Məhkəmə qərarları › İş №3(022)-773/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-773/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-773/2025 25.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib olunmuş 03 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional İdarəsinin göstərişi icra edilməmişdir, nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Göstərilənləri nəzərə alaraq əhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə çıxışı zamanı artıq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional İdarəsi tərəfindən 17 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında“ qərar qəbul edildiyini bildirərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 03 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” 03 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək müqavilələri elektron sənəd formasına keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional İdarəsinin göstərişi icra edilməmişdir, nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 29 iyul 2025-ci il tarixli, 3-17-5/2-67009/2025 nömrəli məktubdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi üçün vaxt verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Şirvan-Salyan Regional İdarəsinin 17 sentyabr 2025-ci il tarixli 3-xx/xx- 83375/2025 nömrəli məktubundan görünür ki, X4” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş 17 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* qərar məlumat üçün cəmiyyətə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” 17 sentyabr 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar.haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə müvafiq olaraq, işə baxarkən inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və onun təqsirinin olub-olmamasını, habelə icraatı rədd edən halların mövcudluğunu yoxlamağı özünə borc bilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin normanın dispozisiyasına görə, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. 25 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Yəni Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati xətalara dair iş məhkəməyə daxil olduqdan sonra (09 sentyabr 2025-ci il), məhkəmədə işə baxılanadək, yəni 17 sentyabr 2025-ci il tarixdə işçilərlə bağlanmış əmək müqavilələri elektron sənəd formasına keçirilmişdir. Məhkəmə qeyd edir ki inzibati xəta, hüquq sistemində müəyyən bir əməlin və ya davranışın qanunvericiliyə, qaydalara və normativ aktlara uyğun olmaması nəticəsində yaranan hüquqi pozuntudur. "İnzibati xəta hadisəsinin olmaması" ifadəsi, müvafiq sahədə baş verən hüquqi pozuntuların, yəni inzibati xətaların qeydə alınmaması və ya aradan qaldırılması vəziyyətini təsvir edir. Bir təşkilatın və ya dövlət orqanının inzibati fəaliyyəti, müvafiq qanunvericiliklə tənzimlənir. Bu qanunvericilik, müxtəlif spesifik tələbləri müəyyən edir. İnzibati xəta hadisəsinin olmaması, adətən, bu tələblərə tam riayət etməkdən doğur. Bütün bunlar onu deməyə əsas verir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən isə, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 53.1.1, 105.1, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar