Məhkəmə qərarları › İş №3(022)-677/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-677/2024

27.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-677/2024 27.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X5 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Biləsuvar RPŞnə müraciət edərək qardaşı oğlu Şəxs tərəfindən sosial şəbəkədə barəsində rüsvayedici məlumatların yayımasını, onu təhqir etməsini, şantaj edərək küllü miqdarda pul tələb etdiyini, barəsində mesaj, şəkillər və videolar paylaşdığını, işgüzar fəaliyyətinə xələl gətirən hərəkətlər etməsini bildirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 göstərmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskə baxış keçrilmiş, Şəxs tərəfindən sosial şəbəkədə təhqiredici məlumatların, şəkillərin və videoların paylaşılması öz təsdiqini tapmışdır. Bununla bağlı protokol tərtib edilərək materiala əlavə edilmişdir. Beləliklə, toplanmış materialla müəyyən edilmişdir ki, Biləsuvar rayonu Əsgərabad kəndində yaşayan Zərərçəkmiş şəxs müraciətində göstərdiyi xüsusat, yəni Şəxs tərəfindən Zərərçəkmiş şəxs barəsində sosial şəbəkədə təhqiredici məlumatların, şəkillərin, videoların paylaşılması, ümumilikdə pul, maşın və ev istəməsi araşdırma zamanı öz təsdiqini tapsa da, hədə qorxu ilə pul tələb etməsi öz təsdiqini tapmamışıdır. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması inzibati xətanın tərkib ələamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbirinin görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Biləsuvar RPŞ-nin İTB-nə göndərilmişdir. Belə ki, Şəxs sosial şəbəkədə Zərərçəkmiş şəxs barəsində təhqiredici videolar, şəkillər paylaşmış, onu narkotik maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və küllü miqdarda vergidən yayınmasında günahlandırmış, sonuncunu təhqir edərək işgüzar fəaliyyətinə xələl gətirən məlumatlar yaymışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş “İnternet İnformasiya ehtiyatının və onun dornen adını sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması” inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir, evləri qonşudur. Əvvəllər onunla münasibəti normal olmuşur. O, oxumaq istəməmiş, işləmək istəmiş, lakin əmisi Fizuli ona “qələt edirsən, oxumalısan, hərbi xidmətə getməlisən, bundan sonra sənin üçün hər şey edəcəm” demişdir. O, Turizm və Menecment Universitetini bitirmiş, hərbi xidmətə getmiş, 052-də xidmətə əmisi Fizulinin köməkliyi ilə düşmüş, hərbi xidmətdən qayıtdıqdan sonra əmisi Fizuli dediyi vədləri yerinə yetirməmiş, onu başdı-başına buraxmış, maşın və ev almamışdır. Adlarına olan 0,10 ha torpağı öz adına keçirtmiş, hər dəfə həyətlərinə gəlib onu təhqir etmiş, Bakı şəhərində adına şakalat fabriki açmış, qardaşını aparıb ora müdir qoymuşdur. Ona bir ildən sonra obyekti verəcəyini demişdir. Ona qarşı haqsızlıq etdiyi üçün qeyd edilən məzmunda şikayətlər və sosial şəbəkədə paylaşımlar etmişdir. Fizuli haqqında ona məlumatları əmisi X6 vermiş, hazırda əmisi Almaniyada yaşayır. Əmisi Füzulinin telefonuna söyüş yazmış, onu qida təhlükəsizliyinə işə düzəltməsini demiş, əmisi telefona cavab vermədiyi üçün sosial şəbəkədə onun şəklini tualetin unitazına salmış, narkotik maddə alveri ilə məşğul olmasını, vergidən yayınması haqqında paylaşım etmişdir. Əmisi Fizuli haqqında təhqiredici məlumatların yayılması və məlumatların silinməsi müqabilində ondan pul istəməmişdir. xx.xx.2024-cü il tarixdə telefonuna söyüş yazmış, lakin evinə gəlməmiş, evinə daş atmamış və ailə üzvlərini təhqir etməmişdir. Sonda Şəxs etdiyi hərəkətlərin utandırıcı olduğunu, onun bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, 23 nəfər işçisi vardır, 66 ailə onun müəssisəsindən dolanır. Şəxs onun qardaşı oğludur. 2023-cü ilin payızından Seyidhəsən onun barəsində sosial şəbəkədə həqiqəti əks etdirməyən paylaşımlar etmiş, rüsvayedici söyüşlər, mesajlar və şəkilləri öz saitında paylaşmışdır. Qeyd olunan paylaşımların silinməsi üçün pul tələb etmişdir. Lakin onun barəsində şikayət etməmiş, ona müəyyən pul köməklikləri etmişdir. Son vaxtlar Şəxs sosial şəbəkədə onun şəkillərini paylaşmış, həqiqətə uyğun olmayan məlumatlar göstərmiş, bunun müqabilində hədə-qorxu ilə küllü miqdarda pul tələb etmiş və işgüzar fəaliyyətinə mənfi təsir edən xəbərlər yaymışdır. İş materialında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 icraatında olan HK-1/1371 saylı yoxlama materialı üzrə qəbul edilmiş 27 iyul 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 388-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 388-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 388-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 388-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar