Məhkəmə qərarları › İş №3(022)-851/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-851/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-851/2024 03.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 19:10 radələrində “SAİPA TİBA SX MİNİK” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu H.Əliyev küçəsində hərəkətdə olan zaman saxlanılmış, avtomaşını sərxoş halda idarə etməsi aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Biləsuvar Rayon Polis X1 X2 patrul Xidməti tərəfindən 11 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəməmə iclasında iştirak edən şəxslərin izahatarı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, 10 sentyabr 2024-cü il tarixdə nəvəsinin ad günü səbəbi ilə ailə yığıncağında itirak etmiş, orada bir qədər spirtli içki qəbul edərək özünə məxsus olan “SAİPA TİBA SX MİNİK” markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Şəxs yeganə dolanacaq mənbəyi sürücülük etməklə gəlir əldə etməsi səbəbindən məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahi etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:10 radələrində “SAİPA TİBA SX MİNİK” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu H.Əliyev küçəsində hərəkətdə olan zaman saxlanılmış, avtomaşını sərxoş halda idarə etməsi aşkar olunmuşdur. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs həmin protokolun surətini almış və öz imzası ilə təsdiq etmişdir. 10 sentyabr 2024-cü il tarixli 858 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. 13 sentyabr 2024-cü il tarixli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələbləri pozulduğu üçün qanunvericiliyə uyğun olaraq toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; 43.1-ci maddəsinə görə həmin Məcəllənin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri baxırlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləəsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyətli ağırlaşdıran hallardan biri kimi göstərilsə də, 333.1-ci maddənin tələlərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün 33.3-cü maddəyə müvafiq olaraq (bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz) məhkəmə tərəfindən ağırlaşdırıcı hal kimi nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya həddində inzibati tənbeh tətbiq etməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, işin hallarını, sübutları qiymətləndirərək, eyni zamanda Şəxs yeganə gəlir mənbəyinin sürücülük fəaliyyətindən əldə edilməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Şəxs sürücülük fəaliyyəti ilə məşğul olduğu, yeganə gəlir mənbəyi bu fəaliyyətdən əldə olunduğu üçün ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması növündə inzibati tənbeh tətbiq edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab edilmir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Maddənin sanksiyasında daha yüngül inzibati tənbehin nəzərdə tutulduğu halda yeganə gəlir mənbəyi sürücülük fəaliyyəti ilə bağlı olan şəxsin bu hüququ həyata keçirmə vasitəsi olan sənədin (sürücülük vəsiqəsinin) qüvvəsinin müvəqqəti olaraq itirilməsi həmin şəxsin və onun ailəsinin maddi həyat şəraitinə mənfi təsiri ilə nəticələnəcəkdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30-31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar