Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-883/2023 06.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nəsirov Elvin Firudin oğlunun, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Hüseynov Səməd Qılınc oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, boşanmış, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(022)-240/2022 nömrəli icra sənədinə əsasən Şəxs 07 may 2012-ci il tarixdə anadan olmuş Ağazadə Əli Nahim oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 120 manat, yəni minimum əmək haqqı məbləğinin 0,4 misli miqdarında sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 06 sentybar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nəsirov Elvin Firudin oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədləri icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, Şəxs izahatlarında maddi imkanın aşağı olduğunu və hər ay aliment borcundan əlavə 50-60 manat məbləğində aliment ödəməyə maddi gücünün çatdığını bildirmişdir. Bununla belə borclu uzun müddətdir ki, borcunu ödəməkdən yayınır. Tələbkar isə həmin borcun ödənilməsi ilə başlı şikayətlər vermişdir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclunun aliment borcu 1.530 manat təşkil edir və sonuncu qalıq aliment borcunu hissə-hissə ödəyəcəyini yenə də vəd etsə də, həmin borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığınə göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(022)-240/2022 nömrəli qətnaməsinə əsasənda ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş və hal-hazıradək ümumilikdə 1.530 manat aliment borcu yaranmışdır. Belə ki, o, hazırda heç bir yerdə işləmir və onun maddi vəziyyəti aşağı olduğu üçün hər ay 120 manat deyil, 50-60 manat məbləğində aliment ödəməyə qadirdir. Bununla belə o, Zərərçəkmiş şəxs olan qalıq aliment borcunu hissə-hissə ödəməyə razıdır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkarın nümayəndəsi Hüseynov Səməd Qılınc oğlu məhkəmədə göstərdi ki, mülki işə məhkəmədə baxıldığı vaxt Şəxs hər ay 120 manat məbləğində aliment ödəyəcəyini vəd etdiyinə görə iddiaçı aliment tələbini azaltmış və məhkəmə Şəxs Zərərçəkmiş şəxs xeyrinə 1 uşağın saxlanması üçün hər ay 120 manat aliment tutulmasını qət etmişdir. Şəxs fərdi əməklə məşğul olub kifayət qədər qazanc əldə etsə də, azyaşlı uşağının saxlanması üçün ötən ilyarım ərzində hissə-hissə cəmi 500 manata yaxın ödəniş etmişdir. Şəxs bu müddətdə uşağını görmək üçün heç bir təşəbbüs göstərməməsi həmin şəxsin övladına qarşı münasibətini ifadə edir. Sonda S.Q.Hüseynov Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(022)-240/2022 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 26 may 2022-ci il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 06 sentyabr 2023-cü il tarixdən, saat 12:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-883/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-883/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver