Məhkəmə qərarları › İş №3(022)-771/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-771/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-771/2024 04.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 01 avqust 2024-cü il tarixdə saat 19:30 radələrində “VAZ21070” markalı, **-NT- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ələt-Astara-İran sərhədi avtomobil yolunda hərəkətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən 100-cü kilometrliyində onunla eyni istiqamətdə hərəkətdə olan Astara rayonu Şahağacı kəndində yaşayan, 1993-cü il təvəllüdlü X1 idarə etdiyi “Mersedes Benz E200” markalı avtomobilin arxası ilə toqquşmuş, nəticədə “VAZ21070” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yüngül xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstaxanasına müraciət etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində X X7 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən 19 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatları: Zərərçəkmiş şəxs1 bildirdi ki, hadisə qeyd edildiyi kimi olmuşdur. Həmin tarixdə atası Şəxs idarə etdiyi “VAZ21070” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ələt- Astara-İran sərhədi avtomobil yolunda hərəkətdə olan zaman onlarla eyni istiqamətdə hərəkət edən “Mersedes Benz E200” markalı avtomobilin arxası ilə toqquşmuşlar. Həmin vaxt o, avtomobilin arxa oturacağında oturmuşdur. Onunla birlikdə bacısı Əfsanə də həmin avtomobildə olmuşdur. Hadisədən sonra təcili tibbi yardım çağrılmış və onlar xəstəxanaya getmişlər. Müayinədən sonra onun bədənində yüngül bədən xəsarəti aşkarlanmışdır. Bu səbəbdən onlar xəstəxanadan evə buraxılmışlar. Zərərçəkmiş şəxs1 aldığı xəsarətlə bağlı heç bir şikayətinin olmadığını bildirərək inzibati xəta törətmiş şəxs barəsində hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, hadisənin törədilməsində özünü təqsirli bilir. Hadisə qeyd edildiyi kimi olmuşdur. Əməlindən peşmandır. Əvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb edilməyib. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 01 avqust 2024-cü il tarixli 848 nömrəli akta əsasən Şəxs sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. 19 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 19 avqust 2024-cü il tarixdə saat 10:42 radələrində “VAZ21070” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ələt-Astara-İran sərhədi avtomobil yolunda hərəkətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən 100-cü kilometrliyində onunla eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “Mersedes Benz E200” markalı avtomobilin arxası ilə toqquşmuş, nəticədə “VAZ21070” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini yüngül xəsarət almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs sürücülük fəaliyyəti ilə məşğul olduğu, yeganə gəlir mənbəyi bu fəaliyyətdən əldə olunduğu üçün ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə inzibati tənbeh tətbiq edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab edilmir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Maddənin sanksiyasında daha yüngül inzibati tənbehin nəzərdə tutulduğu halda yeganə gəlir mənbəyi sürücülük fəaliyyəti ilə bağlı olan şəxsin bu hüququ həyata keçirmə vasitəsi olan sənədin (sürücülük vəsiqəsinin) qüvvəsinin müvəqqəti olaraq itirilməsi həmin şəxsin və onun ailəsinin maddi həyat şəraitinə mənfi təsiri ilə nəticələnəcəkdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar