Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-887/2024 22.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Naxçıvan Muxtar Respublikası, Babək rayonunun, Cəhri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin iyul ayında İran İslam Respublikasının Culfa şəhərində olduğu zaman orada yerləşən mağazlardan birindən əldə etdiyi az miqdarda, yəni ümumilikdə 550 manat dəyərində 220 qutu “X1” markalı siqareti malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mersedes Benz” markalı, **-UM-***/**-ZA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabininin yataq yerinin altında və mühərrikin alt qoruyucu plastikinin üzərində yerləşdirməklə 28 iyul 2024-cü il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazidində yerləşən Rəsmləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gözlətməklə keçirmişdir. Buna görə də Şəxs barəsində 16 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki, o, xx xxxxxx 1963cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun, Cəhri kəndində anadan olmuş və hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində, yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, dolanışığını sürücülük fəaliyyəti ilə məşğul olmaqla təmin edir. Otuz ildən artıq müddətdir ki, yük daşıma fəaliyyəti ilə məşğul olur. 22 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə “Sirab” yükü aparmaq məqsədi ilə idarə etdiyi “Mercedes Benz” markalı, 90UM376/99ZA878 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yola düşmüşdür. İran İslam Respublikasının Culfa şəhərində olan zaman orada yerləşən ərzaq dükanlarının birindən həm şəxsi istifadəsi üçün, həm də oğullarına vermək üçün 24 blok “Milano” markalı siqaret almışdır. Yolda olarkən parklanma yerlərinin birində dayanaraq siqaretlərin iki blokunu nəqliyyat vasitəsinin kabinində yataq yerinin altında, 20 blokunu isə mühərrikin alt qoruyucu plastikinin üzərində gizlətdi. Yerdə qalan iki blokunu isə özündə saxlamışdır. 28 iyul 2024-cü il tarixdə gecə saatlarında Biləsuvar Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Burada olan zaman gömrük əməkdaşı onunla şifahi şəkildə sorğusual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan edilməli hər-hansı predmetin olub-olmaması barədə soruşdu. O isə idarə etdiyi nəqliyyat vasitəsində iki blok “Milano” markalı siqaretin olduğunu bildirərək onları gömrük əməkdaşına təqdim etmiş və bundan başqa gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan edilməli hər-hansı predmetin olmadığını bildirmişdir. Gömrük əməkdaşı həmin siqaretlərin bir blokunu ona qaytardılar, digər bir blokunu isə müvəqqəti saxlanc anbarına yerləşdirdilər. Daha sonra idarə etdiyi “Mercedes Benz” markalı, 90UM376/99ZA878 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməsi məqsədi ilə gömrük əməkdaşı tərəfindən rentgen qurğusuna göndərildi. Rentgen qurğusunda baxış keçirildikdən sonra nəqliyyat vasitəsi təkrar yoxlama cəlb edildi. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabində yataq yerinin altından və mühərrikin alt qorucu plastikinin üzərindən gömrük nəzarətindən gizlətdiyi 22 blok “Milano” markalı siqaretlər aşkar edildi. Sonda gömrük yoxlaması zamanı aşkar edilmiş 22 blok “Milano” markalı siqaretlər gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq protokol əsasında götürüldü. Sonda Şəxs əməlindən peşman olduğunu, bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək barəsində ədalətli qərara qəbul ediməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Gəstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 28 iyul 2024-cü il tarixdə, Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mersedes Benz” markalı, **-UM-***/**-ZA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük nəzarəti qaydasında, tütün məmulatlarının axtarışı zamanı aşkar edilmiş, aksiz markası ilə markalanmayan gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 170 qutu üzərində “X1” yazısı olan ağ rəngli, 50 qutu üzərində “X1” yazısı olan qara rəngli siqaretlər aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 avqust 2024-cü il tarixli, 3-7/1250-9/6211 nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 170 qutu “X1” markalı (ağ), ştrix koduna görə (ilk üç rəqəmi 815) İtaliya İstehsalı olan 1 qutusunun qiyməti 2.50 manat olan 170 qutu, aksiz markası olmayan 50 qutu “X1” markalı (qara), ştrix koduna görə (ilk üç rəqəmi 815) İtaliya İstehsalı olan 1 qutusunun qiyməti 2.50 manat olan 50 qutu siqaretlər istifadəyə yararlıdırlar və həmin tütün məmulatlarının 23 avqust 2024-cü il tarixə olan orta bazar qiyməti ümumilikdə 550 manatdır. Tədqiqata təqdim edilmiş “X1“ markalı siqaretlərdən 13 qutu tədqiqata sərf edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 05 sentyabr 150S/2024 nömrəli aktından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 207 qutu “X1” markalı siqaret araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213- 1.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində toplanmı 3-33/1-036549/2024 nömrəli materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkibi olması səbəbindən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar və zəruri sənədlərin surəti aidiyyatı üzrə təhqiqat orqanına göndərilmişdir. “İnzibati xəta haqqında” 16 sentyabr 2024-cü il tarixli 10000-00088/24 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin iyul ayında İran İslam Respublikasının Culfa şəhərində olduğu zaman orada yerləşən mağazlardan birindən əldə etdiyi az miqdarda, yəni ümumilikdə 550 manat dəyərində 220 qutu “X1” markalı siqareti malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mersedes Benz” markalı, **-UM-***/**-ZA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabininin yataq yerinin altında və mühərrikin alt qoruyucu plastikinin üzərində yerləşdirməklə 28 iyul 2024-cü il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazidində yerləşən Rəsmləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gözlətməklə keçirmişdir. Bununla da Şəxs barəsində 16 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 16 sentyabr 2024-cü il tarixli 10000/00052 nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində tərtib olunmuş “İnzibati xəta haqqında” 16 sentyabr 2024-cü il tarixli 10000-00088/24 nömrəli protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlindən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 550 (beş yüz əlli) manat malların dəyərinin 40 (qırx) faizi miqdarında – 220 (iki yüz iyirmi) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-887/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-887/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver