Məhkəmə qərarları › İş №3(022)-686/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-686/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-686/2024 02.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Bakı şəhəri, Binəqədi rayonunda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar rayonu İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 02 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Biləsuvar Rayon Məhkəməsinin 04 may 2023-cü tarixli, 2(022)-524/23 saylı icra icra sənədinə əsasən Şəxs 5930.94 manat “X5” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Biləsuvar rayon Notariat Kontorunun 26 may 2023-cü il tarixli, 8İ-3740 saylı, 26 may 2023-cü il tarixli, 8İ-3741 saylı, 30 may 2023-cü il tarixli, 8İ-3802 saylı icra sənədinə əsasən 3508 manat, Zərərçəkmiş şəxs2 xeyrinə, 29 may 2024-cü il tarixli, 8İ-4002 saylı icra sənədinə əsasən 4756.50 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi müəyyən edilmiş, icra vərəqəsində qeyd olunan tələb icra məmurunun müəyyən etdiyi müddətdə icra edilməmiş, nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 04 may 2023-cü tarixli, 2(022)-524/23 saylı icra icra sənədinə əsasən 5930.94 manat “X5” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Biləsuvar rayon Notariat Kontorunun 26 may 2023-cü il tarixli, 8İ-3740 saylı, 26 may 2023-cü il tarixli,8İ-3741 saylı, 30 may 2023-cü il tarixli, 8İ-3802 saylı icra sənədinə əsasən 3508 manat , Zərərçəkmiş şəxs2 xeyrinə, 29 may 2024-cü il tarixli, 8İ-4002 saylı icra sənədinə əsasən 4756.50 manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi 04 may 2023-cü il tarixdə, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Şəxs həmin icra sənədinin icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Hazırda Şəxs adları çəkilən tələbkarlara borcu ümumilikdə 14195.44 manat təşkil edir. Sonda, Ş.İ.İbrahimova tələbkarlar tərəfindən borcun ödənilməsinin tələb edildiyini, icra sənədinin indiyə qədər borclu tərəfindən icra edilmədiyini, ancaq borclunun əməlində qərəz olmadığını, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, bunun səbəbi kimi işsiz olduğu və adına daşınar və yaxud da daşınmaz əmlakının olmadığını göstərdiyini, üzürlü səbəb olmadan icra sənədini icra etmədiyini bildirmiş və Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə olaraq işsiz olduğu, iş tapa bilmədiyi və adına heç bir əmlak olmadığından borcunu ödəyə bilməmişdir. Həmçinin, Şəxs müharibə veteranı olduğunu, ölkə başçısı cənab X4 tərəfindən “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildiyini, eləcə də himayəsində 8 aylıq qız övladı olmasını bildirmişdir. Şəxs iş tapa bilməməsinin səbəbini göstərərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı müharibədə keçirmiş olduğu qapalı kəllə-beyin travması aldığından, eləcə də onurğasında qəlpə yarası olduğundan hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılanadək əmək haqqısı müntəzəm olaraq 2000-2500 manat olduğu üçün həmin məbləğlərin ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin qeyd edilən səbəblərdən işsiz qalmışdır. Hazırda müharibə iştirakçısı əsasına görə ona dövlət tərəfindən verilən 80 manat təqaüdün 50 faiz hissəsi icra sənədləri üzrə borc məbləğindən hər ay davamlı olaraq silinir. Bundan əlavə Şəxs bu gün 100 manat ödəniş edə biləcəyini, növbəti aydan etibarən isə 100-150 manat məbləğində mütəmadi ödəniş həyata keçirəcəyini bildirdi. Göstərilənləri nəzərə alaraq icra sənədini icra etməkdən qərəzli şəkildə boyun qaçırmadığını, buna görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(022)-524/23 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 12 iyul 2023-cü il tarixdə, Biləsuvar rayon Notariat Kontorunun 26 may 2023-cü il tarixli, 8İ-3740 saylı icra sənədinə əsasən 20 iyun 2023-cü il tarixdə, 26 may 2023cü il tarixli, 8İ-3741 saylı icra sənədinə əsasən 20 iyun 2023-cü il tarixdə, 30 may 2023-cü il tarixli, 8İ-3802 saylı icra sənədinə əsasən 20 iyun 2023-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim edilən vəsiqə, medal və tibbi sənədlərə əsasən Şəxs “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmiş, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Müharibə veteranı” vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 03 oktyabr 2022-ci il tarixli 11691 nömrəli arayışından görünür ki, hərbi komissiya tərəfindən Şəxs “hərbi xidmət dövründə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun: 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı: Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş, eləcə də icra işində olan sənədlərlə Şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət dövründə xəsarət alması səbəbindən səbəbindən hazırda işləməməsi, hər hansı ödəniş edə bilməməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, o, hərbi xidmət dövründə xəsarət aldığı üçün işləmək iqtidarında olmaması, fiziki olaraq öhdəsindən gələ biləcək iş yeri tapa bilməməsi səbəbindən borcu yaranmışdır. Göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar