Məhkəmə qərarları › İş №3(022)-708/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-708/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-708/2024 12.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Yardımlı Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2(038)-315/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 11 noyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment və Yardımlı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(038)-154/2021 tarixli icra sənədinə əsasən 08 mart 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 tərəfindən 12 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, Yardımlı Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2(038)-315/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 11 noyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində və Yardımlı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(038)-154/2021 saylı icra sənədinə əsasən 08 mart 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. İcra sənədləri Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Borclu Şəxs ümumilikdə tələbkara hazırda 1500 (bir min beş yüz) manat məbləğdə borcu vardır. Hazırda icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirmişdir ki, o, Yardımlı Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2(038)-315/2020 saylı və Yardımlı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(038)- 154/2021 saylı qətnamələrinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk edir. O, rəsmi olaraq “A+CO” Açıq Səhmdar Cəmiyyətində Sürücü işləyir və hər ay 450 manat əmək haqqı alır. Onun tələbkara olan borcu icra məmuru tərəfindən əmək haqqına yönəldilə bilərdi. Sonda borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. İşin müəyyən edilmiş hallarından görünür ki, Yardımlı Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2(038)-315/2020 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli və Yardımlı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(038)-154/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. İş üzrə elektron qaydada portaldan çıxarışdan görünür ki, Şəxs “A+CO” Açıq Səhmdar Cəmiyyətində Sürücü işləyir və aylıq əmək haqqı 450 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin məhkəmə iclasında tədqiq edilib hallarından, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və borclu Şəxs izahatından görünür ki, Yardımlı Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2(038)- 315/2020 saylı və 21 aprel 2021-ci il tarixli, 2(038)-154/2021 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən bütün zəruri icra tədbirləri görülməmişdir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bundan başqa, Yardımlı Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2(038)- 315/2020 saylı və 21 aprel 2021-ci il tarixli, 2(038)-154/2021 saylı icra sənədlərinin icrasının təmini məqsədi ilə Şəxs icra məmuru tərəfindən lazımi şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İXM-in 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilən yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar