Məhkəmə qərarları › İş №3(022)-772/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-772/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-772/2024 10.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Biləsuvar Rayon Prokurorluğunun nümayəndəsi, Biləsuvar rayon prokurorunun köməkçisi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Biləsuvar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon prokuroru X3 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 13 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. 13 may 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: **********) təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs – həmin müəssisənin direktoru X7 (FİN:2C02LN2) tərəfindən həmin hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət etdiyi və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirdiyi zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini pozmaqla, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8, Şahid1, Şahid2 və X9 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbində elektrik və sahə rəisi işlərinin yerinə yetirilməsinə cəlb etmiş və nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin iclasında: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Biləsuvar Rayon Prokurorluğunun nümayəndəsi, Biləsuvar rayon prokurorunun köməkçisi X13 bildirdi ki, Abbaszadə X12 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 06 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdə işlədiyi vaxt onu elektrik vurması barədə məlumat vermişdir. Belə ki, Şahid1 məktəbdə işlədiyi vaxt elektrik yuvasına qoşulmuş uzadıcının naqilini yalın əli ilə dolmağa çalışmış və nəticədə həmin şəxsi elektrik vurmuşdur. Aparılmış araşdırma nəticəsində onun tərfəindən 19 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şahid1 şikayəti üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdə həyata keçirilən təmir-tikinti işlərini həyata keçirən şirkətdir və həmin müəssisənin direktoru X7 məktəbdə həyata keçirilən işlərə X8, Şahid1, Şahid2 və X9 qanunsuz surətdə cəlb etmiş, yəni həmin şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də Biləsuvar rayon prokuroru tərəfindən 13 may 2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 may 2024cü il tarixli qərar qəbul edilmişdir. A.R.Ələkbərova "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qanununa müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində izahatı alınmış Şahid1 bildirdi ki, 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək qeyd etdiyi məktəbin tikintisində elektrik işlərini aparmağı ilə bağlı hər hansı şirkət və ya şəxs onunla əmək müqaviləsi bağlamamışdır. Ondan şəxsiyyət vəsiqəsi istənilməyib, işə götürülməyi ilə bağlı ərizə verməmiş, ümumiyyətlə hər hansı sənədə imza etməmişdir. Ona Biləsuvar rayonu Bəydili tam orta məktəbinin tikintisində elektrik işini görməyi ilə bağlı hər hansı texniki və yanğın təhlükəsizliyinə dair təlimat keçirilməmiş, buna dair hər hansı sənədə imza etməyib. O, heç vaxt vergi ödəyicisi kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, adına VÖEN olmayıb və hazırda da yoxdur. O, həmin məktəbdə işləyərkən hər hansı xüsusi geyim forması ilə təmin olunmamış, onu elektrik cərəyanı vurarkən əlində əlcək olmamışdır. Şahid qismində izahatı alınmış X14 və Şahid2 Şahid1 ilə oxşar məzmunlu izahatlar verərək bildirdilər ki, 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək qeyd etdiyi məktəbin tikintisində elektrik işlərini aparmağı ilə bağlı hər hansı şirkət və ya şəxs onlarla əmək müqaviləsi bağlamamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şahid1 06 yanvar 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Şahid1 Biləsuvar Rayon Polis Şöbəsinə 06 yanvar 2024-cü il tarixdə elektrik kimi işlədiyi Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbində işini bitirdikdən sonra elektrik kabelini yığdığı vaxt ehtiyatsızlıqdan onu elektrik cərəyanın vurması barədə məlumat vermişdir. 08 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun surətrindən görünür ki, hadisə yeri Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yerləşən Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbdir. Hadisə yerinə baxış gündüz vaxtı həyata keçirilmişdir. Hadisə yeri Şahid1 tərəfindən təqdim edilmişdir. Baxış nəticəsində hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən əşya və ya hər hansı maddi sübut aşkar edilməmişdir. Canlı şəxsin ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 15 nömrəli rəyinin surətindən görünür ki, Şahid1 sağ əlin ovuc səthində elektrik yanığı yaraları aşkar edilmişdir. Həmin xəsarətlər yüksək gərginlikli elektrik cərəyanının təsirindən törəmişdir, əmələ gəlmə müddəti qərarda qeyd edilən 06 yanvar 2024-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Biləsuvar rayon prokurorunun böyük küməkçisi X4 19 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şahid1nun müraciəti əsasında aparılmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 sistemindən əldə olunmuş X15, Şahid1, Şahid2 və X10 aid əmək müqaviləsinə aid məlumatlardan görünür ki, 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə adları çəkilən şəxslər arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 18 mart 2024-cü il tarixli məktubundan görünür ki, X5, Şahid1, Şahid2 və X6 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmələrinə dair Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi bildirişləri aşkar edilməmiş, X11 04 aprel 2023cü il tarixdən 15 noyabr 2023-cü il tarixdək iş icraçısı vəzifəsində və X7 03 aprel 2023-cü il tarixdən hazıradək direktor vəzifəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmələrinə dair sözügedən nazirliyin “Əmək və məşğulluq” altsistemində əmək müqaviləsi bildirişləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X15, Şahid1, Şahid2 və X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əmək müqaviləsi bildirişləri, informasiya sistemindən əldə olunmuş çıxarışlarla və iş materialları ilə təsdiq edilmişdir. Belə ki, əmək müqaviləsi bildirişlərindən görünür ki, 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X15, Şahid1, Şahid2 və X14 arasında əmək müqaviləsi bağlanmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X15, Şahid1, Şahid2 və X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar