Məhkəmə qərarları › İş №3(022)-839/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-839/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-839/2024 04.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis leytenantı X5 TP seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə TP seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsinin yol patrul xidməti tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayon Yol Patrul Xidməti baş inspektor polis leytenantı X2 şəhəri Nizami küçəsi ünvanında 10 sentyabr 2024-cü il tarixdə əsassız olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, o sözügedən ərazidə yol hərəkət qaydalarına riayət edərək hərəkətdə olan zaman yol patrul xidməti masini arxadan ona işiq cihazları ilə işarə edərək avtomobili saxlamağını bildirdi. Bu zaman polis əməkdaşı Əhməd adlı şəxs ona yaxınlaşaraq arxada dayanmış yol patrul xidməti maşınına yaxınlaşmağını bildirdi. O yol patrul xidməti maşınına yaxınlaşdı. Xidməti maşında əyləşmiş (sonradan ona məlum olan) X8 adlı polis əməkdaşı (özünü təqdim etmədən, heç bir sənəd soruşmadan) ona hədə ilə deyərək o yol hərəkəti qaydalarını pozmuşdur buna görə də onun barəsində inzibati cərimə tətbiq ediləcəkdir. O hansı yol hərəkət qaydalarını pozduğunu soruşanda o, cavabında cərimə ödəyəndə biləcəksən dedi. Odur ki, barəsində tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və ədalətsiz hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokollar tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Resppublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin şifahi verilmiş sorğusuna əsasən Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən 10 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul olunmasına və müvafiq protokolun tərtib olunmasına əsas olan video görüntülər disk formatında sübut qismində məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmişdir. Həmin video görüntülərdən görünür ki, həqiqətən də X7 10 sentyabr 2024-cü il tarixdə ünvan 1ndə hərəkətdə olan zaman idarə etdiyi “VAZ 21070 Minik” markalı 10NR986 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadan 12 yaşına çatmamış uşağın oturmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanununun: 56-cı maddəsinin 9-cu bəndinə əsasən adamların daşınması: 2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq; 3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə toplanmış sübutlara hərtərəfli, tam və obyektiv qiymət verərək, eləcə də iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də X7 10 sentyabr 2024-cü il tarixdə ünvan 1ndə hərəkətdə olan zaman idarə etdiyi “VAZ 21070 Minik” markalı 10NR986 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadan 12 yaşına çatmamış uşağın oturmasına yol vermiş və bununla da qanunvericiliyin tələbini kobud qaydada pozmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, X3 şikayət ərizəsində müvafiq qərar tərtib edilərkən çəkilmiş video görüntülərə əsasən onun təqsirsiz olduğu qeyd edilsə də, həmin görüntülərdə F.N.Qubadlının öz təqsirini etiraf etməsi və məsuliyyətdən yayınmaq cəhdləri (protokol tərtib edilməməsi üçün polis əməkdaşından xahiş etməsi, bu məqsədlə müxtəlif orqalarda işləyən yaxın qohumlarının adlarını çəkməsi, məsələnin həlli üçün razılıq əldə etmək cəhdləri) məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X7 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında” TP seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDI: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərar qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar