Məhkəmə qərarları › İş №3(022)-883/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-883/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-883/2024 25.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar rayonu Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 övladı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-433/2019 saylı, 29 aprel 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 3030 manat pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə, Şirvan Kommersiya Məhkəməsinin Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-2-2(121)-1100/2024 saylı icra sənədinə əsasən 5783 manat pul tutularaq “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, Biləsuvar Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(022)-635/2024 saylı icra sənədinə əsasən 1802 manat 09 qəpik pul pul tutularaq Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclunun icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi səbəbindən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində 25 sentyabr 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Şəxs Biləsuvar Rayon Məhkəməsinin 2(022)-433/2019 saylı, 29 aprel 2019cu il tarixli icra sənədinə əsasən 3030 manat pul tutularaq Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə, Şirvan Kommersiya Məhkəməsinin Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-2-2(121)-1100/2024 saylı icra sənədinə əsasən 5783 manat pul tutularaq “X6 Kompleksi” MMC-nin, xeyrinə, Biləsuvar Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(022)-635/2024 saylı icra sənədinə əsasən 1802 manat 09 qəpik pul pul tutularaq Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, İcra sənədləri Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra 24 iyul 2019-cu il tarixdə, 10 iyul 2024-cü il tarixdə, 15 iytul 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Şəxs həmin icra sənədlərinin icrasına dair bildiriş göndərilmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, ödəniş etməməsinə səbəb maddi imkanının olmadığına görədir. Müxtəlif vaxtlarda ödənişlər etmişdir. Hal-hazırdada mütəmadi olaraq ödənişlər edir. Qalan məbləği isə hər ay ödəcəyi barədə bildirərək, əlavə 100 manat ödəniş etmək məqsədilə ona lazımi şərait yaradılaraq məhkəmə iclasında fasilə elan edilməsini, həmçinin barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında həmin tələbkar cəmiyyətə olan borcu üzrə icra sənədinə dair ödəniş etməsi üçün şərait yaradılaraq vaxt verilməsinə etiraz etmədiyini bildirmişdir. Sonda, Ş.Ə.Əliyev Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə digər tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə digərtələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-433/2019 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il qərarı ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1100/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixli qərarı ilə, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-635/2024 saylı icra sənədlərinə əsasən icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. İnzibati xəta haqqında 25 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokola əsasən Həsənov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-433/2019 saylı icra sənədinə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1100/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(022)-635/2024 saylı icra sənədlərinə əsasən ümumilikdə 10615.09 manat borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun: 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı: Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş, eləcə də icra işində olan sənədlərlə Şəxs hazırkı günədək müəyyən qədər ödəniş etməsi, hazırda işsiz olması səbəbindən daha yüksək məbləğdə olan öhdəliyi icra etmək iqtidarında olmaması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, hissəvi olmaqla ödənişlər həyata keçirdiyi, sonuncu ödənişi isə sentyabr ayında, daha sonra isə məhkəmə iclasında elan edilmiş fasilə zamanı 100 manat məbləğində icra etdiyi müəyyən olunmuşdur. Göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən beş aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə hesab edir ki, Şəxs onun maddi imkansızlığı səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh qismində inzibati cərimənin tətbiqi, onsuzda pul öhdəliyi olan şəxsin əlavə məbləğ ilə öhdəliyini artıraraq vəziyyətinin çətinləşdirilməsinə səbəb olacaq bu isə icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsini daha da çətinləşdirirərək gələcəkdə barəsində hər hansı tədbirin görülməsi zamanı ağırlaşdırıcı hal qismində nəzərə alınması ilə nəticələncəkdir. Eləcə də məhkəmə hesab edir ki, Şəxs onun maddi imkansızlığı səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh qismində inzibati həbsin tətbiq edilməsi həm “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinin, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun tələblərini kobud surətdə pozaraq şəxs barəsində ədalətsiz məhkəmə qərarın qəbul edilməsi ilə nəticələnəcəkdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar