Məhkəmə qərarları › İş №3(022)-744/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-744/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-744/2025 02.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1992-ci il tarixdə Biləsuvar rayonu, Səmədabad kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, hiayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-825/2022 saylı icra sənədinə əsasən Şəxs əmlaka dəymiş ziyan nəticəsində təmir üçün çəkilmiş xərcin əvəzi qismində 14.843 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən 02 sentyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi İ.İ.Əzizov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-825/2022 saylı qətnaməsinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə dəymiz ziyanın əvəzi qismində cəmi 14.943 manat pul tutulmalıdır. Həmin icra sənədinə əsaəsn onun tərəfidnən 17 fevral 2025-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə Şəxs rəsmi qaydada məlumatlandırılmışdır. Həmin şəxsə borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, Şəxs verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu tam şəkildə ödəməyə imkanı olmadığını, hazırda işsiz olduğunu bildirmişdir. Borclu bu gün, yəni 02 sentyabr 2025-ci il tarixdə də verdiyi izahatında işsiz olduğu üçün tələbkara olan borcunu ödəyə bilmədiyini və hər ay 100 manat olmaqla, borcunu hissəhissə şəkildə bağlayacağını bildirmişdir. Borclu icra sənədi icraat yönəldildiyi tarixdən hazırki vaxta qədər tələbkara olan borcundan cəmi 800 manat ödəniş etmişdir. Hazırda Şəxs tələbkara olan borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə borclunun yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, 2021-ci ilin dekabr ayında o, idarə etdiyi avtomobillə tələbkar Zərərçəkmiş şəxs məxsus obyektə ziyan vurduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin hadisə nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Biləsuvar rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ondan əmlaka dəymiş ziyanın əvəzi qismində cəmi 14.943 manat məbləğində pulun tələbkarın xeyrinə tutulması qət edilmişdir. O. Həmin qətnamədən apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarı ilə onun şikayəti təmin edilməyərək, Biləsuvar rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən 2025-ci ilin fevral ayında icraata başlanılmışdır. Lakin o, heç yerdə işləmədiyi və maddi imkanı aşağı olduğu üçün məhkəməninin qətnaməsi ilə müəyyən edilmiş borcu tam ödəyə bilməmişdir. O, hazırda qeyri-rəsmi olaraq ofisiant işində işlədiyinə görə maddi vəziyyəti məhkəmə qətnaməsi ilə olan borcunu tam ödəyə bilmir və son 6 ay ərzində 600 manat, bu gün isə daha 200 manat ödəmişdir. O, hazırda törətdiyi əmələ görə peşmandır və tələbkara olan borcunu hissə-hissə ödəməyə çalışacaqdır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-825/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 17 fevral 2025-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən səmimi peşmançılığını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin qətnamənin qəbul edilməsinə əsas olmuş inzibati xəta baş verdikdən sonra təxminən 3 il 9 ay ərzində vurduğu maddi zərəri ödəmək üçün heç bir tədbir görməməsini, təxminən 2 il ay 4 aydan artıq müddətdə davam edən mülki araşdırma üzrə qəbul edilmiş məhkəmə aktı icraya yönəldildikdən sonra təxminən 6 ay ərzində cəmi 800 manat ödəniş etməsini nəzərə alaraq hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 02 sentyabr 2025-ci il tarixdən, saat 17:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar