Məhkəmə qərarları › İş №3(022)-692/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-692/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-692/2025 25.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1980-ci il tarixdə Biləsuvar rayonundaə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(022)-1585/2017 saylı əmrinə əsasən Şəxs əsas borc qismmində 246 manat, cərimə qismində 201 manat, 447 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 25 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi İ.İ.Əzizov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(022)-1585/2017 saylı əmrinə əsasən Şəxs cəmi 447 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmin icra sənədi 31 iyul 2017-ci l tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin keçmiş icra məmuru Nicat Bəhmənovun icraatına daxil olmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş verilmiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Borclu Şəxs icra sənədi üzrə hal-hazıradək borcundan cəmi 70 manat ödəniş etmişdir. Hazırda borclunun tələbkara 397 manat borcu qalmışdır. 28 avqust 2025-ci il tarixli izahatında Şəxs ailəsinin yeganə gəlir mənbəyi olduğunu, fərdi əməklə məşğul olmaqla yalnız ailəsinin maddi ehtiyacları ödəməyə imkanının olduğunu, 1 oğlunun hərbi xidmətdə, qızının isə tələbə olduğunu, buna görə də icra sənədi üzrə olan borcunu ödəməyə imkanının olmadığını bildirmiş, hər ay 50 manat məbləğində hissə-hissə ödəniş etməyə imkanın olacağını bildirmişdir. Bu isə Şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırdığını göstərir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Yalnız bundan sonra, yəni bu gün – 25 avqust 2025-ci il tarixdə Şəxs icra sənədi üzrə tələbkara borcundan daha 100 manat ödəniş etmişdir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, O, 2017-ci ildə tələbkar Zərərçəkmiş şəxs nisyə şəkildə telefon almış, lakin maddi vəziyyəti aşağı olduğuna görə həmin telefonun pulunu tələbkara qaytara bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs borcun məcburi qaydada ondan tutulması məqəsi ilə məhkəmədə ona qarşı iddia qaldırmışdır. Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(022)- 1585/2017 saylı əmrinə əsasən ondan cəmi 447 manat məbləğində pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. O, uzun müddət işsiz olduğuna və gəlir mənbəyi olmadığına görə tələbkara olan borucnu qaytara bilməmişdir. Belə ki, hazırda onun oğlu həqiqi hərbi xidmətdə, qızı isə tələbədir. O, daş karxanasında günəmuzd fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Buna görə də o, hazırki tarixədək tələbkara olan borcunu ödəyə bilməmişdir. O, əməlindən peşmandır və icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, iş yerindən növbəti ay üzrə əmək haqqını avans olaraq alaraq, tələbkara olan borcundan 100 manat ödəniş etmiş, qalan borcunu da 1 ay ərzində ödəyəcəyi barədə tələbkar Zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Onun icra sənədini icra etməməsinə səbəb maddi vəziyyətinin buna imkan verməməsi olmuşdur. Sonda, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmədə bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli əmrinə əsasən Şəxs ona cəmi 447 manat məbləğində borcunu ödəməlidir. Lakin həmin məhkəmə əmri icraya yönəldildiyi vaxtdan hazırki tarixədək borclu icra sənədini icra etməmiş, ona olan borcundan cəmi 70 manat geri qaytarmışdır. O isə Şəxs ona olan borcunu qaytarmaması və Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli əmrinin icra edilməməsi barədə yuxarı orqanlara çoxsaylı şikayətlər ünvanlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi İ.İ.Əzizov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Lakin Şəxs həmin protokolla tanış olduqdan sonra ona olan borcundan daha 100 manat ödəmiş, qalan 297 manat məbləğində borcunu isə 2 ay ərzində tam qaytaracağını vəd etmışdır. O, artıq əmindir ki, Şəxs borcunu ödəməməsinə səbəb həmin şəxsin maddi imkansızlığı olmuşdur və o, həmin şəxsin qərəzli olaraq borcu ödəmədiyini düşünmür. Buna görə də Zərərçəkmiş şəxs borclu Şəxsin inzibati məsuliyyətdən azad edilməsini və həmin şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017ci il tarixli, 2(022)-1585/2017 saylı əmrinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 31 iyul 2017-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İşdə olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Bəhmənovun borclunun axtarılması barədə 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, borclu Şəxs Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(022)-1585/2017 saylı icra sənədini üzrlü səbəblərdən tam icra etməmiş və həmin şəxsin hərəkətləri qəsdlə əhatə olunmamışdır. Bundan başqa, Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(022)- 1585/2017 saylı icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Lakin işə məhkəmədə baxıldığ müddətdə borclu Şəxs Biləsuvar rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(022)-1585/2017 saylı icra sənədi üzrə 170 manat məbləğində olan borcunu tələbkara ödəmiş, qalan borcunu 2 ay ərzində ödəməsi barədə tələbkarla razılıq əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar