Məhkəmə qərarları › İş №3(022)-880/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-880/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-880/2023 01.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1991-ci il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 saylı qətnaməsinə əsasən borclu 03 avqust 2019-cu il tarixli, MAS-1137 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, 03 avqust 2019-cu il tarixli, MAS-1137 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2019-cu il tarixdə istehsal edilmiş, “Khazar Peugeot” markalı, **- PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobilin Şəxs alınaraq Zərərçəkmiş şəxsnə qaytarılması, habelə Şəxs Zərərçəkmiş şəxs xeyrinə 03 avqust 2019cu il tarixli, MAS-1137 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə 04 noyabr 2022-ci il tarixə hesablanmış əsas borc qismində 2.607 manat 45 qəpik, gecikdirilmiş mükafat qismində 542 manat 75 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 80 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi bir hissəsinin qismində 50 manat, cəmi 3.280 manat 20 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclu Şəxs Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 nömrəli icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədini üzürsüz səbəbdən icra etmədiyini hesab edərək, Şəxs barəsində 01 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmədə bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 saylı qətnaməsinə dair icra vərəqəsi 22 may 2023-cü il tarixdə onun icraatına daxil olmuş və o, həmin icra sənədi üzrə icraata başlamışdır. Bundan sonra o, icra sənədinin könüllü icrası ilə bağlı Şəxs yaşadığı ünvana rəsmi bildiriş göndərmişdir. Bundan başqa, o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin digər əməkdaşları ilə birlikdə Şəxs qeydiyyatda olduğu ünvana baxış keçirmiş, həmin vaxt Şəxs ölkə ərazisində olmadığına görə baxışda iştirak etməmişdir. Onlar icra sənədinin predmeti olan “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin qəzalı və istifadəyə yararsız vəziyyətdə Şəxs qeydiyyatda olduğu evin həyətində aşkar etmiş və həmin avtomobili təhvil almaq barədə dəfələrlə telefon vasitəsilə Zərərçəkmiş şəxsnə məlumat vermişlər. Həmin vaxt Şəxs əmisi ona bildirmişdir ki, borclu Şəxs 2023-cü ilin mart ayında ağır yol-nəqliyyat hadisəsi törətdikdən sonra Rusiyaya köçmüşdür. Buna görə də o, icra sənədinin icrası ilə bağlı Şəxs ailə üzvlərinə məlumat vermiş, borclunun Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gəlməsinin vacibliyini bildirmişdir. Şəxs uzun müddət Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi ilə əlaqə saxlamadığına görə o, həmin şəxs barədə axtarış elan etmişdir. Həmin axtarış qərarının icrası qaydasında Şəxs polis əməkdaşları tərəfindən tutularaq bu gün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Şəxs icra sənədini tam və birdəfəlik şəkildə ödəmək imkanının olmadığını, hissə-hissə ödənişlər etmək istədiyini bildirsə də, Zərərçəkmiş şəxs nümayəndləri dəfələrlə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə rəsmi məktublar göndərərək, icra sənədinin tam şəkildə və dərhal icrasını tələb edirlər. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, 2023-cü ilin may ayınadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Baş X3 İdarəsinin Muğan regional X3 şöbəsində böyük inspektor vəzifəsində işləmişdir. O, 2023-cü ilin mart ayında İmişli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi törətdikdən sonra işdə problemləri yaranmış və 2023-cü ilin may ayının əvvəllərində işdən azad edilmişdir. Bundan sonra o, ailəsini dolandırmaq məqsədilə, tanışlarının iş təklifini dəyərləndirərək, 20 may 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, lakin orada özünə müvafiq iş tapmadığına görə 16 iyul 2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Buna görə də o, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 saylı qətnaməsinə dair icra vərəqəsinin Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindəki icraatı barədə məlumatsız olmuşdur. Bununla belə o, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 saylı qətnaməsi barədə xəbərdar olduğu üçün borcu barədə məlumatı olmuşdur. Buna görə və ailəsini dolandırmaq məqsədilə o, icarəyə avtomaşın götürərək, taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Lakin qısa müddət sonra ona məlum olmuşdur ki, o, yol-hərəkəti qaydalarını pozmağa görə barəsində tətbiq olunmuş 10 manat məbləğində inzibati cəriməni ödəmədiyi üçün, ölkədə olmadığı dövrdə, onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomaşın idarə etdiyinə görə, barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Onun isə həmin cəriməni ödəməyə maddi imkanı olmadığı üçün taksi avtomaşını da idarə etməyi dayandırmışdır. Hazırda maddi vəziyyəti olduqca ağırdır və heç bir işi yoxdur. Buna görə də o, fəhləlik etməklə həm ailəsini dolandırmaq, həm də icra sənədi üzrə hər ay təxminən 70-80 manat ödəniş etmək istəyir. Tələbkar Zərərçəkmiş şəxs vəzifəli şəxsləri 3.280 manat 20 qəpik məbləğində borcun tam və birdəfəlik ödənilməsini tələb etsələr də, onun həmin pul vəsaitini ödəmək imkanı yoxdur. “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobil isə onun yaşadığı evin həyətindədir və o, həmin avtomaşını Zərərçəkmiş şəxsnə qaytarmağa hazır olsa da, tələbkarın nümayəndələri hal-hazıradək gəlib avtomobili götürməyiblər. Sonda, Şəxs barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin icra 05 may 2023-cü il tarixli icra sənədi icra məmuru tərəfindən 22 may 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclunun ünvanına göndərilməsi üçün bildiriş tərtib olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə edilmiş sorğu üzrə sərhədkeçmə barədə portaldan çıxarışdan görünür ki, Şəxs 20 may 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhəri istiqamətində çıxış etmiş və 16 iyul 2023-cü il tarixdə həmin istiqamətdən Azərbaycan Respublikasına giriş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 nömrəli icra sənədini tam icra etməmiş borclu Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)-140/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs həmin icra sənədinin icra məmurunun icraatına qəbul edildiyi vaxt Azərbaycan Respublikasının ərazisində olmamış və yalnız 16 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan sonra isə icra məmurunun Şəxs icra sənədinin icrası ilə bağlı hər hansı tələblər irəli sürməsi işdə olan sübutlarla təsdiq olunmur. Bundan başqa, icra sənədinin Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin Şəxs alınaraq Zərərçəkmiş şəxsnə qaytarılması hissəsinin icrası ilə bağlı hər hansı maneə yoxdur, borclu Şəxs həmin avtomaşını könüllü olaraq tələbkara qaytarmağa razı olsa da, tələbkar müəssisənin əməkdaşlarının həmin avtomaşını hansı səbəbdən qəbul etməməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Həmçinin inzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, Şəxs hal-hazırda heç yerdə işləmir, hər hansı qazancı və ya əmlakı yoxdur. Lakin icra məmuru Şəxs icra sənədi üzrə 3.280 manat 20 qəpik məbləğində borcun tam və birdəfəlik ödənilməsini təmin etmədiyinə görə həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(022)- 140/2023 nömrəli icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən, habelə maddi və əmlak vəziyyəti tam yoxlanılmadan, yəni qəsdin mövcudluğu araşdırılmadan icra sənədini qərəzli şəkildə icra etməməsi əsası ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Halbuki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olubolmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» 04 sentyabr 2018-ci il tarixli qərarında və Avropa İnsan Hüquqları Məhkəməsinin “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdikləri hüquqi mövqeyi, habelə İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinin və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiyasının və inzibati xətalar qanunvericiliyinin təqsirsizlik prezumpsiyası barədə müddəalarını əsas tutataq hesab edirəm ki, dövlət mülki dövriyyə iştirakçılarının öz aralarında bağladıqları və şərtlərini sərbəst şəkildə müəyyənləşdirdikləri müqavilələrdən irəli gələn münasibətlərə, yalnız tərəflər arasında mübahisə yarandıqda və ya tərəflərdən biri müqavilə öhdəliklərinin icrasından vicdansızcasına boyun qaçırdıqda, ədalət mühakiməsini həyata keçirməklə, həqiqəti müəyyən etmək və pozulmuş hüquqları müdafiə və ya bərpa etmək məqsədilə müdaxilə etsə də, tərəflərin müqavilə öhdəliklərinin icrasına görə məsuliyyət daşımır və həbs təhdidi altında müqavilə öhdəliklərini icra etdirməyə borclu deyildir. Müqavilə münasibətlərindən irəli gələn mübahisə üzrə çıxarılmış məhkəmə aktını icra etməyən tərəf, həmin icra sənədini özünün çətin maliyyə vəziyyətinə görə icra edə bilmədiyini sübut etməyə borclu deyildir. Əksinə, dövlətin adından hərəkət edən icra məmuru, borclunun maliyyə vəziyyətinin icra sənədini icra etməyə imkan verdiyini, lakin borclunun icra məmurunun qanuni tələblərini icrasından boyun qaçırmaqla, habelə gəlirlərini və sair əmlakını gizlətməklə məhkəmə qərarının icrasına vicdansızcasına maneçilik törətdiyini, icra məmurunun qanuni tələblərini icra etməyən borclunun hərəkətlərində qəsdin məhkəmə aktının icrasından boyun qaçırmağa yönəldiyini sübut etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar