Məhkəmə qərarları › İş №3(022)-859/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-859/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-859/2023 14.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1980-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 11:20 radələrində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, həmin şöbənin normal fəaliyyətini pozmuşdur. Bundan başqa, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 11:20 radələrində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 14 avqust 2023cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş X9 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 12 avqust 2023-cü il tarixdə Biləsuvar şəhəri ərazisində “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü X1 rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində protokol tərtib edilmişdir. Bundan iki gün sonra, yəni 14 avqust 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin X14 bölməsinin əməkdaşı Mehdi Mehdiyev tərəfindən raport tərtib edilmiş və həmin raport əsasında o da Şəxs barədə inzibati xəta haqqında protool tərtib etmişdir. Belə ki, həmin protokola əsasən Şəxs 14 avqust 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin X14 bölməsinə daxil olmuş və şöbənin inzibati binasında heç bir səbəb olmadan uca səslə mübahisə yaratmağa çalışmış, polis nəfərləri tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu 20 dəqiqə boyunca şöbənin fəaliyyətini pozmuş və polis əməkdaşlarına müqavimət göstərmişdir. Daha sonra həmin şəxs polis nəfərləri tərəfidən tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Bundan sonra araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, Salyan rayonu, Şorsulu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2000-ci ildən 2022-ci ilin əvvəllərinədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin X14 İdarəsinin yol-patrul xidmətində, o cümlədən son bir neçə il yol-patrul xidmətinin Salyan postunda xidmət etmişdir. Buna görə də Biləsuvar rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşlarını, o cümlədən onun barəsində raport tərtib edən Mehdi Mehdiyevi yaxından tanıyır. O, 2021-ci ildə koronavirus pandemiyası zamanı qurulmuş səyyari postda xidmət zamanı qüsurlara yol verdiyinə görə 2022-ci ildə işdən uzaqlaşdırılmışdır. O, bir müddət bundan əvvəl Azərbaycan Respublikası Daxili İşlər nazirinin qəbulunda olmuş və yenidən polis orqanlarına işə qəbul olunmaq üçün müraciət etmişdir. Onun xahişi təmin edilsə də, hələ sağlamlıq müayinəsindən keçmədiyinə görə tam olaraq işə qəbul edilməmişdir. 12 avqust 2023-cü il tarixdə Biləsuvar şəhəri ərazisində “Kamaz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü və onun qonşusu X3 və daha 3 sürücü polis əməkdaşları tərəfindən saxlanaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər və həmin şəxslərdən digər 3 nəfəri buraxılsa da, yalnız onun qonşusu barədə yük daşıma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qonşusunun xahişi və həmin şəxsə kömək etmək məqsədi ilə o, 14 avqust 2023-cü il tarixdə, səhər saatlarında Biləsuvar rayon polis şöbəsinə gəlmiş və həmin şöbənin X14 bölməsinin rəisinin qəbulunda olmuşdur. O, bölmə rəisinə hadisə barədə danışmış və qanşusunun təqsiri olmadığı hallda sonuncu barədə inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Lakin həmin vaxt bölmə rəisi heç bir səbəb olmadan hiddətlənərək onunla sərt şəkildə danışmış və nalayiq ifadələrdən istifadə etmişdir. Bundan sonra o da əsəblərinə hakim ola bilməmiş və bölmə rəisinə cavab qaytarmışdır. Daha sonra yaranan hay-küyə Biləsuvar rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşı Mehdi Mehdiyev gəlmişlər və onun kəmərindən dartaraq ona kobud şəkildə davranmışlar. Lakin o, polis əməkdaşlarının tələblərinə tabesizlik göstərməmiş və polis əməkdaşları ilə birgə müvəqqəti saxlama yerinə könüllü surətdə özü getmişdir. Sonda, Şəxs polis şöbəsində nalayiq ifadələr işlətdiyinə görə peşman olduğunu, “Vətən müharibəsi” iştirakçısı olduğunu və hiayəsində 3 uşağı olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsiri müəyyən edilsə də, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin X14 bölməsinin əməkdaşıdır. O, 14 avqust 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin X14 bölməsinin rəisinin qəbul otağında səs-küy yarandığı üçün otağa daxil olduğu zaman Şəxs bölmə rəisi ilə mübahisə etdiyini və sonuncuya qarşı nalayiq ifadələr istifadə etdiyini görmüşdür. O Şəxs sakitləşdirməyə çalışsa da, sonuncu qanunsuz əməlllərinə davam etmiş və X14 bölməsinin rəisi ilə nalayiq şəkildə mübahisə etməyə, yol-patrul xidməti əməkdaşlarının ünvanın şər-böhtan atmağa davam etmişdir. Buna görə də o, Şəxs növbətçi hissəyə təhvil vermiş və sonuncu barədə raport tərtib etmişdir. Beləliklə, inzibati xəta haqqında işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Şəxs 14 avqust 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin inzibati binasına könüllü şəkildə gəlmişdir. İşdə olan sübutlarla Şəxs Biləsuvar rayon polis şöbəsinin inzibati binasında olduğu zaman polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməsi müəyyən edilməsə də, məhkəmə iclasında dindirilmiş şahidin izahatları ilə təsdiq olunur ki, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 11:20 radələrində, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində, Biləsuvar rayon Polis Şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda, uca səslə nalayiq ifadələr işlədərək, həmin polis şöbəsinin X14 bölməsinin normal fəaliyyətini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi Polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutur. İş materiallarından isə görünür ki, Abıyev X5 rayon polis şöbəsinin X14 bölməsinin rəisinin şəxsi qəbulunda olarkən ictimai qaydanı pozan hərəkətlərə yol versə də, X14 bölməsinin rəisi həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra etməklə məşğul olmamışdır. Belə olan halda, iş materiallarında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlmək üçün kifayət qədər sübut yoxdur. Belə hallar isə məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə şübhəli məqamlar hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla şəxsin təqsirli olmasını şübhə altına alır, sonuncunun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatların formal mülahizələr əsasında tərtib olunmasını, həmin şəxsə istinad edilən polisin qanuni tələbinə tabe olmama əməlinin yalnız formal mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanmasını, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən halların məhkəmə iclasında sübuta yetirilməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını və himayəsində 3 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 14 avqust 2023cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar