Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-784/2024 30.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2, 25 yanvar 1976-cı il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində bir il ərzində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi müfəttişi X3 tərəfindən tərtib edilmiş 27 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 rayonu Bağbanlar bələdiyyəsinin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə təqdim etməmiş və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərini pozmuşdur. Nəticədə vəzifəli şəxs X6 Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 saylı Qərarının 2.5-ci yarımbəndi ilə təsdiq olunur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsləhətçi-müfəttişi M.M.Hüseynov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzülüyünü bildirmədən və bu barədə heç bir sübut təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, o, 2015-ci ildən 2024-cü ilədək Biləsuvar rayonu Bağbanlar bələdiyyəsinin sədri olmuşdur. 05 avqust 2024-cü il tarixdə isə o, səhhətində yaranmış problemlərlə əlaqəddar öz ərizəsinə əsasən vəzifəsini tərk etmişdir. Hazırda həmin bələdiyyənin sədri X5r. Onun bələdiyyəyə sədrlik etdiyi dövr ərzində 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsi ondan Bağbanlar Bələdiyyəsinin mülkiyyətlərində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatlar tələb etməmişdir. O, yalnız Biləsuvar rayon İcra Hakimiyyətinin tələbinə əsasən həmin quruma bələdiyyə torpaqlarında olan ağacların sayı, növü və vəziyyəti barədə mütəmadi məlumatları həmin quruma təqdim etmişdir. Bundan təxminən 3 ay əvvəl o və Biləsuvar rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəhbərliyi tərəfindən Şirvan şəhərinə, həmin idarəyə dəvət edilmişlər. Həmin vaxt o da Şirvan şəhərinə getmişdir. Onlarla 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəhbərliyinin iştirakı ilə iclas keçirilmişdir. Həmin iclasda o və digər bələdiyyə sədrləri 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəhbərliyinə məlumat vermişlər ki, hazırki tarixədək 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsi onlardan bələdiyyə mülkiyyətlərində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatlar tələb etməmişdir. Həmin iclasda 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndələri hazırki tarixədək onlardan yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatlar aparılmadığını nəzərə alaraq, onlara bu barədə təlimat və forma verəcəklərini və həmin təlimata əsasən hər il fevralın 20-dək həmin hesabatları 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə təqdim edilməli olduğunu onlara bildirmişlər. Həmin vaxt digər bələdiyyə sədrləri 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəhbərliyinə məlumat vermişlər ki, Biləsuvar rayonunda bələdiyyələrin ərazilərinin dəqiq xəritələri müəyyən edilmədiyinə görə bələdiyyə işçiləri hansı yaşıllıqların bələdiyyənin mülkiyyətində olduğunu, habelə müvafiq texniki avadanlıqları və bilikləri olmadığına görə bitki və ağacların növünü, yaşını, cinsini və digər meyarlarını müəyyən edə bilmirlər. Bununla belə, onun bələdiyyə sədri olduğu müddətdə yaşıllıqların uçotu və monitorinqinin hansı qaydada aparılması barədə onlara heç bir təlimat və cihaz verilməmişdir. Lakin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin vəzifəli şəxsləri onun və digər kənd bələdiyyələrinin barəsində mülkiyyətlərində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatları təqdim etmədikləri üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, o, inzibati xəta haqqında protokol tərtib edilərkən 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə çağrılmamış və izahatı alınmamışdır. Həmçinin R.M.Heydərov bildirdi ki, 13 sentyabr 2024-cü il tarixdə 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları bələdiyyə sədrlərini Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasına dəvət edərək, onlara torpaqlardakı yaşıllıqların uçotu və monitorinqinin aparılması qaydaları barədə təlim keçsələr də, o, 05 avqust 2024-cü il tarixdə işdən çıxdığı üçün həmin tədbirdə iştirak etməmişdir. Eyni zamanda bələdiyyələr üzərində inzibati nəzarəti həyata keçirən İmişli regional ədliyyə idarəsi tərəfindən də Bağbanlar bələdiyyəsinə bu barədə heç bir tələbnamə və ya təlimat verilməmişdir. İmişli regional ədliyyə idarəsinin Biləsuvar bələdiyyəsinin sorğusuna cavabında da həmin idarənin rəisi qeyd edilən xüsusatı təsdiq etmişdir. Buna görə də o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Sonda R.M.Heydərov barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla R.M.Heydərovun Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli sorğusuna dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya İdarəsinin 27 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Biləsuvar rayonu 3 saylı Regional Ekologiya İdarəsinin xidməti ərazisinə 2023-cü ilin fevral ayında daxil edildiyi üçün Biləsuvar rayonu ərazisində yerləşən bələdiyyələrə qarşı 3 saylı Regional Ekologiya İdarəsi tərəfindən göstəriş, tələbnamə, məktub və s. göndərilməmiş və hər hansı inzibati tədbir görülməmişdir. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli sorğusuna dair Azərbaycan Respublikası İmişli Regional Ədliyyə idarəsinin 23 sentyabr 2024-cü il tarixli, 161 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya İdarəsi tərəfindən yalnız 2023-cü ilin sonlarında sorğuda qeyd edilmiş məsələ barədə Regional ərazinin yurisdiksiyasına (Biləsuvar, Beyləqan, Saatlı və İmişli) daxil olan rayonlardan sadəcə İmişli və Saatlı rayonları üzrə bələdiyyələrin maarifləndirilməsi barədə daxil olmuş məktubu İmişli Regional Ədliyyə idarəsi tərəfindən aidiyyəti bələdiyyələrə məlumat verilməsi məqsədi ilə 14 dekabr 2023-cü il tarixdə İmişli və Saatlı rayonu özünüidarəetmə üzrə Əlaqələndirmə şuralarına göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsinə görə yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulması, yəni yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xəta tərkibi yaradır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Həmin Qanunun 8.2.3-cü maddəsinə əsasən mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifəsidir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 11.0.2-ci maddəsinə görə isə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyədən məlumat almaq yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüququdur. ““Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli, 841 saylı Fərmanının 1.3-cü bəndinə görə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli, 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Belə ki, qanunvericiliyin normalarından da göründüyü kimi Azərbaycan Respublikası ərazisində yerləşən hər bir bələdiyyə öz mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotunu və monitorinqini hər il yanvarın 1-nə kimi aparmalı və həmin hesabatları müvafiq qaydada təsdiq edərək, kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli, 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.2-ci bəndinə görə yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə isə istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2017-ci il tarixli, 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan R.M.Heydərov məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, əvvəllər onun sədrlik etdiyi bələdiyyə 2023-cü ilin fevral ayınadək 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin, həmin vaxtdan sonra isə 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin xidməti ərazisinə aid olsa da, 2024-cü ilin avqust ayınadək həmin bələdiyyədən nəinki yaşıllıqların uçotu və monitorinqinə dair hər hansı hesabat tələb edilməmiş, hətta monitorinqi və uçotu aparmaq məqsədi ilə Bağbanlar bələdiyyəsi hər hansı topoqrafiya, geodeziya alətləri, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təhciz edilməmişdir. İnzibati xəta haqqında protkol tərtib etmiş vəzifəli şəxs isə öz növbəsində R.M.Heydərovun Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotu və monitorinqinin aparılması məqsədi ilə hər hansı texniki vasitə və ya proqram təminatı ilə təmin edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın tələblərinə görə bələdiyyələri müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təhciz etmək, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini cəlb etməklə müvafiq bələdiyyə əməkdaşlarına təlim keçmək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən onun ərazi strukturlarının bilavasitə vəzifələridir. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya İdarəsinin 30 sentyabr 2024-cü il tarixli arayışı ilə də müəyyən edilir ki, 2018-2023-cü illər ərzində Biləsuvar rayonu ərazisində yerləşən bələdiyyələrə, o cümlədən Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinə mülkiyyətlərində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmalarına və bu barədə ümumiləşdirilmiş hesabatları 1 saylı Regional Ekologiya İdarəsinə təqdim etmələrinə dair hər hansı tələb irəli sürülməmişdir. Həmçinin iş üzrə sorğu təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı regional ekologiya idarəsinin cavab məktubu ilə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaları və bu barədə Regional Ekologiya İdarəsinə hesabat təqdim etmələri barədə 2023-cü ildə Biləsuvar rayonu ərazisində yerləşən bələdiyyələrə, o cümlədən Biləsuvar rayon Günəşli Bələdiyyəsinə göstəriş, tələbnamə, məktub və s. təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edilir ki, “Yaşıllıqların mühafizəsi haqqında“ Azərbaycan Respublikası Qanunu qəbul edildikdən 10 il, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 253-1-maddəsi əlavə edildikdən 7 il 8 ay və “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli, 217 nömrəli qərarı ilə təsdiq edildikdən 6 il sonra, Biləsuvar rayonu ərazisində yerləşən bələdiyyələri, o cümlədən bələdiyyələri müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təhciz etmədən, elmi-praktiki dəstəyə ehtiyac olan bələdiyyə əməkdaşlarına, elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini cəlb etməklə, təlim keçmədən və yaşıllıqların uçotunun və monitorinqinin aparılmasına dair hesabat və ya məlumatın verilməsini tələb etmədən və inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə çağırmadan və izahatı alınmadan, həmin idarənin vəzifəli şəxsi X3 tərəfindən Biləsuvar rayonu Bağbanlar Bələdiyyəsinin sədri R.M.Heydərov barəsində 27 avqust 2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür. Həmin Qanunun 52-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. “”Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli, 162 saylı Fərmanının 3.3-cü bəndinə görə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsində və 52-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Bununla əlaqədar hesab edirəm ki, qanunvericilik tərəfindən bütün bələdiyyələrdən, o cümlədən Biləsuvar rayon Bağbanlar bələdiyyəsindən hər il öz mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotunun və monitorinqinin aparılması tələb edilsə də, həmin məqsədlə bütün bələdiyyələr müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli, 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nda nəzərdə tutulmuş xüsusi texnika və proqram təminatı ilə də təmin edilməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına həmin Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli və bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Həmin Məcəllənin 100.4-cü maddəsinə görə isə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Belə ki, iş materiallarına əlavə edilmiş 27 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan tərtib edilmiş və protokolda “3 saylı Regional Ekologiya İdarəsinin 3-14-42/2-217/2024 saylı çağırışa gəlmədi” qeydi aparılmışdır. İş materiallarına Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri R.M.Heydərovun 3 saylı Regional Ekologiya İdarəsinə çağırıldığını və barəsində inzibati xəta haqqında iş üzrə araşdırılma aparıldığı barədə 2024-cü ilin may ayında, yəni inzibati xəta haqqında protokol tərtib edilməsindən təxminən 3 ay əvvəl məlumat verildiyini təsdiq edən 3-14-42/2- 217/2024 saylı məktubun göndərilməsi barədə müvafiq reyestrdən çıxarış əlavə edilsə də, inzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edildi ki, 2024-cü ilin may ayında, Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri Şirvan şəhərinə, 3 saylı Regional Ekologiya İdarəsinə dəvət edilmiş və orada yaşıllıqların uçotunun və monitorinqinin aparılması vəziyyəti müzakirə edilmişdir. Bundan başqa, inzibati xəta haqqında iş materialları ilə müəyyən edildi ki, R.M.Heydərov 05 avqust 2024-cü il tarixdə Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri vəzifəsindən azad edilmiş olsa da, həmin şəxs haqqında Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin sədri kimi qanunla müəyyən edilmiş vəzifəsini icra etməməyə görə, 27 avqust 2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işi digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Bununla əlaqədar hesab edirəm ki 27 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin tələblərini pozmaqla tərtib edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edirəm ki, R.M.Heydərovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.3-cü maddəsinin tərkibi olmasını müəyyən etməyə əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinin sədri R.M.Heydərovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinin tərkibi olmadığına görə R.M.Heydərov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-784/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-784/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver