Məhkəmə qərarları › İş №3(022)-763/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-763/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-763/2024 26.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Nümayəndə iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar rayonu İsmətli kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar rayonu İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 26 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü tarixli, 16(010)-278/23 saylı icra icra sənədinə əsasən Şəxs hər ay 400 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən 26 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü tarixli, 16(010)-278/23 saylı icra icra sənədinə əsasən Şəxs hər ay 400 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 19 dekabr 2023-cü il tarixdə, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Şəxs həmin icra sənədinin icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Hazırda Şəxs tələbkarlara borcu ümumilikdə 3000 manat təşkil edir. Sonda, E.F.Nəsirov tələbkar tərəfindən borcun ödənilməsinin tələb edildiyini, icra sənədinin indiyə qədər borclu tərəfindən icra edilmədiyini, ancaq borclunun əməlində qərəz olmadığını, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, bunun səbəbi kimi işsiz olduğu və adına daşınar və yaxud da daşınmaz əmlakının olmadığını göstərdiyini, üzürlü səbəb olmadan icra sənədini icra etmədiyini bildirmiş və Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə olaraq işsiz olduğu, iş tapa bilmədiyi və adına heç bir əmlak olmadığından borcunu ödəyə bilməmişdir. Bundan əlavə Şəxs bu gün 500 manat ödəniş etdiyini bildirərək, müvafiq ödənişi təsdiq edən qəbzi məhkəmə iclasında təqdim etdi, növbəti aydan etibarən isə borcunu tam məbləğdə ödəyəcəyini bildirdi. Göstərilənləri nəzərə alaraq icra sənədini icra etməkdən qərəzli şəkildə boyun qaçırmadığını, buna görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü tarixli, 16(010)-278/23 saylı icra icra sənədinə əsasən, 20 iyun 2023-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. Məhkəməyə təqdim olunmuş 26 avqust 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin tarixdə icra sənədi üzrə 500 manat məbləğində ödəniş həyata keçirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir: 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun: 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı: Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxsn icra sənədi üzrə 500 manat məbləğində birdəfəlik ödəniş həyata keçirmişdir, bu da onu təsdiq edir ki, şəxs icra sənədindəki tələbi qismən icra edərək qanunla nəzərdə tutulmuş tələbləri yerinə yetirmişdir. Belə olan halda şəxsin əməlində inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar inzibati xəta törətməsi istisna olunur. Göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsinə görə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar