Məhkəmə qərarları › İş №3(022)-777/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-777/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-777/2024 02.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 24 avqust 1984-cü il tarixdə Salyan rayonu, Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, ortai təhsilli, “Azərpambıq aqrar sənaye kompleksi” məhdud məsuliyyətli cəmiyyətində kombayn sürücüsü vəzifəsində işləyən, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(022)-1216/2023 saylı qətnaməsinə əsasən Şəxs borc kimi alınmış vəsaitin əvəzi qismində 20.250 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 151 manat, cəmi 20.401 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 02 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(022)-1216/2023 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 20.401 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin icra sənədinin icrası ilə bağlı o, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Şəxs hazırda “Azərpambıq aqrar sənaye kompleksi” məhdud məsuliyyətli cəmiyyətində kombayn sürücüsü vəzifəsində işləyir və 345 manat məbləğində əməkhaqqı alır. İcra sənədi üzrə tutulmalar aparılması üçün borclunun iş yerinə müvafiq göstəriş göndərilsə də, son 3 ayda həmin şəxsə əmək haqqı ödənilmədiyinə görə icra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Borclu özü də icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Buna görə də borclu dəfələrlə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Həmin izahatlarında, o cümlədən bugünkü – 02 sentyabr 2024cü il tarixli izahatında Şəxs tələbkara 20.401 manat məbləğində borcu olmadığını, işin məhkəmədə baxılmasına qədər iddiaçıya təxminən 19.000 manat məbləğində pul vəsaitini qaytardığını bildirmişdir. Həmçiniin borclu onnun tələbkara hazırda cəmi 1.300 manat məbləğində borcu qaldığını və hazırda maddi vəziyyəti aşağı olduğu üçün həmin borcunu tam şəkildə ödəyə bilmədiyini, buna görə də hər ay əmək haqqının 25%-nə məcburi qaydada tutulmanın yönləndirilməsinə razı olduğunu bildirmişdir. Lakin Şəxs bütün izahatlarında məhkəmə qətnaməsinə əsasən ondan tələbkarın xeyrinə tutulmalı olan 20.401 manat manat məbləğində pul vəsaitini ödəməyəcəyini qeyd etmişdir. Bu isə Şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırdığını göstərir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən ondan Zərərçəkmiş şəxs xeyrinə cəmi 20.401 manat məbləğində pul vəsaiti tutulmalıdır. O, həmin məhkəmə qətnaməsi ilə razı olmasa da, qətnaməni rəsmi qaydada aldıqdan sonra ondan apellyasiya şikayəti verməmişdir. O, hazırda “Azərpambıq aqrar sənaye kompleksi” məhdud məsuliyyətli cəmiyyətində kombayn sürücüsü vəzifəsində işləyir və onun əmək haqqı 345 manat təşkil etsə də, o, həmin işə girdiyi 3 ay müddətində heç bir əmək haqqı almamışdır. Hazırda o, evlidir və himayəsində 2 uşağı var. O, ailəsinin yeganə gəlir mənbəyidir və hazırda maddi vəziyyəti aşağıdır. Buna görə də o, tələbkara borcundan heç bir ödəniş edə bilməmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün o, Zərərçəkmiş şəxs olan borcunu tam şəkildə ödəyə bilməsə də, əmək haqqına icra məmuru tərəfindən məcburi şəkildə tutulmanın yönləndirilməsinə razıdır və borcunun qaytarılması üçün real tədbirlər görmək niyyətindədir. Həmçinin o bildirdi ki, əgər onun barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilərsə, o, tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs onun həmkəndlisidir və onlar orta məktəbdə sinif yoldaşları olduğuna görə aralarında yaxşı münasibətlər olmuşdur. 2022-ci ilin yanvar ayında borclu Şəxs ondan 20.250 manat məbləğində borc alsa da, sonradan həminn şəxs ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Həmin vaxt Şəxs xeyli torpaq sahələri əkərək, kənd təsərrüfatı ilə məşğul olduğuna görə o, borc verərkən Şəxs ödəmə qabiliyyətinə inanmış və heç bir girov götürmədən həmin şəxsə böyük məbləğdə borc vermişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığına görə o, Biləsuvar rayon Məhkəməsində iddia qaldırmışdır. Biləsuvar rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxsdən cəmi 20.401 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulması qət edilsə də, borclu artıq 1 ildən çoxdur ki, qəsdən ona olan borcunu ödəməkdən yayınır. Həmçinin həmin məhkəmə qətnaməsinə məhəl qoymayaraq, Şəxs ona cəmi 1.300 manat borcu olduğunu və yalnız həmin məbləğdə pul vəsaitini ona qaytaracağını həmi icra məmuruna, həm də məhkəmə iclasında bildirmişdir. Buna görə də o hesab edir ki, borclu qəsdən Biləsuvar rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qətnaməsini icra etmir. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində ən ağır inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(022)-1216/2023 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 01 mart 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olub-olmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar