Məhkəmə qərarları › İş №3(022)-889/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-889/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-889/2024 01.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Biləsuvar Rayon Polis X3 Polis İdarəsinin inzibati təcrübə üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* saylı, 30 sentyabr 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 09 avqust 2024-cü il tarixdə saat 06:15 radələrində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “X6” markalı, 99PY378 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Biləsuvar rayonu Nəsimi kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək su kanalına aşıraraq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon Polis X3 Polis İdarəsinin inzibati təcrübə üzrə baş inspektoru X2 göstərdi ki, Şəxs 09 avqust 2024-cü il tarixdə saat 06:15 radələrində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Toyota” markalı, 99PY378 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Biləsuvar rayonu Nəsimi kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək su kanalına aşıraraq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Ə.M.Məmmədov məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o Biləsuvar rayonu Nəsimi kəndi ərazisində yerləşən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü olaraq işləyir. 09 avqust 2024-cü il tarixdə saat 06:30 radələrində şirkətin giriş hissəsində postda dayanan zaman ərazidə yerləşən yataqxananın yaxınlığında dayanmış Cavid adlı iş yoldaşının üzərinə sahibsiz itin hücum etməsini və sonuncunu yerə yıxılmasını görmüş, dərhal Cavidə doğru qaçaraq, itin boyun hissəsindən tutmuş Caviddən uzaqlaşdırmışdır. Cavid yerdən qalxan zaman hər iki ayağının və əlinin qana bulaşmasını görmüşdür. Kömək üçün səslənmiş, heç kim cavab vermədiyi üçün şirkətin həyətində olan “Toyota” markalı avtomobillə Cavidi yaşadığı Biləsuvar rayonu Nəsimi kəndinə aparmaq qərarına gəlmişdir. Belə ki, həmin avtomobil həmişə şirkətin həyətində olur və işçilər avtomobildən istifadə edirlər. Bu səbəbdən o Cavidi avtomobilə mindirmiş və hərəkətə başlamışdır. Biləsuvar rayonu Nəsimi kəndində çöl ərazisində hərəkətdə olan zaman Cavidin halı pisləşdiyi üçün sonuncuya baxan zaman idarəetməni itirmiş və idarə etdiyi “Toyota” markalı avtomobili yol kənarında olan su kanalına aşırmışdır. Qəza nəticəsində avtomobilin qabaq sol hissəsi kanala düşmüş və zədələnmişdir. Özü isə müxtəlif bədən xəsarətləri alçışdır. Bundan təxminən 10-15 dəqiqə sonra Natiq adlı iş yoldaşı öz avtomobili ilə hadisə yerinə gəlmiş, onu və Cavidi Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Onun avtomobil idarə etməyə icazə verən sürücülük vəsiqəsi yoxdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Ailəlidir, iki övladı vardır. Şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şahid Zərərçəkmiş şəxs2 Əfrayıl oğlu bildirmişdir ki, o Biləsuvar rayonu Nəsimi kəndi ərazisində yerləşən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində gözətçi olaraq işləyir. 09 avqust 2024-cü il tarixdə saat 06:30 radələrində ərazidə yerləşən yataqxananın yaxınlığında dayandığı zaman üzərinə sahibsiz it hücum etmişdir. Şəxs ona kömək edərək şirkətin həyətində olan “Toyota” markalı avtomobillə onu Biləsuvar rayonu Nəsimi kəndinə aparmaq qərarına gəlmişdir. Biləsuvar rayonu Nəsimi kəndində çöl ərazisində hərəkətdə olan zaman onun halı pisləşdiyi üçün sonuncuya baxan zaman Şəxs idarəetməni itirmiş və idarə etdiyi “Toyota” markalı avtomobili yol kənarında olan su kanalına aşırmışdır. Bundan təxminən 10-15 dəqiqə sonra Natiq adlı iş yoldaşı öz avtomobili ilə hadisə yerinə gəlmiş, onu və Şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin AEN seriyalı, 109093 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Hilux” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. 09 avqust 2024-cü il tarixli 878 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs həmin tarixdə sərxoş vəziyyətdə olmamışdır. Biləsuvar Rayon Polis İdarəsi X7 Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs sürücülük hüququnun olub-olmaması X7 Şöbəsinin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, onun avtomobili idarə etmək üçün sürücülük hüququnu müəyyən edən sənədi olmamışdır. “Avtomobilə görüləcək işlərin hesablanmasına dair” ziyan aktından görünür ki, “Toyota Hilux” markalı, 99PY378 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin bazar qiyməti 7985 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 7985 manatdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, şahidi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-ci maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar