Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-885/2025 02.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən 20 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.11-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş inzibati material Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə göndərilmiş materiala Şəxs onun barəsində inzibati xəta haqqında icraata başlanılacağı barədə bildirişin göndərilməsi barədə hər hansı təsdiqedici məlumat əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs, barəsində inzibati qaydada icraatın aparılmasından məlumatı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsində inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinin 1-3-cü bəndlərinə ardıcıl olaraq riayət olunması ilə bağlı heç bir sənəd inzibati xəta haqqında materialda öz əksini tapmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş şəxs inzibati materiala Şəxs idarə etdiyi dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanmağa qəbul edilməsi barədə qərar və bu barədə Şəxs məlumat verilməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tətbiq olunmuş cərimənin ödənilməsi məqsədilə onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmağa qəbul edilmiş olsaydı, onun tərəfindən inzibati xəta haqqında qərarın icra edilməsi ehtimalı da yüksəlmiş olardı. Lakin göründüyü kimi 20 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxs tərəfindən qeyd olunan tələblərə əməl edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati xətalar haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş 20 sentyabr 2025-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-885/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-885/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver