Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-821/2024 09.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(022)-220/2021 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə 04 fevral 2019-cu il tarixli Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin müştərilərinə kreditləşmə və xidmət şərtləri müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.692 manat 27 qəpik, 17 dekabr 2020-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.359 manat 28 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 6.081 manat 55 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Borclu icra qeydində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi İ.İ.Əzizov tərəfindən 09 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 məhkəmədə bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(022)-220/2021 saylı icra sənədinə əsasən Şəxs cəmi 6.081 manat 55 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra qeydi üzrə müəyyən edilmiş borcunu ödəməsi Şəxs təklif edilmiş, lakin həmin şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, borcunu ödəyəcəyinə dair vədlər vermişdir. Belə ki, borclu hər dəfə izahatında heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin aşağı olduğunu və iş tapıb-işləməyə başladıqdan sonra tələbkara olan borcunu ödəyəcəyini bildirmişdir. Dəfələrlə təklif olunmasına baxmayaraq, Şəxs borcundan icra sənədinin icraatda olduğu təxminən 3 il ərzində cəmi 230 manat ödəniş etmişdir. Həmçinin borclu barəsində 29 avqust 2024-cü il tarixdə axtarış elan edilmiş və həmin şəxs bu gün polis əməkdaşları tərəfindən tutularaq icra qurumuna təqdim olunduqdan sonra verdiyi sonuncu izahatında isə Şəxs heç bir yerdə işləmədiyinə görə tələbkara etməli olduğu ödənişlərdə gecikmələrin və axsamaların olduğunu bildirmiş və 2024-cü ilin oktyabr ayından başlayaraq, borcundan hər ay hissə-hissə ödənişlər ödəməklə tələbkara olan borcunu ödəyəcəyini vəd etmişdir. O, Şəxs maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, sonuncunun icra qeydi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Digər tərəfdən isə tələbkar icra qeydinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir. Hazırda Şəxs tələbkara olan borcu 5.851 manatdır. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ondan Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinin xeyrinə cəmi 6.081 manat 55 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. O, həmin qətnaməni alsa da, onunla razılaşdığı üçün apellyasiya şikayəti verməmişdir. O, ali təhsilli olsa da, hazırda heç yerdə işləmir. O, əvvəllər “Xəzər” televiziyasında rejissor vəzifəsində işləsə də, 2020-ci ildə işdən çıxarıldıqdan sonra bir müddət işsiz qalmış və daha sonra icarəyə götürdüyü avtomaşınla taksi fəaliyyəti göstərməyə başlamışdır. Himayəsində 3 uşağı olduğuna, arvadı heç yerdə işləmədiyinə görə və kirayədə yaşadığına görə o, icra sənədi üzrə cəmi 230 manat ödəniş etmişdir. İcarəyə götürdüyü avtomaşın köhnə olduğuna görə artıq bir müddətdir ki, həmin avtomobillə taksi fəaliyyətinə qadağan qoyulduğu üçün o, yenə də işsizdir. Onun hazırda maddi vəziyyəti aşağıdır və qısa müddətdən sonra başqa bir sahibkardan icarəyə götürəcəyi avtomaşınla yenidən taksi fəaliyyəti ilə məşğul olmaq niyyətindədir. O, tələbkara olan borcunu qəbul edir və həmin borcunu 2024-cü ilin oktyabr ayından başlamaqla, hər ay hissəli şəkildə ödəyəcəkdir. Onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq ediləcəyi təqdirdə isə, onun ailəsi maddi cəhətdən çıxılmaz vəziyyətə düçar olacaq və həmçinin o, iş tapa bilməyəcəkdir. Sonda, Şəxs himayəsində 3 uşağının olduğunu bidlirərək, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(022)-220/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 27 aprel 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 3 uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, həmin şəxsin inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-821/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-821/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver