Məhkəmə qərarları › İş №3(022)-716/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-716/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-716/2023 05.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 2000-ci ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Bəydili kəndində qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,075 qram olan psixiotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən 03 iyul 2023-cü il tarixdə, saat 13:00 radələrində, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonu Bəydili kəndində, şəhid Rüfət Mikayılov adına tam orta məktəbin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış, Biləsuvar Rayon Polis Şöbəsində üzərinə keçirilmiş baxış zamanı həmin narkotik vasitə olan metmanfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş R.B.Kazımzadə göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 03 iyul 2023-cü il tarixdə Biləsuvar rayonu Bəydili kənd sakini Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Bəydili kəndində, şəhid Rüfət Mikayılov adına tam orta məktəbin qarşısında hərəkətdə olarkən saxlanılmış, Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış, orada video çəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Şəxs üzərindən psixiotrop maddə metamfetamin aşkar olunmuşdur. Toplanmış məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Bəydili kəndində yaşayır. O, əvəllər narkotik vasitə istifadə etmiş və buna görə də 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O, 2021-ci ilin fevral ayında cəzasının sonu ilə həbsdən azad edilmişdir. O, həbsdən azad ediləndən sonra Bakı şəhərinə işləməyə getmiş və “8-ci kilometr” adlanan ərazidə yerləşən bazarda araba ilə yük daşıma işi ilə məşğul olmuşdur. 2023-cü ilin iyun ayının sonlarında o, Bakı şəhərində, “8-ci kilometr” adlanan ərazidə yerləşən bazarda tanımadığı şəxsdən 4 manata psixiotrop maddə olan metamfetamin almış və həmin metamfetaminin yarı hissəsini Bakı şəhərində istifadə etmişdir. O, Bakı şəhərindən qayıtdıqdan sonra yaşadığı Biləsuvar rayonu Bəydili kəndində, şəhid Rüfət Mikayılov adına tam orta məktəbin qarşısında hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Biləsuvar Rayon Polis Şöbəsində videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bu zaman o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 04 iyul 2023-cü il tarixli, 19/697 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,075 qram olan ağ rəngli kristallardan ibarət olan psixiotrop maddə metamfetamindir. Tədqiqata 0,03 qram sərf olunmuş, qalıq – 0,045 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,045 qram olan psixiotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,045 qram olan psixiotrop maddə metamfetamin məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar