayında əmək məzuniyyətinə çıxdıqdan sonra səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirdiyinə görə bir daha işə çıxmamış və 2008-ci ilin yanvar ayında tutduğu vəzifədən azad edilmişdir. Şəxs onun yanında Zərərçəkmiş şəxs Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 saylı qətnaməsinin icrası qaydasında hər hansı pul vəsaiti ödəməmişdir. Lakin o, xatırlayır ki, həmin vaxt icra məmuru işləmiş, hazırda pensiyada olan Xalıq Şahbazov ona söyləmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasına görə, dövriyyədən çıxarılmış pul əskinasları təqdim etmiş, həmin pul əskinaslarının qəbul edilməsindən imina edilmişdir. Çünki, 2005-ci ilin fevral ayında Azərbaycan Respublikasında yeni pul nişanları dövriyyəyə buraxılmış, 1 yeni manat keçmiş 50.000 manata bərabər tutulmuş, keçmiş pul nişanları isə 2007-ci ilin yanvar ayından döviyyədən tam çıxarılmışdır. Şəxs isə Biləsuvar rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli qətnaməsini həmin ilin dekabr ayında, üzərində X4 şəkli olan, artıq dövriyyədən çıxarılmış 2 ədəd min manatlıq əskinasları təqdim etmək yolu ilə icra etməyə cəhd göstərmiş, Şəxs təklif etdiyi, dövriyyədən çıxarılmış pul vəsaitlərinin qəbul olunmasından imtina edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, habelə şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 10 yanvar 2007-ci il tarixli, 2(022)-33/2007 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 16 mart 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-676/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-676/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver