Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-779/2024 17.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, 01 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 Bağ sahəsi 851 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Pöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş 26 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 avqust 2024-cü il tarixdə, saat 19:00 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla idarə etdiyi “FORD TRANSİT YÜK” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilini Biləsuvar rayonunda narkotik vasitədən istifadə edərək idarə etmişdir. Buna görə də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən törədilmiş xətalara əsasən məcəllənin 333-1.1-ci maddəsi üzrə işə baxmağa səlahiyyətli orqan məhkəmələr olaraq təsbit edildiyi üçün müvafiq protokol həmin hissədə baxılması üçün 02 sentyabr 2024-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin itirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən: 26 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan, “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə etmək üçün tibbi müayinəyə göndərilmə haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan və “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 26 avqust 2024cü il tarixli 220 saylı aktdan görünür ki, “FORD TRANSİT YÜK” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhərində idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərilmiş Şəxs narkotik vasitə qəbulu nəticəsində yaranmış sərxoş vəziyyəti müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını nəzərə alaraq göstərilənlərə əsasən hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət etmir, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-779/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-779/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver