Məhkəmə qərarları › İş №3(022)-692/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-692/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-692/2023 21.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə, Şəxs, xx xxxxx 1994-cü il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 20 iyun 2023-cü il tarixdə, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında, uca səslə nalayiq ifadələr işlədərək, həmin polis şöbəsinin normal fəaliyyətini pozmuşdur. Bundan başqa, Şəxs 20 iyun 2023-cü il tarixdə, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 21 iyun 2023-cü il tarixli müvafiq qərarlarla İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi N.V.Baxşəli məhkəmədə bildirdi ki, Biləsuvar Rayon Polis X1 Bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Şamil Həsənlinin icraatında olan materialın araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar Şəxs, izahatının alınması məqsədi ilə, 20 iyun 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə dəvət edilmişdir. Lakin Şəxs Biləsuvar rayon polis şöbəsinə gəlmədiyinə görə polis əməkdaşları sonuncunun yaşadığı ünvana getmişlər. Həmin şəxs evində olmadığına görə onun şəxsi istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq sonuncunu polis şöbəsinə dəvət etmişlər. Şəxs polis şöbəsinə gəldikdən sonra Biləsuvar rayon polis şöbəsinin rəis müavini Nicat Orucovun ximdəti otağında olduğu zaman, həmin şəxsə polis əməkdaşlarının çağırışına gəlməməsinin səbəbləri barədə sual verildikdə Şəxs heç bir səbəb olmadan əsəbləşmiş və uca səslə ünvansız nalayiq ifadələr istifadə etməklə, söyüş söymüş və bir neçə dəqiqə ərzində polis xidməti faəliyyətini pozmuşdur. Nicat Orucov tərəfindən həmin şəxsə şöbənin nizam-intizam qaydaları barədə xəbərdarlıq edilsə də, sonuncu buna əhəmiyyət verməyərək əməlinə davam etmiş və hər gün polis şöbəsində çağırılmasına etiraz etmişdir. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, Biləsuvar rayonu Ağalıkənd kənində ailə üzvləri ilə birgə yaşayır. Bir müddət bundan əvvəl yaşadığı kənddə cinayət hadisəsi baş vermişdir. Belə ki, onun yaşadığı evdən 2 küçə aralıda yerləşən həmkəndlisinin evinə gecə vaxtı kimlərsə qanunsuz olaraq daxil olmuş və həmin evdə yaşayan qadına qarşı əxlaqsız hərəkətlər etmək istəmişlər. Qadın hadisə vaxtı hay-küy saldığına və kömək çağırdığına həmin şəxs qaçıb getmişdir. Həmin hadisə zamanı qadının ailə üzvləri evə daxil olmuş şəxsi ona oxşatdıqlarına görə hadisədən dərhal sonra qadının atası onun yaşadığı evə gəlmiş və baş vermiş hadisədə iştirakı ilə maraqlanmışdır. O, həmin gün, səhər erkəndən gecə saatlarına qədər, idarə etdiyi və üzərində su çəni olan yük avtomaşını ilə qonşu kəndlərdə su satışı ilə məşğul olduğunu bildirmiş və hadisədən xəbərsiz olduğunu söyləmişdir. Bundan dərhal sonra o, atası ilə birgə, dərhal hadisə yerinə getmişdir. Hadisə yerində olan polis əməkdaşları ona sərxoş olduğunu bildirmiş və hadisənin törədilməsində ondan şübhələndiklərinə görə onu Biləsuvar rayon Polis Şöbəsinə aparmışlar və orada 2 gün saxlamışlar. 2 gün ərzində istintaq hərəkətləri aparılsa da, onun hadisədə iştirak etmədiyi müəyyən edilmişdir. Belə ki, hadisə yerində tapılmış barmaq izləri ilə ondan götürülmüş barmaq izləri uyğunlaşmadığına, habelə onun gün ərzində su satışı ilə məşğul olduğu şahid ifadələri və kamera görüntüləri ilə təsdiq olunduğuna görə o, həbsdən azad edilmişdir. Həmin hadisə günü qadının əri Bakı şəhərində olsa da, o, polis şöbəsindən azad olunduqdan bir neçə gün sonra həmin şəxslə görüşmüş və hadisədə heç bir təqsirinin olmadığına qadının ailə üzvlərini inandırmışdır. Bundan sonra qanunsuz hərəkətlərə məruz qalmış qadının ailə üzvləri Biləsuvar rayon polis şöbəsinə çoxsaylı şikayətlər edərək, hadisədə təqsirli olan şəxsin müəyyən edilməsini tələb etmişlər. Lakin Biləsuvar rayon polis şöbəsinin əməkdaşları hadisəni törədən şəxsləri tapa bilmədilərinə görə onu dəfələrlə polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının bütün çağırışlaşrına gəlmiş və qanuni tələblərinə əməl etmişdir. 20 iyun 2023-cü il tarixdə, səhər saatlarında o, özünə məxsus yük avtomaşını ilə suvarma işləri görən zaman qardaşı yenə də ona zəng edərək, polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə çağrıldığını xəbər vermişdir. Buna görə də o, işlərini tez yekunlaşdıraraq, nahar etmək üçün yaşadığı evə gəlmiş və bu zaman Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Əli Hüseynzadə onun mobil telefonuna zəng edərək, onu təkrarən həmin polis şöbəsinə çağırmışdır. Buna görə də dərhal atası ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə gəlmişdir. Biləsuvar rayon polis şöbəsinin qarşısında o, uzaq qohumu olan vəkil F.Ə.Quliyevlə rastlaşmışdır. F.Ə.Quliyev Biləsuvar rayon polis şöbəsinə çağrılmasının səbəbini soruşmuş, o da baş verənləri təfərruatı ilə danışmışdır. F.Ə.Quliyev özünün də polis şöbəsində işləri olduğunu, zərurət yaranarsa, ona hüquqi yardım göstərə biləcəyini demişdir. Bundan sonra o, polis serjantı Ə.Hüseynzadə ilə birlikdə, polis rəisinin müavini Nicat Orucovun xidməti otağına getmişdir. Rəis müavini Nicat Orucov bir ay öncə baş vermiş hadisə ilə əlaqədar onu təkrarən sorğusual etmiş, o da tam səmimi və sakit şəraitdə N.Orucovun suallarına cavab vermişdir. O, həmin vaxt ərzində heç bir qanunsuz hərəkət etməmiş, əksinə həmin polis əməkdaşı ona baş vermiş cinayət hadisəsi ilə əlaqədar 5 gün müddətinə inzibati həbs verəcəyini bildirmişdir. O isə buna etiraz etdiyi zaman Nicat Orucov ona hər bir halda həbs ediləcəyini söyləmişdir. Daha sonra polis serjantı Ə.Hüseynzadə onu müvəqqəti saxlama yerinə aparmış və o, dünən gecə polis şöbəsinin müvəqqəti saxlama yerində saxlandıqdan sonra bu gün barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Halbuki, o, heç bir xuliqanlıq hərəkətlərinə yol verməmiş, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. Eyni zamanda o, N.Orucovun xidməti otağında olarkən, rəis müavini ilə yanaşı orada yalnız polis serjantı Ə.Hüseynzadə olmuşdur. Digər polis əməkdaşı İlqar Babayevi o, dünən polis şöbəsində görməmiş və həmin şəxs onunla eyni vaxtda N.Orucovun xidməti otağında olmamışdır. Onun polis əməkdaşlarına tabesizlik göstərmək niyyəti olsa idi, könüllü olaraq Biləsuvar rayon polis şöbəsinə gəlməzdi. Bundan başqa, Biləsuvar rayon polis şöbəsinin inzibati binasında quraşdırılmış videokameralardakı görüntülərə baxış keçirilərsə, onun sakit şəraitdə rəis müavini Nicat Orucovun xidməti kabinetinə girdiyi və cəmi bir neçə dəqiqə sonra sakit şəkildə həmin otağı tərk etdiyi, polis nəfəri İlqar Babayevin isə onunla eyni vaxtda həmin otağa daxil olmadığı sübut olunacaqdır. Sonra Şəxs onun hərəkətlərində inzibati xətanın tərkibinin olmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsiri müəyyən edilsə də, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, o, Biləsuvar Rayon Polis X1 bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir. 20 iyun 2023-cü il tarixdə Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi N.V.Baxşəli ona Biləsuvar rayonu Ağalıkənd kənd sakini Şəxs izahatının alınması üçün şöbəyə gətirilməsi ilə bağlı tapşırıq vermişdir. O, həmin şəxsin yaşadığı ünvana getmiş və sonuncu evdə olmadığına görə onun mobil telefonuna zəng vuraraq şöbəyə gəlməsini bildirmişdir. Həmin şəxs isə şöbəyə gələcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək şöbəyə gəlmə vaxtını yubatmışdır. Şəxs həmin axşam, saat 18 radələrində polis şöbəsinə gəlmiş və o, sonuncunu şöbənin girişində qarşılayaraq rəis müavini Nicat Orucovun xidməti otağına aparmışdır. Şəxs qəbul zamanı verilən sulallardan əsəbləşmiş və 2-3 dəqiqə ərzində, həm barəsində cinayət baş vermiş, həmkəndlisi olan qadının ünvanına, həm də polis əməkdaşlarının ünvanına uca səslə söyüşlər söymüşdür. O və xidməti otaqda olan digər polis əməkdaşı İlqar Babayev Şəxs sakitləşdirməyə çalışsalar da, həmin şəxs tabesilik göstərərək, daha da aqressivləşmiş və qışqıraraq söyüşlər söymüşdür. Şəxs hay-küyü və söyüş səsləri o qədər ucadan idi ki, hətta inzibati binanın həyətində olan vətəndaşlar da bunu rahatlıqla eşidə bilərdi. Buna görə də o, rəis müavini N.Orucovun tapşırığı əsasında Şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsində polis nəfəri vəzifəsində işləyir. 20 iyun 2023-cü il tarixdə, səhər saatlarında, Biləsuvar rayon polis X1 bölməsinin sahə rəisi N.V.Baxşəli ona Biləsuvar rayonu Ağalıkənd kənd sakini Şəxs izahatının alınması üçün şöbəyə gətirilməsi ilə bağlı tapşırıq vermişdir. O, iş yoldaşı Əli Hüseynzadə ilə birlikdə, həmin şəxsin yaşadığı ünvana getmiş və sonuncu evdə olmadığına görə qardaşı vasitəsilə polis şöbəsinə dəvət olunmuşdur. Şəxs isə polis şöbəsinə gələcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək şöbəyə gəlmə vaxtını yubatmışdır. Həmin şəxs 20 iyun 2023-cü il tarixdə, saat 18 radələrində, polis şöbəsinə gəldiyi zaman o, iş yoldaşı Ə.Hüseynzadə ilə birlikdə Şəxs şöbənin inzibati binasının girişində qarşılamış və rəis müavini Nicat Orucovun qəbuluna aparmışlar. Həmin şəxs Nicat Orucovun qəbulunda olan əsəbi halda, şöbəyə dəfələrlə çağırılmasına etiraz etmiş və söyüşlər söymüşdür. Şəxs nalayiq ifadələri ona və digər polis əməkdaşlarına qarşı deyil, onun barəsində şikayət edən şəxslərə ünvanlamışdır. Şəxs söyüşləri uca səslə deyil, hamının eşidə biləcəyi normal səslə səsləndirsə də, həmin şəxs təxminən 20 dəqiqə ərzində davamlı olaraq mişdir. Həmin vaxtda rəis Nicat Orucovun xidməti otağının qapısı bağlı şəkildə olmuşdur. Daha sonra onlar rəis müavini N.Orucovun tapşırığı əsasında Şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Beləliklə, inzibati xəta haqqında işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Şəxs 20 iyun 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin inzibati binasına könüllü şəkildə gəlmişdir. İşdə olan sübutlarla Şəxs Biləsuvar rayon polis şöbəsinin inzibati binasında olduğu zaman polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməsi müəyyən edilməsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə təsdiq olunur ki, Şəxs 20 iyun 2023-cü il tarixdə, saat 18 radələrində, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda, uca səslə nalayiq ifadələr işlədərək, həmin polis şöbəsinin normal fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının izahatları bir-biri ilə uyğunluq təşkil etməmiş və həmin əməkdaşlar tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edə biləcək videogörüntülər iş materiallarına daxil ediləməmişdir. Belə hallar isə məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə şübhəli məqamlar hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla şəxsin təqsirli olmasını şübhə altına alır, sonuncunun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatların formal mülahizələr əsasında tərtib olunmasını, həmin şəxsə istinad edilən polisin qanuni tələbinə tabe olmama əməlinin yalnız formal mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanmasını, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən halların məhkəmə iclasında sübuta yetirilməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 2 uşağının olmasını yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar