Məhkəmə qərarları › İş №3(022)-812/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-812/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-812/2024 24.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Biləsuvar rayonu yol patrul xidməti inspektoru polis baş serjantı X3 TP seriyalı ******* saylı, 25 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayonu yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə TP seriyalı ******* saylı, 25 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 25 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 25 avqust 2024-cu il tarixdə Biləsuvar rayonu yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilməsinə səbab Biləsuvar rayonu, Heydər Əliyev prospektində özunə məxsus 10KL049 dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobil ilə hərəkətə başlayarkən oldu. Belə ki, H.Əliyev prospektində 4 saylı tam orta məktəbin qarşısında sol dönmə siqnalını aktıv edib yolun sağ solağına keçib hərəkətə başladı, bu zaman qarşıdan gələn 99YP124 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili saxla əmri verdi. O da sağ dönmə siqnalını aktiv edib yolun sağ çiynində avtomobili saxladı. Özünü inspektor Həsənov Orxan kimi təqdim edən şəxs yaxınlaşıb kinayə və qeyri-etik formada bildirdi ki, “vətəndaş niyə avtoxuliqanlıq edirsən?" o da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə istinad edərək bildirdi ki, onun hərəkətə başlamağı avtoxulıqanlıq hesab edilə bilməz. Dəfələrlə inspektora bu halın avtoxuliqanıq olmadığını bildirsə də onu dinləmədilər. Bundan sonra avtomob mühafizə olunan duracağa təmin olundu və 27 avqust 2024-cü il tarixdə o gördü ki, elektron şəxsi kabinetində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qərar yerləşdirilib. İXP ******* saylı protokol 25 avqust 2024-cü il tarixdə tərtib olunsa da müvafiq qərar 27 avqust 2024-cü ildə qərar verilib. O əgər həqiqətən də avtoxuliqanlıq edibsə ona niyə İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunaraq eyni tarixdə qərar verilmiyib və ümumiyyətlə ona yerində protokolun nüsxəsi verilmiyib. Daha sonra rayon polis şöbəsinə müraciət edərək onu hansı səbəbə cərimə ediblər deyə soruşduqda, şinlərin avtomobilin modelinə uyğun gəlmədiyini bildirdilər. Əgər vəziyyət belə idisə nəyə görə inspektorlar ona yerindəcə düzgün məlumat verilmiyib. Qeyd edilənləri nəzərə alaraq barəsində qəbul olunmuş qərar və onun əsasında yazılmış cərimənin ləğv edilməsi, həmçinin İnzibati Xətalar Məcəlləsinin 342.2.5-ci maddəsinə uyğun olaraq 50 manat məbləğində cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında: X1 məhkəmə iclasında şikayətdə yazılanlara uyğun izahat verərək şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Biləsuvar rayonu yol patrul xidməti inspektoru polis baş serjantı X6 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, 25 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis İdarəsinin X10 şöbəsinin nümayəndəsi tərəfindən qəbul olunmuş 25 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin protokol məhkəməyə təqdim edilməmiş, inzibati tənbeh vermə haqqında qərara X2 izahatı və digər sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir; 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər; 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilən X4 barəsində qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 25 avqust 2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən yetərli sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş 25 avqust 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar rayonu yol patrul xidməti inspektoru polis baş serjantı X3 TP seriyalı ******* saylı 25 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis İdarəsinin Biləsuvar rayonu yol patrul xidməti inspektoru polis baş serjantı X3 TP seriyalı ******* saylı 25 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar