Məhkəmə qərarları › İş №3(022)-815/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-815/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-815/2025 23.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, qərardan şikayət vermis şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı qərarının ləğv edilməsi barədə şikayəti Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən X3 barəsində 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 **-BF-*** dövlət nömrə nişanlı “VOLVO” markalı yəhərli dartıcı nəqliyyat vasitəsi ona məxsusdur. Sifariş əsasında müxtəlif yüklərin daşınması ilə məşğuldur. 30 iyul 2025-ci il tarixdə Qazax rayonundan 39.140 kiloqram kartof məhsulunu saat 18.37-də götürüb "İnvest GROP” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkətə 31 iyul 2025-ci il tarixdə saat 10.03-də təhvil vermişdir. Nəqliyyat vasitəsini Ağstafa rayonu, Köçəsgər kəndi yolu ilə idarə etmişdir. Həmin gün ona məlum olmuşdur ki, 30 iyul 2025-ci il tarixdə saat 20.09 radələrində o, guya İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini poizmuş (guya 40 tondan çox maşına yük vurmuş) və buna görə 600 (altı yüz) manat cərimə edilmişdir. Bildirir ki, kartof məhsulu onun deyil, o, yalnız bu məhsulun daşınması xərcini alır. Hesab edir ki, Ağstafa rayonu, Köçəsgər kəndi yolu üstündə olan tərəzi ya düz işləmir, ya da ki, düz işlədilmir və qərar qəbul olunarkən İnzibati Xətalar Məcəlləsinin 3, 4, 5, 6, 7, 8 və 12-ci maddələrinin tələbləri pozulmuşdur. Odur ki, barəsində olan 30 iyul 2025-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə edilməsinə dair qərarın qanunsuz, ədalətsiz və əsassız olduğunu nəzərə alıb qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında qərardan şikayət verən şəxs, X3 şikayət ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat verərək, barəsində qəbul edilmiş inzibati cərimənin tətbiq olunduğu qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişdir . Göstərilənləri nəzərə alaraq məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “AsanPay” portalından çıxarışının surətindən görünür ki, X3 30 iyul 2025-ci il tarixdə, saat 20:09-da Ağstafa rayonu, Köçəsgər kəndi, Bakı istiqamətində 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur və barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunan malların təhvil alınmasına dair qəbzin surətindən görünür ki, X3 **-BF-*** dövlət nömrə nişanlı “VOLVO” markalı nəqliyyat vasitəsinə 30 iyul 2025-ci il tarixdə saat 18.37-də 21 yeşik olmaqla 2310 kiloqram çəkidə kartof yükləmiş, çəki ilə birlikdə nəqliyyat vasitəsinin ağırlığı 39.140 kiloqram hesablanaraq müəyyən edilmişdir. İş materiallarına əlavə olunan malların təhvil verilməsinə dair qəbzin surətindən görünür ki, X3 **-BF-*** dövlət nömrə nişanlı “VOLVO” markalı nəqliyyat vasitəsində mövcud olan 2310 kiloqram çəkidə kartof məhsulunu saat 09.36-da "İnvest GROP” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil vermişdir. Çəki ilə birlikdə nəqliyyat vasitəsinin ağırlığı 39.160 kiloqram hesablanaraq müəyyən edilmişdir. AE seriyalı 042536 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücü X3dur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 21 oktyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, M-2-Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrliyində (hər iki istiqamətdə), 244.2-ci kilometrliyində (Bakı istiqaməti), 451.2-ci kilometrliyində (hər iki istiqamətdə) olmaqla üç ədəd hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzi vardır. Məhkəmənin mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, məhkəmənin qənaətinə görə mübahisə yarandığı təqdirdə şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İnzibati Xətalar Məcəlləsinin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində inzibati tənbeh haqqında qərar çıxarılmışdır. Belə bir vəziyyətdə artıq İnzibati Xətalar Məcəlləsinin 12-ci Fəslinin, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. X4 Məcəlləsinin 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində qərar qəbul edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Sadalananlara əsasən şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarın qəbul edilməsinə əsas olan sübutun qeyri-müəyyən olması səbəbindən, belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, qeyri-müəyyən və ziddiyətli bir vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İş materiallarına əlavə edilmiş malların təhvil alınması və təslim edilməsi haqqında sənədlərlə müəyyən olunmuşdur ki, X3 **-BF-*** dövlət nömrə nişanlı “VOLVO” markalı nəqliyyat vasitəsinə 30 iyul 2025-ci il tarixdə saat 18.37-də 21 yeşik olmaqla 2310 kiloqram çəkidə kartof yükləmiş, bu zaman çəki ilə birlikdə nəqliyyat vasitəsinin ağırlığı 39.140 kiloqram hesablanaraq müəyyən edilmiş, eləcə də, 31 iyul 2025-ci il tarixdə saat 09.36-da 2310 kiloqram çəkidə kartof məhsulunu "İnvest GROP” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verərkən çəki ilə birlikdə nəqliyyat vasitəsinin ağırlığı 39.160 kiloqram hesablanaraq müəyyən edilmişdir. Göründüyü kimi malların təhvil alınması zamanı mövcud olan yüklə, təhvil verilməsi zamanı mövcud olan yük eyni çəkidə olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 21 oktyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, M-2-Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrliyində (hər iki istiqamətdə), 244.2-ci kilometrliyində (Bakı istiqaməti), 451.2-ci kilometrliyində (hər iki istiqamətdə) olmaqla üç ədəd hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzi vardır. Buradan da görünür ki, X1 hərəkət istiqamətində üç ədəd hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzi olmasına baxmayaraq, şəxs onlardan yalnız birinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati qaydada cərimə edilmişdir. Bu isə onu göstərir ki, əgər X1 idarə etdiyi **-BF-*** dövlət nömrə nişanlı “VOLVO” markalı nəqliyyat vasitəsində həqiqətən də qanunvericiliyin müəyyən etdiyi həddən artıq yük mövcud olsaydı, bu zaman həmin hərəkət istiqamətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən quraşdırılmış bütün elektron tərəzilərdə müvafiq pozuntu faktı qeydə alınardı. Yekun nəticə olaraq qeyd etmək lazımdır ki, inzibati məsuliyyət məsələlərinin ədalətli və dəqiq araşdırılması üçün hüquqi prosedurların düzgün icrası vacibdir. Məhkəmə, səlahiyyətli orqan tərəfindən təqdim olunan sübutların aydın, konkret və mübahisəsiz olmasını tələb edir. Əgər qərarda bu şərtlərə əməl edilməyibsə, məhkəmə həmin qərarı təsdiq edə bilmir. Bu yanaşma, hüquqi sistemin keyfiyyətini artırır, vətəndaşların hüquqlarını qorumaq məqsədini güdür və inzibati xətaların hüquqi çərçivədə düzgün qiymətləndirilməsini təmin edir. Nəticə olaraq, səlahiyyətli orqanların qərarlarının qanuniliyinin təmin edilməsi, hüquqi ədalətin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D I: X1 şikayəti təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 iyul 2025-ci il tarixli EQ seriyalı 29606176 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar