Məhkəmə qərarları › İş №3(022)-837/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-837/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-837/2025 01.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 09 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində 19 may 2025-ci il tarixli, EQ seriyalı 28043751 saylı protokola əsasən qəbul edilmiş qərara görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilib, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin iş üzrə aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Lakin məhkəməyə daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas olmuş və 3 ay müddətində icra edilməmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən çıxarılmışdır. Yəni hazırkı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əsasən, şəxs onun barəsində 3 ay əvvəl İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş qərarın icra edilməməsində təqsirləndirilir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İnzibati Xətalar Məcəlləsinin 29-cü Fəslinin tənzimlədiyi İnzibati Xətalar Məcəlləsinin 327- 348-ci maddələrində olan inzibati xətalardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid deyil. Ona görə də həmin cərimə qərarını qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra etməmə əməlinin törədilməsi, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibini yaratmır. Bununla da hazırkı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Abasov X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar