Məhkəmə qərarları › İş №3(022)-850/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-850/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-850/2025 25.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində müvəqqəti yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 24 sentyabr 2025-ci il tarixdə saat 12.30 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində saat dairəsi adlanan yerin yaxınlığında uca səslə nalayiq ifadələr işlətmişdir. Həmçinin, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 24 sentyabr 2025-ci il tarixdə saat 12.30 radələrində Biləsuvar rayonu M.İbrahimov küçəsində Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə baxış keçirilən zaman 1 ədəd bükümdə çəkisi 1,75 qram narkotik vasitə marixuana aşkar olunmuşdur. Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qərardadına əsasən Şəxs barəsində tərtib olunmuş protokollar və ona əlavə edilmiş inzibati xəta haqqında materiallara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən eyni vaxtda baxılması qərara alınmışdır. Məhkəmə iclasında: Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar şəhəri, H.Əliyev prospektində saat dairəsi adlanan yerin yaxınlığında bir nəfər şəsxin uca səslə nalayiq küçə söyüşləri söydüyünü eşidib həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, onun barəsində qanuni tədbir görülməsindən ötrü Biləsuvar Rayon Polis Şöbəsinə dəvət edib gətirmişdir. Biləsuvar Rayon Polis Şöbəsində hal şahidlərinin iştirakı ilə Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Araşdırma zamanı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığına görə həmin şəxs barədə materiallar Biləsuvar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Bakı şəhərində işləyir. Biləsuvar rayonuna qeyri-rəsmi münasibətdə olduğu arvadının yanına gələn zaman əmək haqqı ilə bağlı telefon danışığında əsəbləşmiş və ünvansız şəkildə nalayiq ifadələr işlətmişdir. Daha sonra o, Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmişdir. Biləsuvar Rayon Polis Şöbəsində hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin marixuananı Bakıda 20 yanvar dairəsində yerdən taparaq cibində gələcəkdə istifadə etmək məqsədilə daşımışdır. Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, üç azyaşlı övladının, 70 yaşlı xəstə anasının onun himayəsində olmasını nəzərə alaraq barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq Şəxs bildirmişdir ki, fəhləliklə məşğul olduğu üçün Bakı şəhərində, uşaqları və arvadı Ağcəbədi rayonunda, faktiki nikah münasibətlərində olduğu arvadı isə Biləsuvar şəhərində yaşayır. Şahid kimi çıxış edən X7 izahatında bildirmişdir ki, İdrisi tanımır, xidməti vəzifədə olarkən “Gold” mebel mağazasının qarşısında İdrisin nalayiq ifadələr işlətdiyini görmüş, ona yaxınlaşaraq polis şöbəsinə apardığını bildirmişdir. Şahid kimi çıxış edən X8 izahatında X3 izahatı ilı eyni oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 24 sentyabr 2025-ci il tarixdə saat 12.30 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində saat dairəsi adlanan yerin yaxınlığında uca səslə nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 25 sentyabr 2025-ci il il tarixli, MN seriyalı 01595710 nömrəli qərardaddan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 24 sentyabr 2025-ci il tarixli AZA seriyalı 020105 nömrəli protokoldan görünür ki, Şəxs 24 sentyabr 2025-ci il tarixdə saat 20.00-da inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” 24 sentyabr 2025-ci il tarixli AZA seriyalı 008355 nömrəli protokoldan görünür ki, Şəxs üzərindən mobil telefon aşkar olunmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 24 sentyabr 2025-ci il tarixli qərarın surətindən görünür ki, əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi məsələsinə ötrü qəbul edilmiş qərarın Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında” 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 24 sentyabr 2025-ci il tarixdə 12:30 radələrində Biləsuvar rayonu, M.İbrahimov küçəsində yerləşən Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında baxış keçirilən zaman Şəxs üzərindən 1.75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 25 sentyabr 2025-ci il il tarixli, MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X9 Yoxlamanın 24 sentyabr 2025-ci il tarixli 508 nömrəli rəyindən görünür ki, Şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları istisna olunmur. Asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 24 sentyabr 2025-ci il tarixli 19/375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümündə təmiz çəkisi -1,169 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 1,119 qram qalmışdır. Məhkəmə iclasında 1 ədəd CD diskə baxış keçirilən zaman barəsində inzibati protokol tərtib olunan Şəxs üzərindən 1 ədəd telefon və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğu müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını, himayəsində üç azyaşlı övladının, eləcə də 70 yaşlı xəstə anasının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində göstərilən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan yəni 24 sentyabr 2025-ci il, saat 20.00dan hesablanmalıdır. Belə ki, onun faktiki tutulduğu müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 1,169 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X9 Yoxlamanın 24 sentyabr 2025-ci il tarixli 508 nömrəli rəyinə əsasən Şəxs narkomaniya xəstəliyi aşkar olunmadığı və məcburi müalicəyə ehtiyacı olmadığı məhkəmə tərəfindən müəyyən olunmuşdur. Odur ki, Şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 24 sentyabr 2025-ci il, saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 1,119 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar