Məhkəmə qərarları › İş №3(022)-885/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-885/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-885/2024 21.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş – “Zəvvar” OT sahə müfəttişi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1985-cı il tarixdə Biləsuvar rayonu, Ovçubərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunumş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04 sentyabr 2024-cü il tarixdə Şirvan Milli Parkının X1 Cəlilabad rayon ərazisində qanunsuz ov edərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində “Zəvvar” OT sahə müfəttişi X3 tərəfindən 05 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatları: “Zəvvar” OT sahə müfəttişi X3 qeyd etmişdir ki, Şəxs həmin tarixdə Şirvan Milli Parkının X1 Cəlilabad rayon ərazisində yerləşən “Seyidlər gölü” adlanan yerdə gecə saat 01.15 radələrində qanunsuz ov edərkən aşkarlanmışdır. Şəxs qanuni tələblərə əməl etməyərək üzərində olan ov silahını təqdim etməkdən imtina edərək əlindəki qayıq sürmək üçün istifadə etdiyi ağacla ona məxsus olan qayığı sürərək oradan uzaqlaşmağa müvəffəq olmuşdur. Daha sonra şəxslə telefon vasitəsilə əlaqə saxlanılmış və o bildirmişdir ki, həmin əraziyə istirahət etmək üçün gəlmiş və heç bir quş ovlamamışdır. Həmin ərazidən Şəxs məxsus iki ədəd elektron quşçıxaran aparat aşkar edilərək götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində tərəfindən 05 sentyabr 2024cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunaraq aidiyyatı üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Ş.S.Əzimov inzibati xəta törətmiş şəxs barəsində hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. 04 sentyabr 2024-cü il tarixdə Şirvan Milli Parkının X1 Cəlilabad rayonda yerləşən “Seyidlər gölü” ərazisində istirahət etməyə getdiyini və heç bir quş ovlamadığını bildirmişdir. Əməlindən peşmandır. Əvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb edilməyib. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: 04 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının X1 AA seriyalı 003043 saylı Aktına brokonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən növbəti xidməti reyd zamanı təsərrüfatın “Seyidlər gölü” adlanan ərazisində qanunsuz ovla məşğul olan Şəxs saxlanılmış, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən olunmuşdur. 05 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokola əsasən Şəxs 04 sentyabr 2024-cü il tarixdə Şirvan Milli Parkının X1 Cəlilabad rayon ərazisində qanunsuz ov edərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs 05 sentyabr 2024-cü il tarixli izahatından görünür ki, 04 avqust 2024-cü il tarixdə, saat 01:00 radələrində Şirvan Milli Parkının X1 Cəlilabad rayon ərazisində yeni ov edərkən ekologiya əməkdaşları arxadan qəfil yaxınlaşdıqları üçün qorxub qayığı sürərək uzaqlaşmışdır. Səhəri gün biləndəm sonra ki, onlar ekologiya əməkdaşlarıdır, özü zəng vuraraq onlarla əlaqə saxlamışdır və sənədlərini gətirib təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarına əsasən: İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həm ov etmək hüququna malik ovçular, həm də belə hüququ olmayan şəxslər qeyd olunan xətanın subyekti qismində çıxış edə bilərlər. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-ci maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməməsi, onun inzibati tənbehdən yayınmaq məqsədi kimi qiymətləndirilir. Belə ki, həm məhkəmə iclasında protokol tərtib etmiş şəxsin izahatı ilə, həm də inzibati xəta haqqında toplanmış materiallara əlavə edilmiş sənədlərlə, eləcə də inzibati xətanın aşkar edildiyi yer üzrə çəkilmiş fotoşəkillərlə şəxsin inzibati xətanı törətməsi tamamilə sübut olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində ovçuluq hüququnu məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, ovçuluq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar