Məhkəmə qərarları › İş №3(022)-9/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-9/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-9/2024 07.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 05 may 1993-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 39, mənzil 59-da yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,466 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 06 yanvar 2024-cü il tarixdə, saat 00:30-da idarə etdiyi “Kia Rio” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” marketin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 05 yanvar 2023-cü il tarixdə Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Bəydili kəndində idarə etdiyi “Kia Rio” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş və təxminən 10 dəqiqə sonra, 06 yanvar 2024-cü il traixdə, saat 00:30-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” marketin yaxınlığında hərəkətdə olduğu vaxt saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibat binasında videoçəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxsin üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin təhqiqatçısı X3 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, 05 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, “Sədərək” ticarət mərkəzində olduğu zaman yerdən bükülü tapmış və həmin bükümü açıb baxdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükülünü sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra o, həmin gün axşam saatlarında Bakı şəhərindən Cəlilabad rayonuna gəlmək məqsədi ilə yola çıxmış və 06 yanvar 2024-cü il tarixdə, saat 00:30-da idarə etdiyi “Kia Rio” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” marketin yaxınlığında hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu və himayəsində 2 azyaşlı uşağı olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 19/09 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,466 qram olan bitki mənşəli kütlə tərkibinda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,416 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan – 06 yanvar 2024-cü il, saat 00:40-dan hesablanmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,416 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 22 (iyirmi iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs müddətinin əvvəli 06 yanvar 2024-cü il, saat 00:40-dan hesablansın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,416 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar